Azərbyacan-Türkiyə münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu münasibətlərin əsasını tarixi dostluq, qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq təşkil edir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də bir-birlərinin yanında olub. Ölkələrimiz arasında münasibətlərin ən düzgün formulunu ulu öndər Heydər Əliyev verib: “Bir millət, iki dövlət”.
Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər iqtisadi sahədə də hiss olunmaqdadır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son vaxtlar bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsində siyasi liderlərin- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirməsi, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxış edərkən dediyi sözlər bu gün də hər birimizin qəlbindədir və unudulmayıb: “Türkiyə son illər ərzində çox
böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir.”
Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.
2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. 1 Ölkələr, bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb. Bunlardan biri 1 iyul 2020-ci il tarixində təsdiq edilən iki hökumət arasında Preferensial Ticarət Sazişidir. Sazişdən əvvəl Türkiyə Azərbaycan bazarında yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklərindən yararlanan MDB ölkələri ilə qiymət rəqabətində uduzur və Azərbaycanla xarici ticarətində mövcud potensialından daha aşağı nəticə göstərirdi. Bu saziş, 15 mal qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasında xarici ticarət dövriyyəsini artıracaq və ölkələrin qoyduqları xarici ticarət dövriyyəsi hədəfinə çatmaqlarını daha da sürətləndirəcək. Ticarət həcminin artması iqtisadi əlaqələrin inkişafını və ədalətli rəqabət üçün əlverişli mühitin yaradılmasını təmin etməklə, hər iki ölkəyə investisiya qoyuluşlarını da artıra bilər.
Azərbaycanla Türkiyənin birlikdə reallaşdırdığı iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti var. İki ölkə arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir.
Türkiyə və Azərbaycanın əməkdaqlıq edə biləcəyi növbəti layihə “Nabukko”dur. “Nabukko” layihəsi (“TAP” və “ITGI” layihələri ilə paralel) Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Bu layihə ildə 31 milyard kubmetr qaz nəqli üçün nəzərdə tutulub.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi.
İstər müharibə gedişində, istərsə də müharibədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyətinin də Azərbaycan dövlətinə və xalqına dəstəyi yüsək olmuşdur. Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi.
Torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılarına qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin ürəkdən gələn etibarlı qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür. Döyüş meydanlarında işğalçı Ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir. Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdi.
2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərinə səfər etməsi ölkələrimiz arasında siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən etdi. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğuladı, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etdi. Görüşdə hər iki tərəfdən hakim partiyaların roluna toxunuldu, partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd olundu.
Partiya liderləri arasında olan dostluq münasibətlərin AKP və YAP arasında əlaqələrin daha da sıxlaşmasına təkan verəcəyi vurğulandı.
44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində
yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Hər iki siyasi partiya üzv olduqları müxtəlif siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclər platformalarında birgə fəaliyyətdə uğurlu yol qət edə bilər.
Görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları da müzakirə olundu. Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirildi. Diqqətə çatdırıldı ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.
Çıxışlarda diqqətə çatdırıldı ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən savaşında qazandığı qələbə bölgədə yeni vəziyyət yaradıb. Regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası sülh, əməkdaşlıq və inkişaf istəyən bütün tərəflərin maraqlarını təmin edir. Bütün tərəflər işğal faktının aradan qaldırılması nəticəsində yaranmış vəziyyəti düzgün dəyərləndirməlidir.
Zəngəzur nəqliyyat dəhlizinin əhəmiyyətini yüksək dəyərləndirən partiya rəsmiləri Türkiyənin Naxçıvana birləşəcək dəmir yolu xətti ilə Azərbaycanın digər bölgələrinə və digər türkdilli ölkələrə quru yolu ilə sərbəst çıxış əldə edəcəyini bütün region üçün əhəmiyyətli hadisə kimi qiymətləndirdilər. Diqqətə çatdırıldı ki, işğaldan azad edilən ərazilərdə aparılan əsaslı bərpa və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülən işlər nümunəvidir. Bütün bu proseslərdə Azərbaycanın və Türkiyənin atdığı birgə addımlar təqdirəlayiq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir.
Görüşlərdə belə bir inam da ifadə olundu ki. YAP və AKP sədrlərinin- dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir.
Əminliklə bildirildi ki, bundan sonra da Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.
Azərbaycan-Türkiyə arasında sürətlə inkişaf edən əməkdaşlığın perspektivləri genişdir. Bu əməkdaşlıq dünyaya əsl qardaşlığın nümunəsi bəyan edir və real həyatda təsdiqləyir. Biz “Bir millət, iki dövlət” deyən ümummilli liderimiz Heydər Əliyev, “Azərbaycanın kədəri- kədərimiz, sevinci- sevincimiz”dir söyləyən böyük Atatürk, “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” ifadəsini sonsuz iftixar hissilə bildirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” inamını bütün qüruru ilə deyən Prezident Rəcəb Tayyib Ərdoğan xalqlarımızın birlik və həmrəyliyinin, sarsılmazlığının sözdən “əbədi heykəli”ni yaratmışlar.