Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibə verib


Dövlət başçısı İlham Əliyevin prezidentliyinin 18-ci ilində Gəncə şəhərinə 18-ci səfəri həm bu şəhərin ölkəmiz üçün əhəmiyyəti, həm də bir sıra layihələrin məhz Gəncə şəhəri ilə əlaqədar olması ilə bağlıdır. Bu gün Gəncədə aparılan ölkə əhəmiyyətli quruculuq işləri, infrastruktur layihələri şəhərin regionda xüsusi mövqeyə sahib olduğunu göstərir.

Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsidə də son illərdə Gəncədə icra edilən layihələrin böyük əksəriyyətinin öz həllini tapdığını bildirib: “Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır.”

Qazlaşdırma layihəsinin tam başa çatdırıldığını qeyd edən ölkə rəhbəri icra edilən içməli su layihəsindən də söz açıb. Qeyd edib ki, təqribən 800 milyon manat dəyərində olan bir layihə reallaşdırıldıqdan sonra Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.
Prezident İlham Əliyev: “Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.”

Gəncəyə Bakıdan dəmir yolu xəttinin tam modernləşdirilməsi Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçası olmaqla bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulub.

Cənab Prezident İlham Əliyev Gəncədə həyata keçirilən əsas infrastruktur layihələrdən danışarkən səhiyyə və təhsil sahəsində həyata keçirilən işləri də xüsusi vurğulayıb: “...İndi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi.”

Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açılmasını Gəncə şəhərinin mədəni həyatına böyük töhfə adlandıran dövlət başçısı Dram Teatrının da möhtəşəmliyini, orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradıldığını qeyd edib. Bütün bunlar Gəncənin mədəni həyatını daha da zənginləşdirir.

Gəncənin hərtərəfli inkişafı ilə bağlı görülən işlər, o cümlədən yenidən qurulan parklar, xiyabanlar, istirahət və əyləncə zonaları əlbəttə ki, düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır. Respublika Prezidenti İlham Əliyev müsahibə zamanı Daşkəsən rayonunda dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmasında da Gəncənin oynayacağı rolu xüsusi qeyd edib.
İnşa olunan yeni obyektlər Gəncənin inkişafı və şəhərin sosial problemlərinin həllində əhəmiyyətli rol oynayır.
Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılması şəhər sakinlərinə müasir xidmətin göstərilməsi ilə yanaşı, həm də xidmətin şəffaflığını təmin etmiş oldu.

İnşa olunan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır. Bu da dövlət başçısının gəncəlilərə etdiyi daha bir hədiyyədir.
Gəncə şəhərinin strateji əhəmiyyətindən danışanda, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin və gəncəlilərin erməni faşizminə qarşı göstərdikləri mübarizəni və qəhramanlığı xüsusilə qeyd etməliyik. Belə ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi.

Prezident İlham Əliyev: “Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.”

Təqribən dörd hektarda yaradılacaq Memorial Kompleks bu erməni vəhşiliyini unutmamaq, yaddaşlarda yaşatmaq üçündür. Layihədə dağıdılmış binaların olduğu kimi saxlamaq nəzərdə tutulub.
Amma erməni xisləti hələ də özünü göstərməkdədir. Cəllad Njdeyə Ermənistanın paytaxtında- İrəvanda qoyulan abidə erməni faşizminin təbliğindən başqa bir şey deyildir.
Dövlət başçısı: “Bu, onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar.”

Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur.
Prezident Əliyev: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik.”


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az