Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixində müsahibə verdi



 Prezident İlham Əliyev: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm.”
             Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsində postmüharibə dönəmində ölkəmizin ictimai-siyasi həyatında baş verən ən önəmli hadisələr, eləcə də beynəlxalq aləmdə əməkdaşlıq sahəsində Azərbaycanın prioritetləriləri məsələlərinə kifayət qədər dolğun fikir aydınlığı gətirildi. 
            Dövlət başçısı Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyətini bəzi xırda insidentlər istisna olmaqla ümumən qənaətbəxş hesab etdi və bu sahədə hələ də həllini gözləyən məsələlərin qalmasından qayğılarını da ictimaiyyətin diqqətinə çatdırdı.   Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilərin hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olduqlarını, bunun Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırdığını bildirdi. 
                Yaşanan bəzi çətinliklərə baxmayaraq  azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilməsini qeyd edən ölkə rəhbəri cari il üçün nəzərdə tutulmuş məbləğin təqribən 1,3 milyard ABŞ dolları təşkil etdiyini nəzərə çatdırdı:"Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır."
              Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətlərin dəvət edilməsini, bir neçə italyan şirkətinin də artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak etməsini xüsusi vurğulayan Respublika Prezidenti artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilənin imzalandığını da qeyd etməklə Qarabağda bərpa-quruculuq işlərinin aparılmasında "dost ölkə" anlayışına həssaslığını və bu məsələyə praktik əhəmiyyət verdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.  
              Avropada qazın qiymətinin ciddi artdığı bir vaxtda Trans-Adriatik qaz kəmərinin qiymətin müəyyən dərəcədə aşağı səviyyədə saxlanılmasında rolu ilə bağlı verilən sual bir daha Azərbaycanın beynələxalq neft-qaz infrastrukturunda artan çəkisinin göstəricisi kimi də yadda qaldı. Dövlətimizin başçısının bu suala cavabı ölkəmizin belə kritik məsələlərdə də konkret mövqe nümayiş etdirdiyini göstərdi: "Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik." 
              Azərbaycanın xarici siyasətinin prioritetlərinə gəlincə, dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyiməhz bu prinsiplər əsasında formalaşdırılır. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.
               Respublika Prezidentinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə bir daha vurğulandı ki, Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra Ermənistanla öz sərhədimizə çıxdıq. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. 
           Ölkə sərhədlərinin təhlükəsizliyi kimi həssas məsələlərdə də Azərbaycan mesajını dostcasına bildirsə də bəzən bu xəbərdarlıqlara adekvat cavab verilməməsi mehriban qonşuluq və dostluq prinsiplərinə sığmır. İrandan Qarabağa gedən qanunsuz yük maşınlarının sayının  artması fonunda belə addımlar suveren bir ölkəyə zərbə, bilərəkdən hörmətsizlikdir. "Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik" deyən ölkə rəhbəri İran hökumətini İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd etdi. 
             Bu gün Avropa İttifaqı ölkəmizin nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolu gündəlikdə olan məsələlərdəndir.
             Respublika Prezidentinin müsahibəsində bir daha qeyd olundu ki, Azərbaycanın əldə etdiyi uğurları və artan nüfuzunu qəbul etməyən qüvvələr var və onların informasiya təxribatları hələ də davam edir. Həmin qüvvələr İkinci Qarabağ müharibəsində qazanılan Qələbəni həzm edə bilməyənlərdir və onların dedikllərinin  heç bir əsası yoxdur. "Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər" deyən dövlət başçısı bildirdi ki,  Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az