Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında (10 mart 2020-ci il) çıxış etmişdir


İslahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək məqsədilə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm addım oldu. Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı əminliklə bildirdi ki, bu çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir: "Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir."

Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanatında da deyildi ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir.

Bütün siyasi qüvvələrin seçkilərdə iştirak etməsi nəticə etibarı ilə çoxpartiyalı parlamenti formalaşdırdı. Dövlət başçısı belə hesab edir ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək.

Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Bu fakt özlüyündə Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malik olduğunun göstəricisi olmaqla yanaşı, həm də demokratiyanın inkişafında önəmli addımdır.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: "Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir."

Həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar dövlətimizin islahatçı kursunu əks etdirir. Bu, həm də mövcud dövlət siyasətinin yeni mərhələsi deməkdir.

Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulması hədəflənir. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektrin mövcud olması nəzərdə tutulur.

Deputatlar qarşısında ilk növbədə, qanunvericilik sahəsində böyük vəzifələr durduğunu qeyd edən Prezident İlham Əliyev tövsiyə olaraq bildirib ki, daha çox işin keyfiyyətinə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinə ehtuyac var. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında.

Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.

Dövlət başçısı çıxışında düşmən siyasi dairələrinin ölkə xaricində anti-Azərbaycan qüvvələrinin yaratmaq istəyindən də söz açıb. Bildirib ki, yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.

Prezident İlham Əliyev: "Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin."

Ölkə rəhbərinin deputatlara tövsiyələrindən biri də bu olub ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır.

Prezident İlham Əliyev Milli Məclisin deputatlarının seçildiyi dairələrin problemləri ilə daim maraqlanmasını, seçicilərlə görüşmələrini, dairələrdə olmalarını onların əsas vəzifələrindən hesab edib və ümidvar olduğunu bildirib ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev çıxışında millət vəkillərinin beynəlxalq fəaliyyət sahəsində səmərəliliyin artırılmasını vacib sayıb: "...Bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar."

Ölkə başçısı çıxışında millət vəkillərinin məsuliyyət hissini də ən vacib məsələlər sırasında qeyd edib. Bildirib ki, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

Əldə etdiyimiz ən böyük uğurlardan birinin siyasi sabitlik olduğunu qeyd edən dövlət başçısı siyasi sabitliyin qorunmasında bütün vətəndaşları fəal iştirak etməyə səsləyib. Bildirib ki, bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri olan, qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında münasibətlər quran, müsəlman aləmində böyük nüfuz qazanan Azərbaycan Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində də çox önəmli rol oynayır.

Prezident İlham Əliyev: "Biz keçən il Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz. Ona görə bizə hörmət edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz birmənalıdır. Bizim siyasətimiz situativ deyil. Bizim siyasətimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur."


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az