Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısı ona böyük etimad göstərildiyini qeyd edib və xüsusi nümayəndəyə bu etimadı öz işi ilə doğrultmağı arzulayıb.
Prezident İlham Əliyev qəbulda çıxışı zamanı Ermənistan işğalçı qüvvələrinin Zəngilan rayonunda törətdikləri vəhşiliklərə diqqət çəkib. Bildirib ki, Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan- erməni faşizmindən xilas etmişdir.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq."- deyən Prezident Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Ölkə başçısı çıxışında xalqımız və dövlətimiz üçün çox mühüm bir məsələyə də toxunub. Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması ilə bağlı reallaşdırılacaq planlardan da söz açıb: "Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq- təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf."
Dövlət başçısı Zəngilan rayonunda böyük infrastruktur layihələri icrası ilə bağlı danışarkən, Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu xüsusi vurğulayıb. Bildirib ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilanbeynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.
-Bu da işğal dövründə Ermənistan rəhbərliyinin Ermənistandan Cəbrayıla yol çəkmək istəyinin gözlərində qalması deməkdir.
Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət çəkilən yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Prezident İlham Əliyev çıxışında digər bir önəmli məsələyə də diqqət çəkib- əhalinin məşğulluğu məsələsi. Bu məsələnin Ağalı kəndində həll olunmaq üzrə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır.
Prezident İlham Əliyev çıxışında Zəngilan rayonu üçün məşğulluqla bərabər, iqtisadiyyatın əsas hissələrindən biri olan kənd təsərrüfatı ilə bağlı planlardan da söz açıb: "Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir."
Respublika Prezidenti azad edilmiş torpaqlarda dövlətimizin reallaşdıracağı planlar sırasında ərzaq təhlükəsizliyini ön plana çəkib: "Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir."
Azad edilmiş torpaqların təbii iqlimi və coğrafiyası imkan verəcək ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olunsun. Keçən il təməli qoyulan “DOST Aqropark” kimi obyektlərin azad edilmiş torpaqlarda sayının artırılması heyvandarlıq sahəsində nəzərdə tutulan vəzifələri həyata keçirməyə imkan verəcək.
İşğaldan azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilməsi cəmiyyətdə böyük rezonans doğurur, böyük coğşqu ilə qarşılanır. Prezident İlham Əliyev azad edilmiş bütün torpaqlarda görüləcək işlərin hamısının baş planlar əsasında olmasının vacibliyini bildirib: "Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacaq."
Ölkə başçısı Ermənistanın işğal dövründə həmin ərazilərdəki torpaqlarımızın ekologiyasına da vurduğu böyük zərərdən danışarkən əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edildiyini qeyd edib. Xüsusilə də Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesini xüsusi vurğulayıb. Bunları Ermənistanın ekoloji terroru olduğunu deyib: "Ermənistanın işğal dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu iki ifadə ön planda olmalıdır- vəhşilik və talançılıq."
Bütün bu vəhşiliklərə görə İrəvan hakimiyyəti beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaq.
Dövlət başçısı Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı rayonun turizm potensialından da söz açıb: "Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Yəni, burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq edilməlidir, bütün sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm. Amma bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın."