3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar
3 oktyabr 1993-cü il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur: “Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Bununla bağlı ulu öndər Heydər Əliyev sonralar demişdir: "Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi".
Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəlmişdir. 1990-cı il 21 avqustda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etmişdir.
Respublikada baş verən mürəkkəb proseslərin gedişində, 1990-cı il sentyabrın 30-da XII çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 340 deputat Ali Sovetə seçildi. Təkrar seçkilər oktyabrın 14-də, dekabrın 16 və 30-da keçirildi. Seçkilərdə sovet Azərbaycanı tarixində ilk dəfə olaraq müxalifətin nümayəndələri olan 43 nəfər deputat seçildi. Onlar özlərini Demokratik Azərbaycan bloku adlandırırdılar. Seçkilərdə Ulu öndər Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.
Naxçıvan MSSR Ali Sovetinin ağsaqqal deputatı kimi Heydər Əliyevin sədrliyi altında 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiya iclasında Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsinə dair mühüm məsələlər müzakirə olundu və vacib tarixi qərarlar qəbul edildi. Hələ SSRİ-nin, sovet sisteminin və kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, sessiya iclasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Naxçıvan MSSR-in Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin aypara və səkkizguşəli ulduz şəkilli, üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında məsələ müzakirə olundu. Ümummilli lider Heydər Əliyevin təklifi əsasında milli dövlət bayrağı məsələsi ilə əlaqədar olaraq qəbul edilən qərarda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Azərbaycan Respublikasının ali qanunverici orqanından Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması və milli-tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayraq, gerb və himnin qəbul olunması haqqında vəsatət qaldırıldı.
Böyük tarixi-siyasi əhəmiyyət daşıyan bu qərar Azərbaycanda milli dövlətin bərpası ideyasının həyata keçirilməsi sahəsində atılan ilk addım idi. Bununla da Naxçıvan müasir müstəqil Azərbaycan dövlətinin atributlarından birinin rəsmi şəkildə qəbul edildiyi yer oldu. Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarda ilk dəfə olaraq qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilir, Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi, dinc əhaliyə - silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız insanlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocalara, qadınlara, uşaqlara olunmuş təcavüz kimi qiymətləndirilir, SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu vurğulanır və cinayət məsuliyyətinə cəlb edilmələri tələb edilirdi. Qərarda 20 yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi elan edilir və bu günün hər il Azərbaycan SSR-də də Milli matəm günü kimi qeyd edilməsi haqqında respublika Ali Soveti qarşısında vəsatət qaldırılırdı.
Naxçıvanda qəbul edilən və böyük tarixi əhəmiyyət daşıyan bu qərarların qəbulundan sonra Azərbaycan SSR rəhbərliyi bəzi addımlar atdı. Azərbaycan SSR Prezidenti Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında 1990-cı il 29 noyabr tarixində fərman imzaladı.
Ali Sovetin sessiyasından bir neçə gün sonra, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ali Məclisin sədri haqqında məsələ müzakirə edildi. Keçirilən çoxminli mitinqin və deputatların böyük əksəriyyətinin tələbi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi məsələsi iclasın gündəliyinə daxil edildi. Kürsüyə qalxaraq razı olmadığını bildirsə də, sessiya iştirakçıları əksər səslə ulu öndər Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçdi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin ulu öndər Heydər Əliyevin timsalında nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bundan əlavə, həmin tarixi hadisə ilə ulu öndər Heydər Əliyev ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin, bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi.
Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tuturdu. 1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa İttifaqı, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, hal-hazırda da bu qurumlar çərçivəsində qarşılıqlı-faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz yataqlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi.
Ulu öndər respublikanın zəngin karbohidrogen ehtiyatlarının istifadəsinə daha çox ölkəni, xüsusən Qərb dövlətlərini, ABŞ-ı, Yaponiyanı, regionda xüsusi rolu olan Rusiyanı, Türkiyə və İranı cəlb etmək istəyirdi. Bunun bir neçə əsas səbəbi var idi:
1. Müstəqilliyi yenicə əldə etmiş, ciddi iqtisadi, siyasi və sosial böhran keçirən, neft-qaz yataqlarının istismarı, ümumiyyətlə, iqtisadi inkişaf üçün heç bir daxili resursu olmayan Azərbaycan üçün hansı sahəyə yönəlməsindən asılı olmayaraq, xarici investisiya qoyuluşu və qabaqcıl texnologiyaların tətbiqi hava və su kimi lazım idi.
2. Hələ müstəqil dövlətçilik ənənələri və reputasiyası zəif olan, dövlət atributları tam formalaşmamış və möhkəmlənməmiş, bütün ölkə ərazisində suveren hüquqları təmin olunmamış, torpaqları işğala məruz qalmış Azərbaycanın xarici dövlətlərlə müstəqil tərəfdaş rolunda çıxış etməsi o dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi.
3. Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarına və ümumiyyətlə, dənizin sektor bölgüsünə Rusiya və İran kimi dövlətlər özünəməxsus mövqe nümayiş etdirirdi. Azərbaycan xarici dövlətləri öz tərəfindən Xəzərdə neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə, əslində, onların dəstəyini qazanmağa, Rusiya və İranın təzyiqlərinin dəf olunmasında onların da gücündən istifadə etməyə çalışırdı.
4. Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan özünə beynəlxalq tərəfdaş axtarırdı. Xəzər nefti Qərb ölkələri ilə Azərbaycanın maraqlarını uyğunlaşdırmaq, əməkdaşlıq münasibətləri yaratmaq üçün çox əhəmiyyətli bir faktor ola bilərdi.
Beləliklə, əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirən müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsi gələcək nəsillər üçün xoş güzəranın təməlini qoydu. Xarici siyasət sahəsində neft amilindən bacarıqla istifadə edən Ulu öndərimiz Heydər Əliyev neft müqavilələri bağlanması məsələsini nəzarətə aldı, danışıqlara şəxsən nəzarət etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı.
Ötən müddətdə aparılan enerji siyasəti nəticəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da möhkəmlənmiş, respublikanın təhlükəsizliyinin və gələcək tərəqqisinin əlavə təminatları yaradılmış, Qərb dünyasının Azərbaycana olan etimadı artmış, onlarla mövcud olan qarşılıqlı-faydalı əməkdaşlıq və əlaqələr dərinləşmişdir.
Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər nüfuzlu dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Onlar son dövrlər ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində yürüdülən iqtisadi, o cümlədən enerji siyasətini yüksək qiymətləndirir, həyata keçirilən transmilli layihələrin təşəkkül tapmasına və ölkəmizin beynəlxalq inteqrasiyasına hərtərəfli dəstək verirlər.
Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbaycan “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRACECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.
Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan dövlətinin banisi və dövlətçiliyimizin memarı Ulu öndər Heydər Əliyevin strategiyası bizim ardıcıl olaraq hər sahədə qələbələr əldə etməmizə hesablanmışdır. Əldə etdiyimiz bütün uğurların və qələbələrin səbəbi Heydər Əliyev yoluna və siyasətinə sadiq qalmağımız, onun dövlətçilik prinsiplərini həyatımızın amalı olaraq qəbul etməmiz və bu yolu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirməmizdir. Azərbaycan dövləti və xalqı var olduğu müddətcə dahi şəxsiyyət qəlblərdə əbədi yaşayacaq. Eyni zaman da bugünkü müstəqil Azərbaycan dövlətinə görə hər an minnətdar olacağıq.
Ulu Öndərin ən böyük arzusu ötən əsrin doxsanıncı illərinin əvvəllərində düşmənin ölkəmizdəki hərc-mərclikdən istifadə etməklə və xaricdəki havadarlarının dəstəyindən bəhrələnməklə işğal altına aldığı torpaqların geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası idi. Onun böyük səyləri ilə 1994-cü ilin mayında atəşkəskəsin əldə olunması ilə Azərbaycan özünə gəlmək, güc toplamaq, mütəşəkkil ordu qurmaq imkanı qazandı.
Sonrakı mərhələdə Ulu Öndərin əsasını qoyduğu bu kimi işləri onun ən layiqli siyasi varisi olan Prezident İlham Əliyev uğurla davam etdirdi. Azərbaycan üç il bundan əvvəl şanlı Zəfərə imza ataraq düşməni 44 günlük müharibədə diz çökdürdü və ərazi bütövlüyünə nail oldu. Respublikamızın 2023-cü il sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı əməliyyatın nəticəsi olaraq isə suverenliyimiz bütün Qarabağ bölgəsində tam təmin olundu. Bunun respublikamızda “Heydər Əliyev İli”ndə baş verməsi həm də böyük rəmzi məna daşıyır.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik ilə bağlı olan konseptual baxışlarının mahiyyətini əks etdirən sitatlar
- “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.” - Azərbaycan Prezidentinə “9 Eylül” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitqindən (İzmir, 7 may 1997-ci il);
- “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur.” - Amerikanın “Hyüston Xronikal” qəzetinə müsahibəsindən (Hyüston, 2 avqust 1997-ci il);
- “Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir.” – “Fatih” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitqindən (İstanbul, 8 may 1997-ci il);
- “Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq” - Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimində nitqindən (18 oktyabr 1998-ci il);
- “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” - Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimində nitqindən (18 oktyabr 1998-ci il);
- “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.” - Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);
- “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.” - Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən Birləşmiş Millətlər Təşkilatının ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (10 dekabr 1998-ci il);
- “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” - Respublikanın təhsil işçiləri və 1999-cu ildə ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə nitqindən (31 avqust 1999-cu il);
- “Azərbaycan dünyəvi dövlətdir, öz milli ənənələri ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir və onlardan istifadə edir.” - ATƏT-in İstanbulda keçirilən zirvə görüşünün yekunlarına həsr olunmuş toplantıda yekun nitqindən (24 noyabr 1999-cu il);
- “Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir. Vətəndaşın da vəzifəsi bütün hərəkətləri, bütün fəaliyyəti, işləri qanun çərçivəsində görməkdir.” - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən iclasında nitqindən (6 may 2000-ci il);
- “Demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur.” - 12 noyabr Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikindən (11 noyabr 2000-ci il);
- “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir.” - Gəncə şəhəri sakinləri qarşısında nitqindən (24 may 2000-ci il);
- “Demokratiyanın hüdudları genişdir. Odur ki, o, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir.” - Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən (29 dekabr 2000-ci il);
- “Mən tam əminəm ki, Azərbaycan xalqı bu böyük yol ilə - müstəqillik yolu ilə, demokratiya yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyəcəkdir. Bütün bunlar üçün sülh lazımdır. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır.” - Amerika Birləşmiş Ştatlarının milli bayramı – İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (4 iyul 2001-ci il);
- “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.” - Dünya Azərbaycanlılarının I qurultayında nitqindən (10 noyabr 2001-ci il).