Ötən əsrin 90-cı illəri deyiləndə, ilk növbədə, o dövrdə siyasət və idarəetmə sahəsində səriştəsiz, təcrübəsiz insanların rəhbərliyi və bilavasitə iştirakı ilə cəmiyyətdə hökm sürən xaos, anarxiya, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi, parçalanma təhlükəsi ilə üz-üzə qalması, müstəqillik yoluna yenicə qədəm qoymuş respublikanın sabahı üçün bəlli olmayan hadisələr xatırlanır. Həmin dövrdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatın reallığına çevrilmişdi. İdarəetmə strukturlarındakı naşılıq, özbaşınalıq, təbii olaraq xalq etirazına səbəb olurdu, narazılıqlar gündən-günə böyüyür, qarşısı alnmaz hala dönürdü. Xalqın ziyalıları, ağıllı, geniş təfəkkürlü insanları dərk edirdilər ki, bu gediş Azərbaycana çox qorxulu nəticələr vəd edir.
1990-cı ilin 20 Yanvarında xalqımız böyük faciə yaşadı. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra faciəyə siyasi qiymət vermək üçün heç bir iş görmədi. Beləliklə, keçmiş SSRİ-nin və o zamankı Azərbaycan rəhbərliyinin tərəfindən xalqımıza qarşı törədilmiş ağır cinayət açılmamış qaldı. Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə əlaqədar geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilən konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparıldı. Azərbaycanın o zamankı prokurorluq və hüquq mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirmədi, hətta 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edildi. Beləliklə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başı hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir iş aparmadılar. 1993-cü ilə qədər bu sahədə faktiki olaraq heç bir tədbir görülmədi.
O vaxt ərazilərinin bir qisminin təcavüzkar qonşu tərəfindən işğal coğrafiyasının genişləndiyi, vətəndaşlarının qətl edildiyi, doğma
yurdlarından qaçqın-köçkünə döndüyü bir vaxtda diplomatik səylərin yetərsizliyi də növbəti torpaqların zəbt edilməsinə, bir növ, zəmin yaradırdı. Həmin vaxt Azərbaycana rəhbərlik edən şəxslər təzavüzkarın qarşısını almaq üçün Silahlı Qüvvələr də yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmədi. Məhz belə şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. 44 günlük Vətən müharibəsində tarixi zəfərimizin təməli, məhz həmin vaxt Ulu Öndər tərəfindən qoyulduğunu bu gün iftixarla söyləyirik.
Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin ilk, həm də çox ağır və keşməkeşli illərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı. Bu yeni siyasi təşkilat 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi cəmiyyətdə öz yerini tutdu. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.Azərbaycanın bütün regionlarından seçilmiş
nümayəndələrin təmsil edildiyi konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Ölkə beynəlxalq təcriddən çıxdı. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və ölkəmizə böyük investisiyalar cəlb edildi. Məhz həmin illərdə ordu quruculuğuna start verildi.
1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Heydər Əliyevin apardığı bu siyasət bir sahəni deyil,bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur.
Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bu bağlanmış müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi. Müqavilədə adları çəkilən dövlətlər Azərbaycan ilə bütün sahələrdə əlaqələr qurmağa can atırdılar.
Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız 100 yaşlı Azərbaycan Ordusudur.
Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.
Heydər Əliyevin idarəçilik məharəti, çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinədir. İllər keçdikcə gələcəkdə hələ çox-çox nəsillər bu təcrübədən bəhrələnəcəklər.
Ulu öndər Heydər Əliyev özünün çox böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Bütün bunlar dünya təcrübəsi üçün də faydalı olduğundan beynəlxalq əhəmiyyətə malik çox zəngin bir sərvətdir.
Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali
məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırıb.
Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir.
Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Daha bir fərəh doğuran fakt: son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.
2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olub. Prezident İlham Əliyev deyir :“Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması”.
Azərbaycanda yetişən yeni gənc nəsil də bu amal uğrunda tərbiyə olundu. Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Bu tarixi zəfər, həm də xalq-iqtidar birliyinin təntənəsi idi.
Əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır.YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almağa dəvət edir. İstisna antimilli ünsürlərdir. Çünki onlar satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar.
Prezident mesaj verir ki, Ermənistan ərazi bütövlüyümüzü qəbul edəcəyi, regional əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verəcəyi təqdirdə, Azərbaycan Ermənistanla keçmiş düşmənçiliyi aradan qaldırmağa, bu səhifəni bağlamağa da hazırdır.
Prezident, həmçinin bildirir ki, biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Əldə edilmiş qələbə bizi tam qane edir.
YAP-ın VI qurultayından keçən 3 il ərzində ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib- parlament və prezident seçkiləri keçirilib, sosial-iqtisadi, hüquqi, siyasi islahatlar həyata keçirilib. Ən əsası, Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Beləliklə, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Yeni Azərbaycan Partiyası da ölkəmizin dayanıqlı inkişafına mühüm töhfələr verən ümumxalq partiyası kimi bu çağırışlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün növbəti islahatlara start verib.
Xarici siyasətlə bağlı kurs dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi.
Dövlətimizin başçısı bildirir ki, bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun. Azərbaycan İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerləri aradan qaldıracaq, daha modern, daha üstün ordu quracaq.
6 partiyanın YAP-a qoşulması çox əlamətdar hadisədir və yeni ölkənin indiki ictimai-siyasi reallığnı özündə əks etdirir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
Prezident ölkəmizin yeni dövrə qədəm qoyduğu indiki vaxtda tolerant mühitin, etnik-dini icmalar arasında dostluq, mehriban münasibətlərin qorunmasına, Azərbaycanın multikulturalizm mərkəzlərindən biri kimi təbliğinə bundan sonra da xüsusi diqqət yetirilməsini vacib saydı. Bildirdi ki,müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində YAP və bütün cəmiyyət fəal olmalıdır.