1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, insanları doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 663 nəfəri şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryaginadlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Füzuli rayonu tarixi, mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin əksəriyyəti, o cümlədən Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.
Füzuli rayonunun təbii sərvətləri də erməni işğalçıları tərəfindən talan edilib. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
1994-cü il yanvarın 5-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür.
Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri azadlığına qovuşdu.
Onu da qeyd edək ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Amma rəşadətli ordumuz bu çətin tapşırığın öhdəsindən qısa müddətdə gəlməyi bacardı. Bu haqda Prezident, Ali Baş Komandan İlham Əlyev xalqa müraciətində demişdi: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da… Bu gün məndə olan məlumatlara görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan böyük bir ölkədir. Bu gün tarixi bir gündür. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq. Həmrəylik göstərərək, qarşılıqlı dəstək göstərərək, birlik göstərərək bu şanlı tarixi bu gün biz yazırıq. Biz xoşbəxtik ki, biz bu anları yaşayırıq”.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi. 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə " medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu bu medalla təltif olundu.
Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kassetli bombalarla atəşə tutmuşdur. Müharibə dövründə namərd düşmənin həyata keçirdiyi terror əməliyyatları nəticəsində 100-ə yaxın mülki şəxs həlak olmuşdur. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur- yüz mindən çox mina basdırılıb.
Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə insanlığa qarşı törətdiyi bütün cinayətlərə cavab verməlidir.
Füzuli rayonunun yeni inkişaf dövrü
- Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri:
16.11.2020:
Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması;
Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoymamərasimi.
14.01.2021:
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması.
14.02.2021:
Füzuli şəhərlərinin Baş planın təsdiqlənməsi;
Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq;
180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi.
15.03.2021:
Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi.
29.08.2021:
Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq;
Əhmədli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıq.
17.10.2021:
Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş;
Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi;
Dövlətyarlı kəndində “Ağıllı kənd”intəməlqoyma mərasimi;
Çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
26.10.2021:
Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılanFüzuli Beynəlxalq Hava Limanının açılış mərasimi.
10.05.2022:
Peşə Liseyinin təməlqoyma mərasimi.
27.09.2022:
Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarəti.