Qubadlı şəhəri 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olundu



              Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir. 
               Bu rayon qədim insan məskənlərindəndir. Qubadlının ərazisi  arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb. 
             Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. 
            Tapılmış maddi mədəniyyət nümunələri bu rayonun ərazisində ta qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir. Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. 
             Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. 
            1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də erməni təcavüzkarlarının genişmiqyaslı hücumu nəticəsində işğal edildi. 
            İşğaldan əvvəl rayonun balansında olan 79812 hektar torpaq fondunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Qubadlının ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. 
               Rayonun faydalı qazıntı ehtiyatları da boldur. Buna Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağını misal göstərmək olar. 
             İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpüdağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
                 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid oldu. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü. 
                44 günlük Vətən müharibəsində Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq sayəsində işğaldan azad edildi.  Azərbaycan Ordusu ən əvvəl şəhərə hakim olan yüksəkliklərdə nəzarəti təmin etdi. Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu və başqa kəndlərimiz azadlığına qovuşdu. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələri şəhərə daxil olub doğma Qubadlımızı düşməndən təmizlədilər.  
                    2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan RespublikasıPrezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
                Düşmən qüvvələri Qubadlının Xanlıq kəndində hərbi istehkam və baza quraraq burada qanunsuz məskunlaşma aparmışdı. Bu isə Cenevrə konvensiyalarına görə hərbi  cinayət   sayılır. 
                  2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. 
                  Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov da vardı.          
                 Şükür Həmidov müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, komandiri kimi vəzifələrdə işləmişdi.  2016-cı ildə “Aprel döyüşlərində” Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərmişdi. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü.
                Milli Qəhrəman Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirdi.
              İşğaldan azad edilmiş hər qarış torpağımızda   Azərbaycan bayrağının dalğalanması tarixi ədalətin bərqərar olunması ilə yanaşı, həm də regionun gələcək inkişaf və tərəqqi perspektivindən xəbər verir. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az