Qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olan “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı da bu aspektdən kifayət qədər mühüm görüşlərin keçirilməsi ilə diqqət çəkdi. Prezident İlham Əliyevin Çex Respublikasının baş naziri Petr Fialanın və Aİ Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı ölkə başçısına olan hörmətin göstəricisi idi.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu əməkdaşlıq ilk növbədə özünü enerji sahəsində göstərir. Cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu bu sahədə atılan mühüm addım kimi dəyərləndirilir. Ölkəmizin enerji resurslarına Avropada tələbatın daha da artdığı bir vaxtda Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir.
Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında davamlı olaraq təmasların qurulması əməkdaşlığı mahiyyət etibarı ilə yeni müstəviyə çıxarıb və bu, qarşılıqlı etimadı daha da artırıb.
Avropa İttifaqı ölkələri həm də bizim üçün əsas ticarət tərəfdaşlarımızdır. Artıq ölkəmizin geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib: "Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb."
Bunu çox yüksək qiymətləndirən dövlətimnizin başçısı bildirib ki, Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırıb: "Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik."
Prezident İlham Əliyev son görüşlərin Azərbaycanla Ermənistanı sülhə yavaş-yavaş yaxınlaşdırdığını bildirib və Şarl Mişelin də bu sahədəki fəaliyyətini yüksək qiymətləndiririb: "...Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq."
Əlbəttə, görüşlərin məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər. Prezident İlham Əliyevin fikrincə, bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır.
Dövlət başçısı İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində mina məsələsinə də toxunub və bildirib ki, bu məsələ bütün görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib.
“Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”,- deyə dövlətimizin başçısı vurğulayıb.
Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmaması da çox ciddi və narahatedici faktdır. Buna da son qoyulmalıdır.
"Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır"- deyən Prezident İlham Əliyevin fikrincə, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik.
Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin- nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Fransa Prezidenti tərəfindən də bu beş prinsip qəbul edilir. Azərbaycanın irəli sürdüyü bu prinsiplər münasibətləri normallaşdırmaq istəyən dövlətlər üçün təməl prinsipidir.
Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, dövlətimizin başçısı bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan xarici siyasət bloku çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırır: "Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər."
Naxçıvana könüllü olaraq keçid verilməməsini, Ermənistanın bir dövlət olaraq öz öhdəliyini pozmasını biabırçı fakt adlandıran Prezident İlham Əliyev deyib ki, biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək.
Praqa görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru inamla addımlayır. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi artıq demək olar ki, hazırlanır. Avropa, Rusiya, ABŞ da bunu dəstəkləyir. Cənab Prezident irəli sürdüyü prinsiplərin yerinə yetirilməsi üçün qətiyyətli mövqe göstərir və nəticələr əldə edir. Münasibətlər bu templə davam etsə, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.
Praqada keçirilən dördtərəfli danışıqların yekununda qəbul olunan Bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.”
Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Praqa görüşündə Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.
Ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır!