booked.net

Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir


                                                   Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir

"...Həyatımızın yeni dövrü başlayır- quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü."
                                                              Prezident İlham Əliyev
          Prezident İlham Əliyev 2021-ci il 20 aprel tarixində Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görüləcək işlərin əsas konturlarını elan etdi.  
         Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimiz üçün prioritet məsələlər sırasındadır.  Regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və digər layihələrin  reallaşdırılması bu istiqamətdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində başlıca rol oynayır. 
          Qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri konkret dövlət proqramları ilə  uğurla icra edilir. Dövlətimizin bütün bu təşəbbüslərinin mərkəzində insan amili və onun sosial rifahını əsas hesab edir. 
Həyata keçirilən dövlət proqramları nəticə etibarı ilə vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. 
         Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramının icrası  Hacıqabul rayonunda da böyük işlər görülməsinə səbəb olmuşdur. Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Kənd yollarının75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib.
            İnsan amilinin önə çəkildiyi faktlardan birini Şamaxı şəhərinin timsalında da görmək olar. Şəhər sakinlərinin rahatlığı üçün tikinti-quruculuq işləri bu gün də uğurla davam etdirilir. Koronavirus pandemiyasının törətdiyi çətinliklərə, bununla əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq hazırda şəhərin bir sıra küçə və prospektlərinin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. “Aşıq Məmmədağa”, “Həzi Aslanov”, “Bakı”, “Azər Pənahov”, “Qarabağ”, “Əzizbəyov”, “Şirvan”, “Məhəmməd Hadi” və bir sıra digər küçələr, bu küçələrə qoşulan döngələr yenidən qurulub və asfaltlaşdırılıb.
          Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. 
          Şamaxı rayonunda cari ilin birinci rübündə aqrar sektorda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. İlin ilk üç ayında Şamaxıda 11 milyon 741,1 min manat kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü müqayisədə 817,6 min manat və ya 7,5 faiz çoxdur. Aqrar sektorda istehsal edilən məhsullar əsasən heyvandarlığın payına düşür.
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
            Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı iki böyük aqroparkın  açılışında iştirak etdi. Məlum oldu ki, bu aqroparklardan birinə- “Azərsun Şamaxı Aqropark”a məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.
          Dövlətimizin başçısı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirdi ki, aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Bunun üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Bu cür yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq. 
            Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq.
             Böyük maliyyə tutumlu avtomobil sənayesinin inkişafı üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir.
       Ölkə rəhbəri müsahibəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünün bərpasına nail olmaqla bərabər, həm də erməni faşizmini məhv etdiyini diqqətə çatdıraraq dedi: “Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb."
             Ermənistanın Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü dövrdə təkcə soydaşlarımız ev-eşiklərindən didərgin salınmadı, həm də torpaqlarımız viran edildi, evlər və ictimai binalar, kommunikasiyalar, tarix və təbiət abidələri dağıdıldı, bağ-bağatlar, meşələr talan olundu. Bütün bunlar azmış kimi, qəddar düşmən ərazilərimizi başdan-başa minaladı və acı məğlubiyyətindən sonra minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən boyun qaçırdı.
             Azərbaycan bu gün gücü, iradəsi hesabına işğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirir. İşğalçının minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi isə onun barbar, faşist, terrorçu xislətindən xəbər verir. Dövlətimizin başçısı müsahibəsində bununla bağlı dedi: “İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub…”.
              Şübhəsiz ki, Ermənistan bu vandal əməlinə, talançılığına görə məsuliyyətə cəlb ediləcək, xarici tərəfdaşları ilə birlikdə beynəlxalq məhkəmələr qarşısında dayanacaq. Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir. İşğal nəticəsində vurulmuş ziyanın hesablanması xarici mütəxəssislərin iştirakı ilə reallaşdırılır.
            Cənab Prezidentin Hacıqabul rayonuna səfəri zamanı qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Bu ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yadılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq.
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası bu əminliyin bariz nümunəsidir. Azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır. Ölkəmizdə yol infrastrukturunun inkişafı əlavə imkanlar yaradacaqdır. Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Bərpa işləri mərhələli və planlı şəkildə icra olunacaqdır.. 
Bütün bunlardan əlavə, hava limanlarının inşası regionun daha sürətli inkişafına səbəb olacaqdır. Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək.
          Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması və dəstəkləməsi uzun illərdir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsi idi. Vətən müharibəsi zamanı ən böyük üstünlüyümüz milli-mənəvi dəyərlərimizə sıx bağlılığımız idi. Həmin dövrdə dəyərlərimizə olan sevgi, Vətən yolunda fədakarlıq bizim üçün ən güclü silaha çevrildi, düşməndə vahimə yaratdı və  tez bir zamanda məğlubiyyəti qəbul etməsinə səbəb oldu. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik.
İşğal nəticəsində vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunun üçün xarici mütəxəssislər cəlb olunacaq. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.
               Xalqımız əmindir ki, Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad etdiyi kimi, həmin torpaqlarda yenidən həyatın bərpa olunmasını da təmin edəcək. Ölkə başçısının dediyi kimi, həyatımızın yeni dövrü başlayır-quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.
           Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır;
             Müharibə sona çatsa da, siyasi-psixoloji savaş hələ davam edir. Bir çox maraqlı məqamlar ortaya çıxmağa başlayıb. Həmin məqamlara aydınlıq gətirilməsi istiqamətində olduqca ciddi addımlar atılmaqdadır.
Rusiya bütün dünyanın diqqətində olan "İsgəndər M" skandalı qarşısında çətin vəziyyətə düşüb, veriləcək cavab tapmır; Rəsmi Bakı isə israrlı davranır, bu silahın Ermənistana necə verilməsi barədə daha geniş məlumatlara malik olduğunu gizlətmir və hər an açıqlaya biləcəyinə eyham vurur...
           Azərbaycan tərəfi kifayət qədər qətiyyətli davranmaqdadır. Rəsmi Bakı müharibədən sonra ortaya çıxan problemlərlə bağlı bütün məsələlərdə siyasi iradə nümayiş etdirir. Güzəştlər barədə düşünmək niyyətində olmadığını qabariq şəkildə biruzə verir.
           Ölkəmiz bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Azərbaycan öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcəkdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
  • 10.07.2021, 11:02 YADDAŞ
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az