Novruz bayramı həmrəyliyi, birliyi, sülhü və tolerantlığı tərənnüm edir


Ulu Öndər Heydər Əliyev:“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” 

Ulu Öndərin arzuladığı o gün gəldi. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərdən sonra qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçiririk. 30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Artıq ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. 

2021-ci ilin Novruz bayramında Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada, Cıdır düzündə bayram tonqalını alovlandırması, soydaşlarımızı bayram münasibətilə təbrik etməsi qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın xatirəsinə, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlaməti idi.

Ölkəmizdə maddi və qeyri- maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda yaşıllıq zonalarının salınması ekoloji mədəniyyətin inkişaf etdirilməsi və ənənəvi ağacəkmə layihələrinin əsasını qoymuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək" kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – "Nəsimi İlində" Mehriban xanımın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Mehriban xanımdır. 

Novruz sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.

Novruz siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Novruz çərşənbələrinin ardıcıllığı xalqımızın əski mifik dünyagörüşündən qaynaqlanır. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır. Novruzqabağı qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə seçilir. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Selçərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, talegöstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir. 

Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Bu çərşənbə “Üskü/üsgü çərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” adları ilə də tanınır. Od–işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur. 

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. “Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel”, kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Əski inamlarda yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün dünyanın Yaradıcısı tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir.

Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq” çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır. Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də millimənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanmışdır: “Torpaq haqqı”, “Torpağı sanı yaşayasan”. Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur. “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz” və s.

Novruz bayramı rəngarəng folklor nümunələri ilə zəngindir.  “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar Novruz bayramı haqqında müxtəlif mahnılar yazmışlar.  Həmçinin, Novruz bayramı haqqında "Novruzun çələngi" və "Ocaq" kimi Azərbaycan filmləri çəkilib. Azərbaycan təsviri sənətinin başlıca mövzularından biri də Novruzdur.Həmçinin Novruz haqqında Rəssamlarımız bayram, onun mərasimləri, rəmzləri ilə bağlı müxtəlif əsərlər yaradıblar. 

Xalq rəssamı Əzim Əzimzadə əsərlərində xalqımızın adət-ənənələrini, yaşam tərzini, gerçəkliyini olduğu kimi əks etdirməklə bizi özümüzə dərindən tanıtdırıb. Onun Novruzla bağlı əsərləri də bu qəbildəndir. Realist rəssamın bu mövzuda məşhur rəsmlərindən biri “Kosa-kosa oyunu” adlanır. Əsərdə yazın rəmzi olan Kosa müqəvva kimi təsvir edilib. Amma onun yanında qışın rəmzi olan Keçəl yoxdur. Oyunun iştirakçıları isə kişilər və uşaqlardır. 

Rəssamın “Sabunçu hacıları xoruz döyüşdürürlər” əsəri Novruzun başqa bir adətinə həsr olunub. 
Görkəmli rəssam Ələkbər Rzaquliyev də xalqımızın məişətini, adət-ənənələrini ustalıqla əsərlərinə köçürüb. Rəssamın Novruz mövzusunda çəkdiyi əsərlərindən biri “Bayrama hazırlıq” adlanır. Doğrudan da, Novruz uzun hazırlıq tələb edən bayramdır. Onun öz yeməkləri, şirniyyatları var. Əsərdə bayram üçün şirniyyat bişirən qadınlar təsvir olunub. 

Xalq rəssamı Elmira Şahtaxtinskayanın Novruz mövzusunda çəkdiyi əsər isə “Bayrama hazırlıq” adlanır. Əsərdə təsvir olunan qayınana və gəlin bayram şəkərburası bəzəyirlər. Stolun üstündə bayram xonçaları, onların da ortasında səmənilər təsvir olunub.
 “Bahar” tablosu təsviri sənətimizdə Novruzu ən yaxşı tərənnüm edən əsərlərdəndir. Tabloda görünür ki, təbiət qoynunda Novruzla bağlı tədbir keçirilir və milli geyimli beş qız rəqs edir. Yerdə də onların sayı qədər səməni var. Bəlkə də onlar “Səməni” rəqsini oynayırlar. Əsər insanda bahar duyğusu, coşqusu yaradır.Novruz bayramı ümumilikdə xalqı birləşdirən  və ölkəmizin hər yerində böyük çoşqu ilə keçirilən milli bayramımızdır.
Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.

"Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk",- deyən Prezident İlham Əliyev birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. 

Novruz bayramını Azərbaycan xalqı üçün əhəmiyyətini bildirən, habelə milli və mənəvi dəyər kimi təsvir edən sitatlar:
- Ulu Öndər Heydər Əliyev: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.” Gənclər Meydanında – Qoşa Qala qapısı önündə Novruz şənliyində çıxışından 21 mart 1996-cı il;
- Ulu Öndər Heydər Əliyev: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” (21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik çıxışından);
-Prezident İlham Əliyev (Şuşa, Cıdır düzü, 20 mart 2021-ci il.):
  • “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.”;
  • “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”;
  • “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.”;
  • “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar.”;
  • “Novruz bayramını  bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi..Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә  azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”
- Birinci vitse-prezident Mehriban Əliyeva: “Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”(Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik müraciətindən,20 mart 2020).


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az