25 oktyabr - Qubadlı şəhəri günüdür


“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” - Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir. İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir.
Rayon şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan Zəngilan rayonu,  qərbdən isə 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir.
Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər var.
Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.
Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Qubadlı qədim insan məskənlərindəndir. Bu  ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb.
ÖTƏN ƏSRDƏ QUBADLI DƏFƏLƏRLƏ ERMƏNİ İŞĞALÇI QÜVVƏLƏRİNIN HÜCUMLARINA MƏRUZ QALIB (1915, 1918, 1920)
 Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.
1988-ci ildən başlayaraq rayona erməni təcavükarlarının yenidən hücumları başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib.
1988-1993-cü illərdə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə  bu rayondan 238 nəfər şəhid olub. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarlarının işğalına məruz qaldı. Nəticədə rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər.
Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib.
İşğal dövründə rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.
Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənd də onun adı ilə adlandırılıb. Oykonim “xana məxsus mülk, malikanə” mənasındadır.
Xanlıq kəndində toxunan xalçalar hər zaman məşhur olub və öz yüksək keyfiyyəti ilə seçilib. Xanlıq xalçası dünya bazarlarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.
Erməni qəsbkarları Qubadlını işğal etdikləri zamanı kəndin adını dəyişdirərək İşkanadzor qoymuşdular.

QUBADLI ƏMƏLİYYATI XÜSUSİ PEŞƏKARLIQ VƏ FƏDAKARLIQ TƏLƏB EDİRDİ
Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.
Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.
Oktyabrın 25-də- Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tvitter hesabından elan edib.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.

2020-CI İL NOYABRIN 26-DA “QUBADLININ AZAD OLUNMASINA GÖRƏ” MEDALI TƏSİS EDİLDİ
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

QUBADLI RAYONUNUN BÜTÜN KƏNDLƏRİ, O CÜMLƏDƏN QUBADLI ŞƏHƏRİ YENİDƏN QURULACAQDIR
Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır".
Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. 
Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.
Prezident İlham Əliyev bildirib ki, indi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun. Üstəlik, Qubadlı böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri vardır. Həkəri, Bazarçay, Bəsitçay və Tərtər çayı vasitəsilə biz su resurslarımızdan da səmərəli istifadə etmək imkanı qazandıq. Ən əsas məsələ ilə Qubadlı sakinlərinin də bu bölgəmizin inkişaf konsepsiyasında yaxından iştirak etməsidir.
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

QUBADLI RAYONUNUN YENİ İNKİŞAF DÖVRÜ XALQIMIZIN YADDAŞINA ƏBƏDİ HƏKK OLUNUR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ərazilərimizə səfərləri zamanı burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev   23 dekabr  2020-ci il tarixli səfərində, Qubadlıda  Azərbaycan bayrağını ucaldıb.
Dövlət başçısının  2021-ci il oktyabr ayının 25-də səfəri Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi və “Qubadlı” yarımstansiyasının açılış mərasimi ilə yadda qaldı. Həmin gün  Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı və Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş qubadlıların, eləcə də xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.
Prezident  cənab İlham Əliyevin 19 oktyabr 2022-ci il tarixli səfərində “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq və "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısının  04 may 2023-cü il tarixli səfəri zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri ilə yadda qaldı.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az