...O Qanlı 20 Yanvar gecəsinə hələ xeyli vardı. Qış bumbuz nəfəsini hər yanda duydursa da uşaqların gülüşlərini dondurmaq niyyətində deyildi. Əksinə, gecənin bir yarısında göydən yerə dümağ qar ələmək haqda düşünürdü. Və bilirdi ki, bu soyuq, ağappaq qarlar səhər açılan kimi uşaq əlllərində isinəcək. Sonra da... Sonrası nağıl olacaqdı- unudulmaz “Qış nağılı”. Amma böyüklər 20 Yanvar gecəsinin gələcəyindən duyuq düşmüşdülər. Vətəni müstəqil görmək istəyən insanlar gecədən sübhə kimi arzularının keşiyini çəkirdilər.
Yanvarın 19-dan 20-nə keçən gecə Azadlıq arzumuza güllələr yağdırıldı. Şəhid xəbərləri gələndə evlərin qapıları çoxdan açıq idi. O gecə məktəblilər İlqar İbrahimovun, Larisa Məmmədovanın, tələbə şair Ülvi Bünyadzadənin arzuları da yarımçıq qaldı.
...20 Yanvar şəhidləri azadlıq uğrunda mübarizəmizin simvolu kimi xalqımızın qəlbində əbədi məşələ döndü. Bu məşəlin gur işığı müstəqilliyimizin əbədiyyət yolunu aydınlatdı.
20 YANVAR: QANLA YAZILAN ŞANLI TARİX
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov: “ 20 Yanvar 1990-cı il faciəsi bütün dəhşətlərinə baxmayaraq, xalqımızın iradəsini, milli azadlıq ruhunu, mübarizə əzmini qıra bilmədi. Əksinə, xalqımız müstəqillik uğrunda apardığı mübarizədən bir addım da olsun geri çəkilmədi və daha mübariz oldu, suverenliyinə qovuşdu.”
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi də daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.
Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 30 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
-Bu fikirlər Şamaxıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirində səsləndirilib.
Əvvəlcə yazıçı-publisist Rafiq Səməndərin 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş və təkrar nəşr edilmiş “Şəhidlər” kitabı oxuculara təqdim olunub, məktəblilərin çəkdikləri rəsmlərə baxılıb. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qanlı Yanvar faciəsinin XX əsr ərzində xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək, ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xalqımızın silahsız övladlarını vəhşicəsinə qətlə yetirdiyini diqqətə çatdıran icra başçısı bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar 1990-cı il faciəsi bütün dəhşətlərinə baxmayaraq, xalqımızın iradəsini, milli azadlıq ruhunu, mübarizə əzmini qıra bilmədi. Əksinə, xalqımız müstəqillik uğrunda apardığı mübarizədən bir addım da olsun geri çəkilmədi və daha mübariz oldu, suverenliyinə qovuşdu.
İcra başçısı Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pislədiyini qeyd edib, faciəyə ilk dəfə siyasi-hüquqi qiymətini də, məhz Ulu öndər tərəfindən verildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Hedər Əliyev 1990-cə ilin 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi kimi vacib məsələləri də daim diqqət mərkəzində saxlayıb. 1994-cü il martın 29-da qəbul olunan "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar da Ümummilli liderin təşəbbüsü ilə qəbul olunub. Həmin sənəddə 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət öz əksini tapıb. Heydər Əliyevin tapşırığı ilə qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülməklə, burada memorial kompleks ucaldılıb.
20 Yanvar gününün Ümumxalq Hüzn Günü kimi elan olunması, "20Yanvar şəhidi" fəxri adının təsis edilməsi, 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi işlərinə başlanması da Ulu öndərin adı ilə bağlıdır.
Rayon rəhbəri Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələri barədə əsl həqiqətlərin Prezident İlham Əliyev tərəfindən beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən də danışıb. Bildirib ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hər il dövlət başçısı tərəfindən imzalanan müvafiq sərəncamlarla respublikamızda və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş anma mərasimləri keçirilir, ildönümlərlə bağlı tədbirlər planı hazırlanaraq icra edilir.
XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri
zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxışında xalqımızın tarix boyu yadellilərin işğalçılıq siyasətindən çox əziyyət çəkdiyini qeyd edib. O, 20 Yanvarın qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsi olduğunu bildirib. Vurğulayıb ki, xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.
Tədbirdə yazıçı-publisist, Əməkdar jurnalist Rafiq Səməndər də iştirak edib. Həmin dəhşətli gecənin canlı şahidi olan R.Səməndər şəhid ailələrini bir-bir ziyarət edib, “Şəhidlər” adlı kitabını ərsəyə gətirmişdi.
150 min tirajla nəşr olunmuş kitabın müəllifi çıxışı zamanı faciənin yaşandığı gün və sonrakı günlərdə qarşılaşdığı hadisələr barədə danışaraq xatirələrini bölüşüb, faciənin əsl mahiyyətini və mənzərəsini diqqətə çatdırıb.
Rafiq Səməndər çıxışında bildirib ki, bu cinayəti törədənlər öz əməllərini ört-basdır etmək üçün aləmə car çəkirdilər ki, guya sadəcə, xəbərdarlıq atəşi açıblarmış. Halbuki yandırıcı güllələrin, demək olar ki, hamısı şəhid olmuş insanların qurşaqdan yuxarı əzalarına sancılmışdı. Mən də yazırdım ki, ayağından dəyən güllə başından çıxıb. Amma yazmağa çətinlik çəkdiyim yazı təkcə qolu tapılmış şəhidimizlə bağlı olub. O barədə bir müddət demək olar ki, heç nə yaza bilmədim. Sonradan qolun kimə aid olduğunu araşdırıb tapdım. Hətta onların evinə də getdim. Anası ağlaya-ağlaya övladını qolunda qalmış sviterdən tanıdığını dedi. Sən demə, ana o sviterdən iki dənə toxuyubmuş: birini əri, o birini də oğlu üçün.
Tanınmış yazıçı-publisist çıxışının sonunda 20 Yanvar şəhidlərinin azərbaycanlıları daha da birləşdirdiyini, müstəqillik yolunda xalqımızın mübarizə əzmini daha da gücləndirdiyini vurğulayıb. Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycanın yaradılmasında əsas bünövrə təşkil etdiyini söyləyiblər.
Sonra Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev çıxış edərək müstəqillik yolunda digər xalqların da oxşar faciələr yaşadığını, amma 1990-cı ildə Azərbaycanda törədilmiş qırğının daha amansız və genişmiqyaslı olduğunu söyləyib. “Təəssüflər olsun ki, dünyada hələ də ikili standartlar hökm sürür və 20 Yanvar faciəsi barədə bütün həqiqətlər bəşəriyyətə bu gün də geniş açıqlanmır, bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verirlər”, - deyə Ə.Abdullayev bildirib.
Professor qeyd edib ki, 20 yanvarda müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin idealı olan müstəqil ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, dünyada öz sözünü deyən güclü dövlətlər sırasında adı çəkilir. 20 Yanvar hadisələri xalqımız üçün təkcə böyük faciə deyil, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir.
Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna
əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.