Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada səfirliyin dəstəyi ilə Şamaxıda həyata keçirilən sosial-iqtisadi və mədəni layihələrin müzakirəsi və tanışlıq məqsədilə Şamaxıya səfər edib. Şamaxı Rayon İcra Hakimiyyətində səfirlə keçirilən görüşdə Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonda reallaşdırılan layihələrdən danışılıb.
Görüşdə səfirliyin dəstəyi ilə təhsil sektorunda informasiya texnologiyaları və innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın çox faydalı olacağı vurğulanıb.
Səfər çərçivəsində səfir Cuniçi Vada Şamaxı Astrofizika Rəsədxanasında, Dəmirçi kəndindəki muzeydə, Cümə məscidində, İmadəddin Nəsiminin qardaşı Şahxəndan türbəsində, “Şirvan Şərabları” müəssisəsində olub. Səfir, habelə bir qrup Yaponiya vətəndaşı tərəfindən Şamaxıya göndərilmiş 1000 ədəd sakura ağacının əkildiyi sahəyə də baş çəkib.