Prezident İlham Əliyev cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxış etmişdir


“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.

Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.

Prezident İlham Əliyev bu il 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlara təşəkkürünü bildirdi, həmçinin Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bunun maraqlı səfər olduğuna əminliyini ifadə etdi:"Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır."

Dövlət başçısı regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalı olduğumuzun vacibliyini vurğuladı. Ötən ilin iyun ayında Prezident Ərdoğanla Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini xatırladan Respublika Prezidenti İlham Əliyev bu mühüm sənədin Türkiyə ilə əməkdaşlığımız və qardaşlığımızın mahiyyətini əks etdirdiyini söylədi: "Biz, sadəcə, bu əməkdaşlığın mahiyyətini rəsmiləşdirdik, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində. İndi isə bu tarixi şəhərdə Şuşa Bəyannaməsini imzalamaqla bütün dünyaya nümayiş etdirdik ki, biz sözümüzlə və imzamızla birlikdəyik."

İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnallar reallaşarsa, bu, Cənubu Qafqazda sülhün və əməkdaşlığın bərqərar olmasında əhəmiyyətli irəliləyiş ola bilər.

Ölkə rəhbəri ümid etdiyini bildirdi ki, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və əhalisi, nəhayət ki, sülhün zəruriliyini anlayır. 

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. 

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, sərhədlərin müəyyən edilməsi zamanı tarixə nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir. 

Dövlət başçısı xüsusi qeyd etdi ki, Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər: "...Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var və onların bu mənada heç vaxt heç bir problemi olmamışdır. Lakin bunun üçün Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş təbliğata son qoyulmalıdır."

Bunun üçün ermənilər separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Dərk etməlidirlər ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. 

Prezident İlham Əliyev konfrans iştirakçılarının diqqətini Ermənistanın torpaqlarımızı işğal dövründə həyata keçirdikləri vəhşiliklərə, çoxsaylı dağıntı faktlarına da yönəltdi. Qeyd etdi ki, ölkə ərazisində olan zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq- bütün bunlar, Azərbaycanın milli irsidir və qorunur. Amma beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoymamışdır. 

Ermənistan ölkəmizə qarşı uzun illər ərzində ekoloji terroru davam etdirib. 30 il boyunca çaylarımızdan məhrum olmuşduq. Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar. Həmin ərazilərdə 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdir. 

Böyük Zəfərdən sonra azad edilmiş torpaqlarımızın dirşəldilməsi üçün geniş fəaliyyət planını reallaşdırmağa başlandığını qeyd edən ölkə başçısı qeyd etdi ki, Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb, 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur.Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub. 

Azad edilmiş ərazilərdə yeni enerji layihələrinə də start verilib. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. 

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü dövlətin- ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün uzun illər heç bir iş görmədiyini də konfrans iştirakçılarına xatırlatdı. Ölkəmiz torpaqlarımızı işğaldan azad etmək üçün ordu quruculuğuna xüsusi diqqət yetirdi, iqtisadi islahatlar həyata keçirildi. Vətənpərvər, Vətənini ürəkdən sevən, yüksək motivasiyalı gənclər yetişdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Madrid prinsiplərini həyata keçirdi. Döyüşlər zamanı Azərbaycan bütün Xəzəryanı ölkələrə məktublar göndərdi ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu. Bununla belə, Azərbaycan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdlərini boşa çıxardı. Düşmənin silahlı qüvvələrini darmadağın edib Böyük Zəfər qazandı. 

Ermənistanın bölgədə özünü təcrid etməsi beynəlxalq müstəvidə onu mühüm layihələrdən kənarda qoyur. Bu isə Ermənistanın bir dövlət kimi mövcudluğunu gələcəkdə şübhə altına alır. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.

Azərbaycan beynəlxalq əməkdaşlığa ciddi əhəmiyyət verən ölkədir. Güclü Ermənistan diasporunun Fransada nəinki qərarvermə prosesinə, eləcə də insanların beyinlərinə mənfi təsir etməsinə baxmayaraq, ölkəmiz Fransa ilə münasibətlərə hər zaman əhəmiyyət verir. Prezident çıxışında Azərbaycan və Fransa arasında güclü mədəni münasibətlərin irəliləyişini də məmnunluqla qeyd etdi. 

Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. 

Prezident İlham Əliyev: "Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Bildiyiniz kimi, vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Hesab edirəm ki, belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün biz görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir və dediyim kimi, bizim əməkdaşlığımızın müstəqil xarakterini ortaya qoyur. Bizim bütün etdiklərimiz Azərbaycan xalqının maraqları naminədir ki, bu xalq uzun illər sürən işğaldan sonra sülh arzusundadır."

Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşın həlak olması və ya ağır yaralanması hələ də ermənilərin vəhşi əməllərinin ağrı-acısını yaşadığımızı göstərir. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olsa da, təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. 

Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib,- bu, bir daha ikili standartların təzahürüdür. Ermənistan üçün ayrılmış vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. Avropa İttifaqı Azərbaycana minatəmizləmə işlərinə 5 milyon avro ayıracaq.

Bununla belə, Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun iki ölkə arasında səylərinə böyük önəm verir. 

Prezident İlham Əliyev: -"Biz Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edirik və onun səylərini alqışlayırıq. Hesab edirəm və düşünürəm ki, indi Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Avropa İttifaqı normallaşma prosesində çox fəal rol oynaya bilər və oynayır da. Biz bunu dəstəkləyirik və faydalarını görürük."

Erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq özünü göstərir. Azərbaycan əraziləri, eləcə də Qarabağın tarixi ilə bağlı saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar. Bunlar isə başdan-başa saxtakarlıqdan başqa bir şey deyildi. Ermənilər həmişə düşündüyünə görə özlərinin itirmiş olduqlarına necə nail ola biləcəkləri haqqında xəyal edirlər. Onlar həmişə öz ideologiyası, öz təhsilini keçmişə əsaslandırmaqla gələcəklərini də əldən verirlər. 

Azərbaycanın sosial-iqtisadi göstəriciləri yüksələn xətt üzrə inkişaf edir. Cari ilin üç ayında iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. 

Prezident İlham Əliyev kofransda çıxışı zamanı bildirdi ki, Azərbaycan artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikir və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Ermənistan bu prosesdə iştirak etməsə, onda ondan dolayı yollarla keçəcəyik. 

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbulu ilə bağlı dövlət başçısı bildirdi ki,  “Orta dəhliz” Çindən Azərbaycan, Xəzər dənizi və Gürcüstandan keçməklə ya Gürcüstanın dəniz limanlarına, ya da Türkiyənin Qars şəhərinə daşımanı nəzərdə tutur. Bu, bizim üçün yeni imkandır. Bizim nəqliyyat infrastrukturumuz tamamilə yenidir. Bu, tamamilə yeni dəniz limanı, Xəzəryanı dövlətlər arasında ən böyük Xəzər donanması, dəmir yoludur."

Lakin biz əməkdaşlığımızı yalnız tranzit və daşımalar sahəsində görmürük, daha geniş şəkildə, çox yaxşı siyasi əməkdaşlığa malik olaraq biz Çin şirkətlərini burada investorlar kimi görmək istərdik.

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmin "Azərbaycanın “Şuşanın dostları” adlı bir internet səhifəsi yaratsın və bu mədəniyyəti hiss etmək istəyənlər orada qeydiyyatdan keçsin və hər hansı bir mədəniyyət tədbiri keçirildikdə onlar oradan məlumat alsın və Şuşaya səfərə gəlsinlər. Bu, təkcə bu region deyil, bütün dünya üçün bir mədəniyyət platforması ola bilər." təklifinə çox müsbət yanaşan Respublika Prezidenti bildirdi ki, həqiqətlərin təbliğ olunmasında və əməkdaşlıq əlaqələrinin dərinləşməsində bu qrupun çox böyük rolu ola bilər.

Azərbaycan bütün öhdəliklərə əməl edir. Ölkə başçısı vurğuladı ki, istehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Bu, 9 milyard kubmetrdən artıq idi. 

Artıq Abşeron yatağında 1.5 milyard kubmetr əlavə qaz var. Cənub Qaz Dəhlizi qaz kəmərləri sisteminə inteqrasiya olunub.

Aprelin 26-da Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilməsi də iki ölkə arasında ticarət dövriyyəsinin  artırılmasını nəzərdə tutur. 

Prezident İlham Əliyev konfransda çıxışı zamanı azad edilmiş ərazilərdə yaradılan yeni idarəçilik sistemindən də söz açıb. Bildirib ki, Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunub. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və o qədər də hərtərəfli düşünülməmişdir. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az