“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” - Ulu Öndər Heydər Əliyev
Dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb. Bu mübarizələr təkcə siyasi mübarizə olmayıb, həm də silahlı qarşıdurmalara, müharibələrə səbəb olub.
Müstəqilliyin əsası özünəməxsusluqdur. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil.
30 AVQUST 1991-Cİ İLDƏ AZƏRBAYCAN PARLAMENTİNİN – ALİ SOVETİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİ BƏRPA ETMƏK HAQQINDA" BƏYANNAMƏ QƏBUL EDİLİB
1991-ci il oktyabrın 18-də 6 fəsil, 32 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının eyni zamanda idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuş, bununla müstəqil, suveren Azərbaycan Respublikasının qurulduğu bütün dünyaya bəyan edilmişdir.
Azərbaycan xalqının dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, dövlətçiliyimizin təməli qədim diyarımız Naxçıvanda 1990-1991-ci illərdə atılmışdı. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat, daha sonra isə Naxçıvan Ali Məclisinin Sədri seçildi. Ulu öndərin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü ilə məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul olunması da dediklərimizi təsdiq edir. Naxçıvanda həyata keçirilən demokratik dövlət quruculuğu prosesi bütün Azərbaycana nümunə olmuşdu. Məhz dahilər yurdundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi: Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Bundan təşvişə düşən Ayaz Mütəllibov və komandası xalqın əzmi qarşısında geri çəkilməli oldu. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edilmişdi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və ya qanun qəbul etdilər. Azərbaycan aparılan böyük mücadilədən sonra yalnız 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1991-ci il noyabrın 9-da Türkiyənin o zamankı baş naziri Məsud Yılmaz Bakıya telefon açaraq Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırdı. Həmin il dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması ilə əlaqədar BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. İlk olaraq 1991-ci il dekabrın 9-da İKT Azərbaycanı öz sıralarına qəbul etdi. Dekabrın 11-də və 13-də müstəqilliyimizi tanıyan Rumıniya və Pakistan da rəsmi Ankara kimi dövlət müstəqilliyimizi tanıdı. Bundan sonra proseslər daha da sürətləndi. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə, artıq dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı. Təbii ki, 1991-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın ümumxalq səsverməsinə çıxarılması və 95 faiz seçicinin referendumda iştirak edərək aktı dəstəkləməsi də müstəqillik faktını rəsmiləşdirmiş, nəticədə daha çox dünya dövlətinin müstəqilliyimizi tanımasına rəvac vermişdir.
Dövlət idarəçiliyindən xəbərsiz olan naşı, səriştəsiz, bacarıqsız insanların hakimiyyətdə olduğunu görən düşmən xarici qüvvələr Azərbaycanın parçalanması, dağılması, yox olması istiqamətində fəal iş apardılar. Nəticədə ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talan edilməsi, sosial, siyasi və mədəni həyatda özbaşınalıq, hərcmərclik xalqın səbrini son həddə çatdırmışdı.
Azərbaycanın bəlalarla üz-üzə qaldığı vaxt xalq üzünü Naxçıvana tutdu və Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət edilməsini, ölkənin siyasi hakimiyyətinə kömək etməsəni təkidlə xahiş etdi. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən ulu öndər muxtar respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
AXC-Müsavat iqtidarına inamı və etimadı olmayan beynəlxalq ictimaiyyətin rəsmi nümayəndələri bir çox məsələlərdə Azərbaycan Parlamentinin sədri ilə məsləhətləşmələr aparır, razılığa gəlirdilər. Parlament sədrinin həmin nüfuzunun kölgəsində qaldığını görən dövlət başçısı iyunun 17-də gecə, xəlvəti şəkildə paytaxtı tərk etdi. Belə olanda deputatlar prezidentin səlahiyyətlərinin də parlament sədrinə verilməsi barədə qərar qəbul etdilər. Bu isə o demək idi ki, ölkədə növbədənkənar prezident seçkiləri keçirilməli idi.
Ulu Öndər Heydər Əliyevin paytaxta gəlişindən 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərinə qədər keçən üç ay müstəqillik tariximizin çox həyəcanlı dövrü idi. 1991-ci il oktyabrın 18-dən 1993-cü il iyunun 15-nə qədər yaşadığımız ağır və məhrumiyyətlə dolu günlərin arxada qalacağına inam və ümid yaranmışdı. Ancaq xalqın yaddaşında daha bir tarixi məqam yaşayırdı – 1918-20-ci illərdə mövcud olmuş müstəqil dövlətimizin taleyi. 1993-cü ilin 3 oktyabr seçkiləri ərəfəsində insanlar bir-birinə xəbərdarlıq edirdilər: “Bu seçkidə Heydər Əliyevi seçə bilməsək, müstəqillik əldən gedəcək”, “Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, indi qalır müstəqilliyin qorunması”, “Heydər Əliyevdən başqa heç kəs bizim azadlığımızı qoruyub saxlaya bilməyəcək” və sairə. Məhz bu prinsiplərlə, bu çağırışlarla seçkiyə gedən Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü deməyi bacardı və ulu öndər müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi.
Qarşıda görüləsi işlər hələ çox idi. Daxili və xarici fitnəkar qüvvələr yaxşı bilirdilər ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Azərbaycanın dövlət müstəqilliyinə zərbə vura bilməyəcəklər. Ona görə də gecə-gündüz hiyləli planlar qurur, lakin heç bir nəticə əldə edə bilmirdilər. Xalqa arxalanan ulu öndər 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması Ümummilli Lider Heydər Əliyevə ölkənin Əsas Qanunu olan Konstitusiyanın qəbulu istiqamətində real addımlar atmaq imkanı yaratmışdı. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikada vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur.
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI BEYNƏLXAQL ALƏMDƏ DƏ BÖYÜK NÜFUZ QAZANDI
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi mühüm məqamlarla yadda qaldı.
Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında - azərbaycançılıq ideologiyasında sistem halına gətirərək, müstəqil, hüquqi, dünyəvi, demokratik dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.
Son on ildə Azərbaycan Respublikası daha da sürətlə inkişaf etdi, bütün sahələrdə böyük tərəqqi baş verdi, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu dövrdə elə bir sahə qalmadı ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Son on il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artdı. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşdı. Ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyuldu, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşdı, gəlirlər 6,1 dəfə artdı, 1,2 milyon iş yeri açıldı. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azaldı.
Müstəqil Azərbaycan Respublikası beynəlxaql aləmdə də böyük nüfuz qazandı. Bunun ən bariz nümunəsi isə ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi. Bu, respublikamızın müstəqillik tarixində qazandığı ən böyük diplomatik zəfər, nailiyyətdir. Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazılmış bu hadisə respublikamızı dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevirdi. Bu ay isə daha bir əlamətdar hadisə baş verdi: Azərbaycan ikinci dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu böyük hadisə hər bir azərbaycanlını qürurlandırır, sabaha olan inamını, dövlətimizə, dövlət başçısına olan etimadını daha da möhkəmləndirir. Müstəqilliyinin ilk illərində böyük bəlalarla qarşılaşan bir dövlətin bu gün dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən mötəbər bir quruma sədrlik etməsinin isə əlavə şərhə ehtiyacı yoxdur.
AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ FİKİR, SİYASİ FƏALİYYƏT VƏ MÜBARİZƏLƏR TARİXİNƏ YENİ BİR KEYFİYYƏT GƏTİRƏN YENİ AZƏRBAYCAN PARTİYASI
Dahi Şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. YAP Aərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Müstəqiliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictimai-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı.
Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Bu gün artıq YAP-ın yaranma tarixindən 30 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O ağır vəziyyətdə, məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - Onun dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır.Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri ölkədə keçirilən seçkilərdə yaxından və fəal şəkildə iştirak etməkdir. Ötən illər ərzində Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası böyük uğurlar əldə etmişdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, seçkilərdə əldə etdiyi qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olmuşdur.
Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlu siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.
“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİ BƏRPA ETMƏK HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASI ALİ SOVETININ BƏYANNAMƏSI
30 AVQUST 1991-CI İL
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublika-sının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək,
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,
Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,
Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir.