Ötən il Şamaxıda əsas kapitala yönəldilən investisiyanın 88,7 faizi tikinti-quraşdırma işlərinə sərf olunub
Şamaxı rayonunda ötən il əsas kapitala yönəldilən investisiyanın 88,7 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.
Bu barədə rayon statistika idarəsindən "Şirvan" az-a verilən məlumatda bildirilir ki, keçən il Şamaxıda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 113 milyon 534,3 min manat investisiya yönəldilib. İnvestisiyanın 100 milyon 723,6 min manatı tikinti-quraşdırma işlərinin payına düşür. Rayon ərazisindəki kənd yollarında, eləcə də şəhərin küçə və parklarında yenidənqurma və əsaslı təmir işləri görülüb, təhsil ocağı, körpələr evi-uşaq bağçası tikilib və ya əsaslı təmir edilib, yeni obyektlər inşa olunub.
Qeyd edək ki, ötən il ümumi dəyəri 5 milyon 210,9 min manat, yaşayış sahəsi 11 min 480 kvadratmetr olan 91 fərdi yaşayış evi tikilib. İnşa edilən yaşayış binalarının 59-u kəndlərdədir.