Respublika Prezidenti İlham Əliyev: "İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm."


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi geniş ictimaiyyət tərəfindən maraqla qarşılandı və siyasi dairələrdə böyük əks-səda doğurdu. Ölkə başçısı müsahibə zamanı İkinci Qarabağ müharibəsinin gedişi, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə rusiyalı oxuculara əhatəli məlumat çatdırıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı, yaşayış məntəqələrini, hərbi mövqeləri bir neçə istiqamətdən atəşə tutdu. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, xalq müqəddəs Vətən müharibəsinə qalxdı. Qısa zamanda düşməni geri çəkilməyə məcbur edən Azərbaycanın Silahlı Qüvvələri iki əsas zərbə istiqamətindən əks hücumu uğurla davam etdirdi.
Ordumuz hərbi əməliyyatların birinci günündə düşmənin müdafiə xəttini yarmağa nail oldu, günün sonunda isə Silahlı Qüvvələrimiz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi.
Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı.
Dövlət başçısı müsahibəsində Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planından məlumatlı olduğunu diqqətə çatdırıb: "Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna
dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik."
Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində Silahlı Qüvvələrimizin ilk uğurları barədə bunları deyib: “İlk uğurlarımız həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından çox vacib rol oynadı. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi məhz uğura aparan amillər baxımından son dərəcə nümunəvidir.”
Torpaqlarımızın azadlığı savaşında ən mühüm hərbi əməliyyatları xatırladan ölkə başçısı bu baxımdan Hadrutun azad edilməsinin gələcək uğurlarımız üçün çox mühüm strateji əhəmiyyət kəsb etdiyini qeyd edib: "Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.
Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı."
Prezident İlham Əliyev bildirib ki, Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi: "Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu."
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin gedişinin müfəssəl təhlilində Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin (XTQ) işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadığını bildirib: “Bizim XTQ-lər fədakarcasına döyüşürdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər”, - dövlət başçısı deyib.
Dövlət başçısının sözlərinə görə, bütün əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilsin: “Bu səbəbdən əks-hücum əməliyyatı həyata keçirən Azərbaycanın öz sözləri ilə desək, daim “taktiki geri çəkilən” Ermənistanla müqayisədə daha az itkiyə məruz qalması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillər həm mənə, həm Azərbaycan ordusuna, həm də Azərbaycan xalqına inam bəxş edirdi”.
Bu müqəddəs savaşda qazanılan hər uğur Ali Baş Komandanımızın yüksək siyasi iradəsinin, sərkərdəlik istedadının ifadəsi idi. İqtidar-xalq-ordu birliyi "Dəmir yumruq" kimi möhkəm və qüvvətli idi. O qədər qüvvətli ki, "Dəmir yumruğ"un zərbəsi hər gün, hər saat düşməni diz çökdürürdü. "Keçilməz sədlər" adlı erməni mifini elə ilk günlərdən yerə gömmüşdü.
Müharibə günlərində tərəflər arasında informasiya müharibəsi də bütün şiddəti ilə davam edirdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev dünyanın aparıcı media nümayəndələrinə verdiyi müsahibələrlə təkbaşına düşmənin informasiya siayasətini məhv etmişdi. Qarabağ həqiqətlərini savaşın qaynarlığında müxtəlif dillərdə dünya birliklərinə çatdıraraq erməni siyasi-hərbi iqtidarını çıxılmaz vəziyyətə salmışdı.
İgid Vətən oğullarının Bayraq sevgisini 44 günlük Vətən müharibəsində görmək bir başqa duyğu idi. İşğaldan azad edilən yaşayış məskənlərində Bayrağımızı dalğalandıran, bu müjdəni ən əvvəl Ali Baş Komandanımıza məruzə edən igidlərimizin özləri də Bayrağımız kimi vüqarlı və möhtəşəm idilər.
Azərbaycanın bu müharibədə tətbiq etdiyi çox sayda fərqli silahlı mübarizə metodları dünyaın bir çox hərbi doktrinalarında əsaslı dəyişikliklərə səbəb oldu. Vətən müharibəsi pilotsuz uçuş aparatlarının kütləvi tətbibinə görə hərb tarixinə düşdü. Pilotlu və pilotsuz aviasiyanın koordinasiyalı tətbiqi Türkiyədən sonra ilk dəfə Azərbaycanda tətbiq edildi.
Kəlbəcər, Laçın, Ağdam kimi çətin coğrafi relyefli ərazilərində on illərlə qurulub-möhkəmləndirilən düşmən istehkamlarının hərbi yox, siyasi həmlə ilə tari-mar edildiyi də tarixin siyəsət meydanında az-az xatırlanır. Dünya hələ də 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qeyri-adi döyüş taktikasının, qabiliyyət və bacarığının qarşısında heyrətini gizlədə bilmir.
Nəhayət, 2020-ci il, noyabrın 8-də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz daha bir şanlı tarix yazdı- Qarabağımızın incisi, könlümüzün "Xarıbülbülü", mədəniyyətimizin beşiyi, dağlar başında dumanla-çənlə süslənən Şuşamız işğaldan azad edildi!
; 44 günlük müharibədə darmadağın olan Ermənistan noyabrın 9-da, Azərbaycanın Bayraq Günündə təslim oldu və noyabrın 10-da Bakı vaxtı ilə saat 00:00-dan etibarən qüvvəyə minən 3 tərəfli 9 maddəlik Bəyanatı imzaladı. Bu, Ermənistanın koputilyasiyasının rəsmi təsdiqi idi.
İndi Bakıda Hərbi Qənimətlər Parkında İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksi yaradılıb. Bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır. “Məğlubedilməz” Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da yer alır. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayişi olunduğu Park “Dəmir Yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. 
Dövlət başçısı müsahibədə onu da qeyd edib ki, müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Həmin vaxt Tərtər şəhəri daha çox zərər gördü. Cinayətkar Ermənistan hakimiyyəti bütün bu cinayətlərə, işğal etdikləri ərazilərimizdə törətdikləri vandalizmə, barbarlığa beynəlxalq hüquq prinsipləri əsasında dünya ictimaiyyəti qarşısında qarşısında cavab verməli olacaq.
Postmüharibə dövrü yeni reallıqlar yaratdı. Qarabağın dirçəldilməsi üçün çox böyük iqtisadi layihələr həyata keçirilir. Prezident İlham Əliyev bu barədə fikirlərini konkret faktlarla çatdırıb:- "İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayrılmışdır. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirməprosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib.
Şuşa şəhərinin baş planı təsdiq edilib. Bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və şuşalılar oraya qayıda biləcəklər."
Böyük qayıdışın qarşısında ən böyük maneə sahələrin minalanmasıdır. Ermənilər tərəfindən Azərbaycana verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Bu səbəbdən də azad edilmiş ərazilərimizdə sürətli iş icra etmək çox çətindir.
Prezident İlham Əliyev deyib ki, sülh müqaviləsi üzərində iş başlanmalıdır. Azərbaycan bu prosesə hazırdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur.
Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalı, “Dağlıq Qarabağ” adlı inzibati ərazini bir dəfəlik yaddan çıxarmalı, region ölkələrində müzakirə olunan təşəbbüslərə qoşulmalıdır.
Prezident İlham Əliyev müsahibəsində sülhməramlı qüvvələrin statusu məsələsinə də toxunub. Bildirib ki, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib.
Ölkə başçısı rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndirir və bunu sabitlik üçün mühüm amil hesab edir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az