XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabi nəşrinə başladığı Azərbaycanda ilk milli mətbu orqan olan ilə "Əkinçi" qəzetinin 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: "...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər."
Milli ətalətə və cəhalətə, təriqətçiliyə və xurafata, mütiliyə, kölə psixologiyasına, milli laqeydlik kimi nöqsanlara qarşı mübarizə "Əkinçi"nin xələflərinin də fəaliyyətində öz əksini tapmışdır.
Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə edilən "Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub.
"Əkinçi" böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi.
"Əkinçi"dən sonrakı illərdə "Kəşkül" "Ziya", "Ziyayi-Qafqaziyyə" kimi anadilli nəşrlər fəaliyyətə başladı. 1895-ci ildə xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərdan bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabinin müavin olduğu "Kaspi" qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi.
XIX əsrin sonları XX əsrin əvvəllərində isə Bakıda çap olunan «Şərqi-Rus», «Bakinski listok», «Hümmət», «Həyat», «Füyüzat», «Açıq söz» və digər qəzetlər, habelə «Molla Nəsrəddin» jurnalı Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynadı. XX əsrin əvvəllərində Azərbaycan ədibləri demokratik mətbuatın ənənələrini inkişaf etdirirdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə başlayan "Azərbaycan" qəzeti milli demokratik jurnalistikamızın zirvəsini təşkil edir.
1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, «Mətbuat haqqında Nizamnamə» qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti «Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri»nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.
Milli hökumət eyni zamanda Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı «Azərbaycan» qəzetininın ilk sayının çapdan çıxması məhz bu zərurətdən irəli gəlirdi. «Azərbaycan» qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini səhifələrində dolğun şəkildə əks etdirirdi.
1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə "partiya-sovet mətbuatı" adı ilə tarixə düşən 70 illik kommunist jurnalistikası dövrü gəldi. Bu mərhələdə mətbuatımız həyata ideoloji nəzərlərlə baxmağa
məcbur edilsə də, qəzet-jurnalların sayı və tirajı artdı, jurnalistika təhsili təşkil olundu, mətbuat tariximiz öyrənildi, cəmiyyətin həyatında mətbuatın rolu genişləndi.
Nəhayət, milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistika vətəndaşlıq hüququ qazandı.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı. Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar- KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmişdir.
Vergi güzəştlərinin tətbiq olunması bilavasitə dövlət qayğısının təzahürüdür. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təsdiqidir. Mətbuat Şurası tərəfindən qəzet və jurnalların Şuraya olan borclarının silinməsi də bu sıradandır.
Ölkəmizdə mətbuat və söz plüralizmi təmin olunması məqsədilə azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Ölkə rəhbərliyinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür.
Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Torpaqlarımızın erməni işağlından azad olunması uğrunda gedən döyüşlər zamanı öz vəzifəsinin öhdəsindən layiqincə gəldi.
Zəfər sevincini kütləvi informasiya vasitələri, istərsə də sosial şəbəkələr vasitəsi sevincini, duyğularını ən isti sözlərlə cəmiyyətə çatdırdı. Şəhidlərimizin, qazilərimizin igidliyindən xüsusi yazılar, televerilişlər hazırlayıb, onları xalqa çatdırmaq üçün peşə fəaliyyətlərini şərəflə yerinə yetirdilər.
Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüd edir. Qanunvericilik müstəvisində mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biri 1999-cu ildə
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılması medianın inkişafında keyfiyyətcə yeni mərhələ oldu. Agentliyin vəzifələri sırasına həmin media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, media subyektləri və jurnalistlərlə bağlı Agentlik tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi ilə əlaqədar media subyektlərinin və jurnalistlərin hesabatlarını nəzərdən keçirmək və qiymətləndirmə aparmaq daxil edildi.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş bu gün də davam etdirilir.