Zəfər tariximizin başlanğıcı olan 2020-ci il 27 sentyabrdan bir il ötür. Bu tarixi əbədiləşdirən qəhrəman şəhidlərimiz bütün ölkədə olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universiteitinin (ADPU) Şamaxı filialında da ehtiramla yad edildi. İlk olaraq filialın rəhbərliyi şəhid məzun Orxan Nəbiyevin Qurttəpə kəndində yerləşən məzarını, daha sonra Şamaxı rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərimizin ruhuna dualar oxudular.
Həmin gün filialda Vətən müharibəsi şəhidlərinin fotolarından ibarət stendin açılışı oldu və filialın həyətyanı sahəsində şəhid məzunların əbədiləşdirilmiş xatirəsi önünə gül dəstələri düzüldü. Daha sonra akt zalında pandemiya qaydalarına uyğun anım tədbiri keçirildi.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra Xudayar təsnifi ilə tədbir iştirakçıları bir anlıq tarixi günlərə geri döndülər. Saat 12:00-da bir dəqiqəlik sükultla bütün şəhidlərimizin əziz xatirəsi yad olundu.
44 günlük Vətən müharibəsinin qürurverici məqamlarına çıxışında yer verən flialın direktoru, dosent Tünzalə Yusifova Zəfər tarixindən, Azərbaycan xalqının bir yumruq tək Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən danışdı. Cənab Prezidentin o tarixi günlərdə göstərdiyi qətiyyətin hələ uzun illər dillərə dastan olacağı bildirildi. Qeyd olundu ki, yazılan dastanlar arasında neçə-neçə igid ömrü, yarımçıq qalan arzular da vardı. Bu gün bizim qürurla bəhs etdiyimiz qələbə günlərinin arxasında illərlə çəkilən zəhmət, dövlətçilik uğrunda aparılan mübarizə dayanır.
Tədbirdə çıxış edən Şəhriyar qəsəbəsindən olan şəhid Anar Babaşovun anası Güllü Babaşova, şəhid Saleh Heydərovun nənəsi Vəzifə Hüseynova, şəhid Tərlan Amanaliyevin atası Amanaliyev Rövşən, şəhid Zahir Manafovun atası Zakir Manafov övladları ilə qürur duyduqlarından, həmçinin dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğıdan bəhs etdilər.
Şamaxı rayon Vətən müharibəsi iştirakçıları İctimai Birliyinin sədri Fuad Səmiyev, Filialın 2020-ci il məzunları - “Cəsur döyüşçü”, “Füzulinin azad olmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Sadıqov Əliyar, "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmiş Mürsəlov Qurban, Vətən müharibəsi iştirakçısı Ümid Rəsulov, filialın Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Fəxrəddin Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov çıxış edərək müharibə günlərində xalq-dövlət-ordu birliyindən danışdılar.
Tədbir tələbələrin 27 sentyabr anım gününə həsr etdikləri videoçarxın nümayişi ilə yekunlaşdırıldı.
Qeyd edək ki, həmin gün filial rəhbərliyi Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasında və Tarix-diyarşünaslıq muzeyində təşkil olunmuş ədəbi-bədii kompozisiyadan ibarət anım tədbirində də iştirak etdilər.