Ələt Azad İqtisadi Zonası ölkəmizin iqtisadiyyatına ciddi dividendlər gətirəcək


Elmi araşdırmalar göstərir ki, neft-qaz sektorunun gələcəyilə bağlı müsbət proqnozlar vermək çətindir. Dünyada neft resurslarının tükənəcəyi ehtimalı ildən-ilə özünü daha bariz şəkildə göstərir. Bununla paralel olaraq alternativ enerji vasitələri və digər əvəzləyicilər kəşf olunur ki, bu da gələcəkdə neft sektorunun əhəmiyyətinin azalacağı ehtimalını daha da gücləndirir. Bütün bunları nəzərə alaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları sırasında Ələt Azad İqtisadi Zonasının yaradılması mühüm əhəmiyyət kəsb edir və ölkə iqtisadiyyatının dinamik inkişafı baxımından böyük perspektiv dividentlər vəd edir.
Əlbəttə, dövlət başçısının arqumenti olduqca əsaslıdır. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən azad iqtisadi zonalarda sürətli iqtisadi inkişaf bu haqda ciddi düşünməyə sövq edir. Çünki həmin zonalarda fəaliyyət göstərən şirkətlərə vergi, kömrük və s. rüsumlarda böyük gözəştlər verilir, müvafiq infrastruktur yaradılır, beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinə çıxışlar təmin olunur, istehsal, ticarət, idxal-ixrac əməliyyatları üçün real şərait yaradlılır- bu isə, öz növbəsində iqdisadi inkişafa ciddi təkan verir.
Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məsələ ilə bağlı fikirlərini belə bölüşdü: "...Bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin
reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq."
Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində günümüzə kimi çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Prezident İlham Əliyev: "Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın
qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək."
Azərbaycanda bu seçim edilərkən dünya təcrübəsi diqqətlə öyrənilib, müvafiq qiymətləndirmə aparılıb, potensial və pesrpektivlər hesablanıb, proqnozlar hazırlandı. Layihənin reallaşdırılması üçün yerli xüsusiyyətlər nəzərə alınaraq bununla bağlı müvafiq nəticələr çıxarıldı.
Beləliklə, ölkəmizin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq bu layihənin reallaşdırılması üçün gərəkli olan addımlar vaxtında atıldı. Bununla bağlı ilk növbədə, qanunvericilik sahəsində işlər görüldü. Prezident İlham Əliyev 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzaladı. 2018-ci ildə qanun qəbul edildi. Bu, həm dövlət maraqlarını, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də dövlətin inamına əsaslanır. Ona görə qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Bundan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanıldı.
Azad İqtisadi Zonanın yaradılması üçün Ələtin seçilməsi, heç də təsadüf deyildi. Bu qəsəbənin ərazisində mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız olan böyük boş torpaq sahələri var. Ələtin Bakı şəhərinə yaxınlığı da vacib şərtlərdən biridir. Məlum oldu ki, İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır.
Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq.Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona planda olduğu kimi formalaşsa, bu bölgənin inkişaf dinamikası ölkənin ümumi inkişafına da böyük müsbət təsir göstərəcək. Bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan beynəlxalq dəhlizlər də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələt ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir.
Bu gün investorların Ələt Azad İtisadi zonasına cəlb olunması üçün ölkəmizdə bütün ilkin şərtlər, münbit sərmayə mühiti var. şərait var. Buna ivestorlar dəfələrlə şahid olublar. Onlar yaxşı bilirlər ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə layiq görülməsi təsadüfi deyil.
Məlumdur ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır.İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Ölkəmizin dünyanın aparıcı məktəblərini bitirmiş güclü kadr potensialı var. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Ölkədə ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Daha bir vacib amil, - Azərbaycan Prezidentinin sözü ilə əməli heç vaxt fərqlənmir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır və xarici
sərmayədarları yeni yaradılan Ələt Azad İqtsadi Zonasına investisiya qoyacağına şübhə doğurmur.
İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb edilməsi, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafını sürətləndirəcək, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına töhfə verəcək. Nəticədə ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq.
Bu gün Azərbaycan Prezidentinin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də işğaldan azad edilən torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Xatırladaq ki, bu ərazilərdə böyük su mənbələri mövcuddur. Düşmən Azərbaycanı 30 ilə yaxın müddətdə bu potensialdan istifadə etməyə imkan verməyib, respublikamıza qarşı ekoloji terror həyata keçirib. Təkcə meşələrin qırılması, qoruqların məhv edilməsi ilə Azərbaycan təbiətinə böyük zərbə vurulub. Məsələn, 54 min hektar meşə sahəsi ermənilər tərəfindən cinayətkarcasına dağıdılıb, talanıb. İşğalçı uzun illər ərzində su təminatı istiqamətində də xain mövqe tutub, Sərsəng və Suqovuşan su anbarlarını nəzarətində saxlayıb. Bu infrastrukturlar azad ediləndən sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşması üçün əlverişli şərait yaranıb. Bunun nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı reallaşıb.
Amma bir reallıq da var ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, Azərbaycana xaricdən vəsait gətirməkdir. Məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər.Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Gözlənilən mənzərə həyatda öz əksini tapacaq.
Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycana böyük siyasi, iqtisadi və sosial dividentlər verəcəyinə şübhə yoxdur.
Bu, ölkəmizin beynəlxalq nüfuzunu artıracaq, dövlətimizin gəlirlərini yüksəldəcək və regionu sənaye və ticarət mərkəzinə çevirəcək.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az