Prezident İlham Əliyev qarşıdan gələn Müstəqillik Günündə dirçələn Ağalı kəndində bu görüşün böyük rəmzi mənası olduğunu söylədi. Bildirdi ki, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşını ölkəmizin dövlət müstəqilliyinin möhkəm, əsaslı və xalqımızın xoşbəxtliyi üçün əsas amil olduğuna əmindir.
Doğrudur, 104 il bundan əvvəl Azərbaycan Rusiya imperiyasının müstəmləkə asılılığından çıxaraq öz müstəqilliyini elan etmiş, milli dövlətçilik yolunda ilk addımlarını atmışdır, amma o dövrün reallıqları Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət yaşamasına imkan vermədi. Cəmi iki il mövcudluğu dövründə AXC imperialist qüvvələrin və bolşevik-daşnak təcavüzkarlarının Azərbaycana qarşı apardığı siyasət nəticəsində süquta uğradı.
Prezident İlham Əliyev: "... o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır."
XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmiş, həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qalmışdır. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilməmişdi.
Dövlət başçısı qeyd etdi ki, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Təəssüflər olsun ki, müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra təxminən eyni taleyi yaşamalı oldu. 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüzkarlıq əməllərini həyata keçirdi və müstəqillik elan olunandan dörd ay sonra xalqımıza qarşı Xocalı soyqırımını törətdi. Ondan üç ay keçəndən sonra Şuşa, Laçın, 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu. Bununla da Ermənistanla Qarabağ arasında canlı bağlantı yaradıldı.
Prezident İlham Əliyev bildirdi ki, müstəqillik, əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət aparan ölkə müstəqil sayılır. Azərbaycanda əsl müstəqillik həyatımız 1993-cü ildə xalqın ulu öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır.
Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil olması, heç bir yardıma, kreditə ehtiyacı olmaması faktı da göstərir ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.
Dövlət başçısı İlham Əliyev: "Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır."
Respublika Prezidenti iyirmi il bundan əvvəl dediyi bir fikri bu dəfə də xatırlatdı. Dedi ki, bu gün güc amili ön plandadır. Bundan sonra da güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq.
Erməni işğalına son qoymağımız da müstəqilliyimizə bağlıdır. 44 günlük müharibədə Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.
Prezident İlham Əliyev: "44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq. Biz ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz Ermənistandan fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Bizim təfəkkürümüz, bizim adət-ənənələrimiz və dədə-babalardan qalan miras bunu qoymaz. Bütün dünya bunu gördü ki, azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular, öz vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini müharibədən sonra siyasi yollarla həll etdilər. Biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub."
Dövlətimiz Ermənistanla sərhədlərimiz müəyyən olunmasına xsusi diqqət və ciddiliklə yanaşır. Çünki sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var
Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı daha bir vacib məsələ kimi Zəngəzur dəhlizinin açılmasını qeyd etdi. Bildirdi ki, Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışsa da istəyinə çata bilmir. Brüssel görüşünün rəsmi açıqlamasında həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub.
Ermənistanla görüşlərdə gündəliyi diktə edən Azərbaycan irəli sürdüyü 5 prinsipin sülh müqaviləsinin əsasını təşkil etməsində qərarlıdır. Ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyən olunması, hər kəs öz ölkəsində yaşaması və bir-birinin işinə qarışmaması, bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.
Prezident İlham Əliyev: "O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına- istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz."
Dövlət başçısı ermənilərin Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Qarabağda yerləşdirilməsi tarixini də xatırlatdı: "Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı."
Respublika Prezidenti çıxışında qürurla, iftixar hissilə bildirdi ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.
Artıq “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər- “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.
Dövlət başçısı gənclərin də öz dədə-baba yurduna qayıtmağa çox həvəsli olmasını ürəkdən alqışladı: "Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin."
İşğaldan azad edilmiş torpaqlarımızda minatəmizləmə işləri bitdikdən sonra əhali həmin ərazilərdə rahatlıqla məskunlaşa biləcəklər.
Dövlət başçısı İlham Əliyev: "Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq."