Müasir dövrdə xarici siyasətin səmərəliliyi milli dövlətlərin dünya siyasətində əhəmiyyətli rol oynayır. Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan dövlətinin inkişafı və beynəlxalq müstəvidə qazandığı layiqli yer, yüksək nüfuz, sözsüz ki, həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olması əsas faktorlar sırasındadır.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Biz bunu dünya liderləri tərəfindən 28 May-Respublika Günü ilə bağlı ölkə rəhbəri İlham Əliyevə ünvanladıqları təbrik məktublarında da aydın görürük.
Hazırda beynəlxalq birliyin ən fəal üzvlərindən olan respublikamız regionda və dünyada yürütdüyü mehriban qonşuluq siyasəti, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq ölkəmizin nüfüzunu dünya dövlətləri sistemində daha da artdığının sübutudur.
Azərbaycan planetimizin əsas güc mərkəzlərindən biri olan və yeni dünya düzəninin qurulmasında kifayət qədər böyük çəkiyə sahib ABŞ-la münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlərin vacibliyi ön plana çəkilir.
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmaqla beynəlxalq münasibətlər sistemində yeni baxışların yaranmasını da şərtləndirir. Bu mənada, ABŞ-Azərbaycan münasibətləri getdikcə hər iki ölkə üçün daha faydalı və perspektivli əməkdaşlıq görünür.
Amerika Birləşmiş Ştatları da Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olmuşdur.
Azərbaycan Respublikasının yerləşdiyi ərazi Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edən üç regionun- Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşir.
Ölkəmizin malik olduğu zəngin neft və qaz ehtiyatları da ABŞ üçün cəlbedici olmuşdur. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ehtiyatlarını Qərb bazarına açmaq və ABŞ şirkətləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək qərarını vermişdir.
ABŞ, həm də onun fərqindədir ki, Cənubi Qafqaz regionunda müstəqillik qazanmış digər dövlətlərlə müqayisədə Azərbaycan Respublikası insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə daha çox önəm verir, bölgədə sülhün və təhlükəsizliyin təmin olumasında daha çox səylər göstərir və Qərbyönümlü siyasət nümayiş etdirir.
ABŞ-ın yeni administrasiyası Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda mövqelərinin möhkəmləndirmə siyasətini nümayiş etdirir.
Mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı prezident İlham Əliyev ABŞ-la bağlı bir neçə müxtəlif suala cavab verərkən, rəsmi Vaşinqtonla əməkdaşlıq etmək istədiyini, ABŞ-dan müsbət mesajlar gözlədiyini gizlətməyib.
ABŞ Prezidentinin 28 May-Respublika Günü ilə bağlı Prezident İlham Əliyevi təbrik məktubunu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisi, həm də dövlətimizin başçısının mesajına müsbət cavab kimi dəyərləndirmək olar. ABŞ Prezidenti dövlətimizin başçısını 28 May- Respublika Günü münasibətilə təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verir. Məktubda müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışdığı qeyd olunur.
Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır.
Azərbaycan ümid edir ki, regionda sülhün bərqərar olunmasına ABŞ töhfələr verə bilər. Əlbəttə, ABŞ rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulaması çox əhəmiyyətlidir. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasına kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.
Azərbaycan digər ölkələrlə də faydalı əməkdaşlıqdan bəhrələnir. Çin və Yaponiya kimi inkişaf etmiş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi İpək Yolu layihəsini həyata keçirmək üçün Azərbaycanın qəti addım atmasına vacib təsir göstərdi. Çinin Avrasiyadakı mövqeyinin möhkəmlənməsi Azərbaycan və Çin arasındakı münasibətlərin intensivliyini artırdı.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlətimizin başçısını 28 May-Respublika Günü ilə bağlı Prezident İlham Əliyevi təbrikində ölkələrimiz arasında ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkir: "“Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram."
Rusiya Prezidenti də təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulamaqla, əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycanı strateji tərəfdaş kimi dəyərləndirir. Məktubda qeyd olunur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda hər iki ölkənin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilir.
Azərbaycanla əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella öz təbrik məktubunda Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də hər iki dövləti xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirdiyini xüsusi qeyd edir.