Ali Sovetin sədri Heydər Əliyev 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərini icra etməyə başlamışdı


1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş Azərbaycanın müstəqilliyi və bütövlüyü həmin vaxtlar təhlükə ilə üzləşmişdi. AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən özbaşınalıq, xaos, hərc-mərclik  ölkəni dağılmaq təhlükəsi iə üz-üzə qoymuşdu. 1993-cü ilin may-iyun aylarında isə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi artıq reallığa çevrilmişdi.

Ölkənin belə bir ağır vəziyyətində xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və o dövrkü rəhbərlik onu Bakıya dəvət etməyə məcbur oldu. 

1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”

Heydər Əliyevin ölkə parlamentinə sədr seçilməsi- onun siyasi hakimiyyətə yenidən qayıdışı xalqda gələcəyə böyük inam yaratdı. Sonrakı proseslər göstərdi ki, bu qayıdış müstəqillik tariximizdə keyfiyyətcə yeni siyasi bir eranın başlanğıcı idi.

Heydər Əliyev müdrik dövlət xadimi kimi parlamentin milli dövlətçilik sistemində yerini və rolunu lazımınca dəyərləndirir, ölkə qarşısında duran məsələlərin həllində qanunverici orqanın imkanlarından maksimum yararlanmaq nümunəsi göstərirdi.

Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Ali Sovetin sədri kimi ulu öndər ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ulu öndər parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 10-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" qanun qəbul olundu. 

Ulu öndər hüquqi dövlət quruculuğu prosesində parlamentlə sıx əlaqə şəraitində böyük uğurlara nail oldu. Statistikaya müraciət etsək, görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir.

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini qazanmış Azərbaycan 1993-cü ilin iyunun 15-nə qədərki müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarlə qarşılaşmışdı. Daxilimizdəki satqınlar Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Məsələn, əvvəllər Xalq Cəbhəsinin fəallarından olan Əlikram Hümbətov adlı birisi Lənkəran bölgəsində “Talış-Muğan Respublikası” yaratdığını elan etmişdi. 

Ümummilli lider hakimiyyətə gələndən sonra ağır vəziyyətdə olan ölkənin qarşısında duran əsas problemlər mərhələli şəkildə həll olunmağa başladı. Gəncədəki gərgin hadisələr dinc yolla nizama salındı. Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə əhalisinin təzyiqi ilə ləvğ olundu. Ölkənin şimalında fəallaşan “sadval”çıların separatçı hərəkətlərinin və “Car-Balakən Respublikası” (Ləzgistan) yaratmaq cəhdlərinin qarşısı alındı. Müxtəlif şəxslərin və siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr məhv edildi.

Ali Sovetin Sədri vəzifəsində çalışdığı qısa müddətdə ulu öndər parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Heydər Əliyev Prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxlamış, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəməmişdir.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. 

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. 

Müstəqil dövlətin ilk Konstitusiyasının, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olunması da ulu öndərin adı ilə bağlıdır. Həmin dövrdə demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.
                
Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi-  qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olundu. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün oldu. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdi. 

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş ulu öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Tarix, həm də xalqın öz dahi rəhbərinə sonsuz inam, etibar, həm də sonsuz sevgisinə şahid oldu. 

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ümummilli lider fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az