Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır


PREZİDENT İLHAM ƏLİYEV: "Türkiyə lideri dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi"

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir"

 Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanında çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir.Cari ilin iyun ayının 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana və sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi səfərləri, ilk növbədə, iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş olub, həmçinin, hər iki dövlət başçıları sənədlər imzaladılar, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər.

PREZİDENT İLHAM ƏLİYEV: "Bu gün Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir"
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib: “İki il bundan əvvəl Şuşa şəhərində - uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.
15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi müttəfiqlik nümunəsildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

PREZİDENT İLHAM ƏLİYEV: "İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək"
“Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.
Biz bu gün Sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı onu da bildirib ki, Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi: «Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir».
Dövlətimizin başçısı bildirib: “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir”.
Prezident İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını tarixi hadisə olduğunu bildirib: "Vaxtilə biz Sizinlə (Ərdoğan – red.) TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk".
"Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək",-deyə dövlətimizin başçısı əlavə edib.

PREZİDENT İLHAM ƏLİYEVDƏN ƏRDOĞANA: "BMT-də Azərbaycanın maraqlarını ifadə edən bəyanatlarınız növbəti qardaşlıq addımıdır"
“Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, həmçinin Türkiyə tərəfindən atılan növbəti qardaşlıq addımıdır.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməsi lə bağlı bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda, bütün Türk dünyasının ürəyini fəth etmişdi.
Eyni zamanda, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.

RƏCƏB TAYYİB ƏRDOĞAN: "Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir"
Türkiyə Prezidenti deyib ki, bir millət, iki dövlət olaraq əlaqələrimizi və əməkdaşlığımızı hər sahədə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.
Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdiyini söyləyib: "Bu dəfə Sizinlə (Prezident İlham Əliyev – red.) Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram".
“2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.
Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında səsləndirib.
“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. 

BU SƏFƏR TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: “BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR”
Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi fikri bir daha demək yerinə düşər: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.
Səfərin vacib məqamlarından biri kimi, Naxçıvanda alternativ enerji resursları hesabına elektrik enerjisinin ötürülməsi və ixrac olunması üçün sistemin qurulması nəzərdə tutulub. Çünki Naxçıvan bu sahədə böyük potensiala malikdir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq, bu mühüm məsələnin əsas müzakirə edilən mövzular sırasında olması təqdir edilir. Prezidentlərin mətbuata birgə bəyanatlarında bu mühüm addım da diqqətə çatdırıldı ki, bir neçə gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.
Zəngin tarixə, sıx dostluq, qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Bu münasibətlər liderlərin şəxsi münasibətlərinin, səmimiyyətin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan bu dostluğa edilən əlavələr, Azərbaycan-Türkiyə birliyi ümumilikdə türk dünyasının həmrəyliyinə böyük töhfədir. Zəngəzur dəhlizinin açılması türk birliyini daha da möhkəmləndirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında öz əksini tapmış önəmli mesajlar:
- “Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.”;
- “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir.”;
- “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.”;
- “Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir.”;
- “Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.”;
- “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır.”;
- “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik.”.

Tədbir çərçivəsində keçirilmiş təməlqoyma mərasimi və imzalanmış sənədlər:
-  İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi;
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”;
- “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az