Azərbaycan demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır


Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda ictimai-siyasi şərait son dərəcə gərgin idi. Mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti ölkəmizi uçuruma sürükləyirdi. Getdikcə gərginləşən ictimai-siyasi vəziyyət öz bərabərində iqtisadi tənəzzülə aparırdı. Respublikamız istər regional, istərsə də beynəlxalq səviyyədə geosiyasi təcrid vəziyyətində idi. Ölkəmizin daxilində baş verən siyasi ziddiyyətlərlə yanaşı vətəndaş qarşıdurması Azərbaycanı yenicə qazanılmış müstəqillik yolundan çıxararaq təhlükəli, xilası mümkün olmayan boşluq girdabına yuvarlayırdı. Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi, torpaqlarımızın işğal coğrafiyasının genişlənməsi müstəqillik kimi əvəzsiz nemətin itirilməsinə addım-addım, bəlkə də daha sürətlə yaxınlaşdırırdı.

Xalqımızın belə ağır günündə yalnız qətiyyətli, təcrübəli siyasi liderə ehtiyac vardı. Xalqı qarşılaşdığı bu təhlükəli vəziyyətdən yalnız onun uğurlu strateji kursu, milli həmrəyliyi təmin etmək kimi çətin bir vəzifəni həyata keçirməyə qadir olan fenomenal dövlətçilik bacarığı çıxara bilərdi. İnsanlarımız ümidini yalnız bir şəxsiyyətə- bütün həyatını, ictimai-siyasi fəaliyyətini öz xalqının xoşbəxtliyinə bağlamış və bu yolda tarixin çox ağır sınaqlarından keçmiş, bu imtahanlardan hər zaman qalib çıxmış Heydər Əliyevə bağlamışdı.  

1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə müraciət etdi. 91 nəfər ziyalının imzaladığı müraciətdə “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”,- deyə vurğulanmışdı.

Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.

Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”,- deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşliyinin ən bariz nümunələrindən biri idi. 

Beləliklə, ölkəmizin ağır zamanında Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bu, xalqımızın taleyində dönüş nöqtəsi oldu. 
Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirməyi bacardı, dövlətçiliyimizi məhv olmaqdan xilas etdi və siyasi səhnədə yüksəlişə nail oldu.  
Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Partiya ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.

Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiya bütün seçkilərdə möhtəşəm qələbə qazanması bu reallığın göstəricisidir.  

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.

Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiya tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsinə mühüm töhfələr verir. 

Yenilikçi və fəal qüvvə olan, daim irəliyə baxan və perspektivi düşünən təbəqənin- sağlam düşüncəli gənclərin vahid seçiminin Yeni Azərbaycan Partiyası olması da təsadüfi deyil. Çünki vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bugünü olduğu kimi, aydın sabahı və parlaq perspektivi olduğunu da öz əməli fəaliyyəti ilə sübuta yetirib.

Azərbaycanın davamlı, dayanıqlı və dinamik inkişafına ardıcıl töhfələr verməyi başlıca strateji vəzifə və fəaliyyət istiqaməti kimi müəyyənləşdirən YAP, həmçinin ölkənin inzibati-coğrafi sərhədlərindən  kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır. 

Ötən illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib, güclü dövlətə çevrilib, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, sözsüz ki, xalqımızın tarixində ən şərəfli səhifələrdən oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ildən çox işğalda qalan torpaqlarımızı mənfur düşməndən azad etdi. Müharibədə qəhrəman Azərbaycan gəncləri ön cəbhədə mətanətlə döyüşdülər. Arxa cəbhədə olan gənclərimiz isə sosial şəbəkələrdə və digər sahələrdə informasiya müharibəsində fəal iştirak edərək böyük qələbəyə öz töhfələrini verdilər. Onların sıralarında çox sayda YAP üzvləri də vardı. 

Böyük Zəfərdən sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli maraqlara xidmət edən məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu istiqamətdə üzərinə düşən mühüm vəzifə və məsuliyyəti əzmkarlıql doğruldur. 

Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az