Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda 44 günlük Vətən müharibəsini Böyük Zəfərlə yekunlaşdırdı. 10 noyabr tarixli Bəyanatı imzalamaqla Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu.
Əldə olunan razılaşma sənədi, ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə ancaq Azərbaycan qanunları işləyəcək.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb. Bununla da Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub.
Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil uzun illərdir sürən bu münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. Bu qısa müddətdə Ermənistan ordusu diz çökdürüldü, düşmənin əksər hərbi texnikası sıradan çıxarıldı, minlərlə canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi.
Vətən müharibəsinin gedişində yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, əməliyyatların hazırlanması və icra edilməsi taktikası bütün dünyada öyrənilir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı, dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Türkiyənin açıq dəstəyi bir çox dövlətin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Ən möhkəm təməllərə söykənən Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri Ordumuzun gücünə güc qatdı, həm də kənar ermənipərəst qüvvələrə sipər oldu.
Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında mühüm amillərdən biri də nəqliyyat və kommunikasiyaların açılmasıdır ki, bu da üçtərəfli Bəyanatda əks olunub. Nəqliyyat kommunikasiyalarının açılması ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi yaradılacaq. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarında deyil
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planıfiaskoya uğradı.“Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi.
Bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz. Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Azərbaycan tərəfinin əzmi və qətiyyəti tezliklə İkinci Qarabağ müharibəsində cəmi 44 günə məğlub olan Ermənistanı heç bir nəticə vəd etməyən mənasız iddialardan çəkinməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcəkdir.
Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar:
- Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.
- İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı.
- Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
- Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
- Sərhədlərin delimitasiyasına razılıq əldə olunub və məsələ ilə bağlı müvafiq Komissiyalar da yaradılıb.
- Sülh sazişi layihəsinin hazırlanması gündəliyi müəyyən olundu.
- Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixliBəyanatında qeyd olunur ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.
- Müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cürbəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının sübutudur.