Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 16-da ölkəmizin mədəniyyət beşiyi Şuşa şəhərinə səfər edib. Bu dövlətimizin başçısının Şuşaya ikinci səfəri idi. Lakin adi səfərlərdən fərqlənirdi. 30 ilə yaxın bir müddətdə həsrətində olduğumuz cənnət Qarabağımızın düşmən tapdağından azad olunmuş hər qarışı bizim üçün son dərəcə dəyərli, qiymətlidir. Lakin Şuşanın azad olunması sanki Rəşadətli Ordumuzun bütün gücünü dünyaya nümayiş etdirdi.
Qalib ordunun Müzəffər Ali Baş Komandan 44 günlük müqəddəs Vətən müharibəsində bir an belə ordusunu, xalqını yalnız qoymadı. Böyük Sərkərdənin komandanlığı altında ordumuz qan tökərək, şəhidlər verərək doğmalarına həsrət torpaqlarımızı azad edərkən Ali Baş Komandan müxtəlif siyasi dialoqlara qoşularaq ikili standartları qırmağa çalışır, tutarlı cavabları, məntiqli yanaşmaları ilə rəqibini susdurur, düşmənlərin ürəyinə dağ çəkirdi. Xarici ölkələrin nüfuzlu mətbuat orqanları nümayəndələrinin suallarını cavablandırarkən hər dəfə düşmən tərəfin qoşunlarını geri çəkəcəy tarixi bildirənə qədər müharibənin davam edəcəyini söyləyirdi. Şuşanın misilsiz bir qəhrəmanlıq və şücaətlə mənfur düşməndən azad edilməsi, onun caynağından qoparılması qarşı tərəfin diz çöküb kapitulyasiya aktına imza atması ilə nəticələndi. Hər dövlət başçısına nəsib olan deyil bu cür zəfər müjdəsini xalqına çatdırmaq. 8 noyabr bütün dünya azərbaycanlılarının yaddaşına Şuşanın azad olunmasını elan edən Prezidentin qalib duruşu ilə həkk olundu.
Qarabağa səfəri zamanı cənab Prezident nələrlə qarşılaşmadı? Səfər zamanı Prezident və hər dəfə onunla Qarabağı ziyarət edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Şuşaya aparan Zəfər yolu boyunca erməni vandalizminin bir daha şahidi olurdular. Mənfur düşmən cənnət Qarabağımızın bütün şəhər və kəndlərini, infrastrukturunu dağıtmış, daşı daş üstə qoymamış, tarixi abidələri yerlə yeksan etmiş, insanlığa sığmayan vandalizmə imza atmışdı. İşğal nəticəsində bütün bina və məscidlərimiz dağıdılıb, məscidlərdə heyvan saxlayıb, bizim müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də daxil hər yer viran edilmişdir. Erməni vandalları Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzində yerləşən xan sarayı və iqamətgahı olmuş tarixi sarayı, Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb. Ermənilərin barbar hərəkətləri nəticəsində vaxtilə dünyanın ən gözəl guşələrindən olan Qarabağ ucsuz-bucaqsız xarabalığa çevrilmişdi. Vəhşiliyini hər addımda sübut edən ermənilərin hərəkəti hər birimizi olduğu kimi Prezident cənab İlham Əliyevi də heyrətə gətirir. Cənab Prezident səfər zamanı çıxışlarında gördüklərini bu sözlərlə ifadə edir: “Vandalizm, barbarlıq və vəhşilik”...
Özlərini demokratiya carçısı adlandıran, xalqların azad yaşamaq, adət-ənənələrini yaşatmaqla tarixi irsini qorumaq hüquqlarının olduğunu deyən beynəlxalq təşkilatlar indi gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər və qiymət versinlər kimdir dünyaya sülh, əmin-amanlıq istədiyini deyən demokratiya ölkə...
Artıq hər şey arxada qaldı. Yurdumuz, el-obalarımız düşmən tapdağından azad edildi. Cənab Prezidentin Şuşaya müraciətlə dediyi “Biz səni dirçəldəcəyik” sözləri artıq reallaşır.
Şuşada, bütövlükdə işğaldan azad olunmuş torpaqlarımızın hamısında quruculuq-abadlıq işlərinə başlanıb. Bu işlərin bariz nümunəsi kimi Zəfər yolunu qeyd etmək olar. Şuşada, Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq, məqbərənin əvvəlki görkəmi bərpa ediləcəkdir. Artıq Heydər Əliyev Fondu öz vəsaiti hesabına bərpa işlərinə start verib. İşlər çərçivəsində, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də icra ediləcək.
Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini Pənahəli xan qoyub və həmişə burada azərbaycanlılar yaşayıb. Ermənilər isə Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri inkişaf etdirmək əvəzinə xarabalığa çevirib, bütün infrastrukturunu məhv ediblər.
Şuşanın bərpası çərçivəsində şəhərdə kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacağı üçün burada “beş”, “dörd” və “üç” ulduzlu otellərin tikilməsi nəzərdə tutulmuşdur. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək, gələcək illərdə yenidən ən gözəl şəhərlərimizdən birinə çevriləcəkdir.
Artıq qısa müddət ərzində inşa edilmiş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu da Şuşanın dayanıqlı enerji ilə təchiz edilməyi deməkdir.
İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Lakin, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğala qarşı öz haqq mübarizəsinə qalxdı, oniliklərdir beynəlxalq təşkilatların verdiyi, lakin həyata keçirmədiyi bütün qətnamələri reallaşdırdı, öz torpaqlarını vəhşi düşməndən azad etdi.
Müharibələrdə qələbənin əsas amillərindən biri iradə, digəri isə uğurlu hərbi strategiyadır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun başqa istiqamətdə hücumunu gözləyən Ermənistan hərbi strateqlərinin planlarını pozdu. Buna görə də erməni tərəfi və hərbi dezinformasiyalar yaymaqda onlara kömək edən bəzi xarici KİV-lər Hadrutun azad olunmasını uzun müddət etiraf etmək istəmirdilər. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin vacib olduğu Ali Baş Komandan İlham Əliyev tərəfindən ətraflı şərh edilib, Azərbaycan əsgərinin düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşaraq əsl mərdlik, qəhrəmanlıq göstərərək şəhəri azad etdiyi bütün dünyaya nümunə kimi göstərilmişdir.
Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistandan və xarici ölkələrdən gətirilən ermənilərlə zorla məskunlaşdırılan qəsəbə azad edilsə də, qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Halbuki döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur.
Prezident cənab İlham Əliyev işğalçılardan azad edilmiş Daşaltı kəndinə də səfər etmişdir. Müzəffər Ordumuzun Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olduğunu bir daha xatırladan Prezident cənab İlham Əliyev bu kəndin də bərpası ilə bağlı tapşırıqlarını verərək buranın əzəli Azərbaycan torpağı, Qarabağ torpağı olduğunu qeyd etmiş, bundan sonra Azərbaycan xalqının burada əbədi yaşayacağını bildirmişdir.