Türk dünyasını cazibəsinə çəkən şəhər: ŞAMAXI


           Dəniz səviyyəsindən 749 m hündürlükdə yerləşən, Pirdireyi və Qız qalası dağları ilə əhatə olunan bu şəhər ta yaranışından insanları cazibəsinə çəkən sirlərlə doludur. "Övliyalar şəhəri"nə mənəvi və ruhi zənginlik prizmasından baxanda da dünyada bənzəri az-az görünür. Elə yalnız Kələxana kəndinə yol almaq kifayətdir ki, bu möcüzəni yaxından görüb tanıyasan. Müxtəlif ölçülü türbələr qarşında sirli mənzərə kimi açılacaq. Bu kənddə bir vaxtlar 7 övliyanın yaşadığı haqqında  rəvayətlər bu gün də insanlar arasında dolaşmaqdadır. Bu türbələr də elə onların nişanələridir. 
           Belə abidələrdən biri də Göylər kəndində yerləşən Pir Mərdəkan Xanəgahıdır. Türbə, XIII-XV əsrlərdə tiklib. Deyilənə görə, bu türbədə müqəddəs övliyalardan olan Seyid Mərdəkani dəfn edilib. 
          Seyid İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarı, M.Ə.Sabirin “Yeddi günbəz” qəbiristanlığındakı məqbərəsi, S.Ə.Şirvaninin “Şahxəndan” qəbiristanlığındakı məzarı və qəbirüstü abidəsi hələ də tarixin "yolçuluğunda"olmaqla turistlərə çox mətləblərdən "söz aça" bilər. 
          Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyası olan Tarix-Diyarşünaslıq Muzeyi mövcuddur. M.Ə.Sabirin Ev-Muzeyi, Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası da qonaqların maraqlarına səbəb ola biləcək məkanlardır. 
          XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) qonaqların yaddaşında unudulmaz səhifələrə çevrilir.
          Şamaxı Astrofizika Rəsədxanasına səfər edən hər kəsin kainatın sirli dünyasına qovuşmaq şansı var. Pirqulu kəndində yerləşən bu rəsədxanada elmi-texniki tərəqqinin ən müasir nümunələri sayılan optik cihazlar vasitəsi ilə ayı, ulduzu, göy üzünün kəhkəşanını gözləri önünə "endirə" bilər. 
          Narın Qala, Gülüstan və Buğurd qalalarının qalıqları...  Bu maddi-mədəniyyət abidələrin hamısı Azərbaycan insanının tarixə vurduğu və gəlcək nəslllərə əmanət etdiyi "daş məktublar"dır. 
          2013-cü ilin may ayında Qafqazın ən qədim müsəlman məbədi olan (VIII əsr) Şamaxı Cümə Məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması da Şamaxıya turist axınına səbəb olacaq faktorlar sırasındadır. 
           Safari Parkında isə turistləri bu yerlərin heyvanat aləmi ilə maraqlı tanışılıq gözləyir. 
          Şamaxı rayonunda turistlərin marağına səbəb ola biləcək çoxlu sayda sənətkarlıq nümunələri vardır. Burada istehsal olunan ipəklər daim məşhur olmuşdur. Orta əsrlərdən başlayaraq Təbriz və Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınmışdır.
          Digər sənət sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq, dərzilik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik və s. Şamaxıda yüksək səviyyədə inkişaf etmişdir. Bu sənətkarların yaratdıqları əl işləri suvenir kimi turistlərin ən çox sevdikləri hədiyyə olur.
            Şamaxı mətbəxinin nümunələri öz ləzizliyi, çeşidi və digər xüsusiyyətləri ilə seçilir. Şamaxının gündəlik və mərasim yeməkləri, qənnadı məhsulları bu ərazidə tarixən formalaşmış kulinariya mədəniyyətindən xəbər verir və turistlərdə maraq doğuran amillərdəndir.
Özünəməxsus mülayim iqlimi də bu yerləri ilin bütün fəsillərində turistlər üçün əlçatan və arzulanan məkan edir. 
           Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisinin yetişməsi faktının özü də loğman təbiətli bu diyarın möcüzəsi deyilmi? 
Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. 
          Mərkəzdən 12 km şimal- şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var.
 Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana yaxınlığındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqların suyu müalicəvi əhəmiyyəti ilə seçilir. 
           Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Bunlardan ən böyüyü Şamaxı-Dəmirçi yolunun 30-31-ci kilometrliyində yerləşir. Şamaxı-Çağan yolunun sonunda Ağsuçayın yatağında temperatur 38-39C olan termal Çağan Bədosu yerləşir. Yüksək mineral tərkibli bu su müalicəvi xüsusiyyətlərə malikdir.
          Şamaxı rayonu beynəlxalq və ölkə standartlarına cavab verən turist xidmət göstəricilərinə, yerli və xarici qonaqlar qəbul etmək imkanına malikdir. Rayon ərazisində 21 mehmanxana və bu tipli obyekt mövcuddur. Onlardan 5-i mehmanxana, 16-sı müxtəlif istirahət mərkəzidir. Bundan əlavə, Şamaxıya gələn qonaqlar kənd turizmindən də yararlana bilərlər. Eyni zamanda, hazırda rayon ərazisində otel, mehmanxana və digər istirahət mərkəzləri tikilməkdədir.
         Şamaxıya gələn turistlər istənilən büdcəyə uyğun istirahət növü seçə bilərlər. Bu, rayonun turizm imkanlarını daha geniş spektrdə tanıtmağa və turistləri cəlb etməyə imkan verir. 
          Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxı, sanki yan-yana "addımlayır".
2023-cü il Türk dövlətlərinin turizm paytaxtı seçilən Şamaxı, beləcə,  zamanın sonsuzluq karvanında öz möcüzələri ilə yoluna davam edir və hər zaman qonaqlarını mehribanlıqla qarşılayır.  


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az