booked.net

Şamaxı “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması münasibətilə mediatur təşkil olunub


Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb və bu münasibətlə jurnalistlər üçün mediatur təşkil edilib.
  Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən “ASAN Həyat” kompleksinin inşasına 2018-ci ilin iyun ayında başlanmışdı. Prezident İlham Əliyevin 2019-cu il dekabrın 5-də açılışında iştirak etdiyi Şamaxı “ASAN Həyat” kompleksi ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
  “ASAN xidmət”in əməkdaşı Sona Tağıyeva məlumat verib ki: “Artıq bu gündən etibarən Şamaxı “ASAN Həyat” Kompleksi vətəndaşlarımıza xidmət göstərməyə başlayıb. Şamaxı “ASAN xidmət” mərkəzi Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın sakinə xidmət göstərir. Eyni zamanda qeydiyyat məhdudiyyəti olmayan vətəndaşlarımız da xidmətlərdən yararlana bilərlər”.
  Qeyd edək ki, “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Mərkəzdə əməkdaşların sayı 209, könüllülərin sayı 50 nəfər nəzərdə tutulur.
  “ASAN Həyat” kompleksində ASAN Lounge, ABAD Food Hall, ASAN Təlim Mərkəzi, Şamaxı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, avtobus dayanacağı, avtodayanacaq, istirahət meydançası, fəvvarə yaradılıb.
  Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində növbəti ABAD Food Hallun fəaliyyətə başlaması nəzərdə tutulur. Digər ABAD Food Hal-larda olduğu kimi burada da "ABAD"çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsullarının sərgi-satışı təşkil ediləcəkdir.
  Kompleksin tərkibində ASAN Təlim Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin kadr hazırlığını həyata keçirir. Həmçinin Dövlət Agentliyinin, mərkəzlərin, habelə ezam olunmuş digər dövlət orqanlarının əməkdaşları üçün kadr potensialının artırılması üçün təlimlər, kurslar təşkil edir. Təlimlər əməkdaşların şəxsi keyfiyyətlərinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Bu günə qədər 2500- dən çox təlim keçirilib.
  Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərməsi də planlaşdırılır. “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.
Kompleks Smart ASAN konsepti əsasında inşa edilib. Bu konseptin tərkib hissələri isə Smart Parkinq, Ağıllı tullantı yeşikləri, Ağıllı işıq dirəkləri, Ağıllı güzgü və LoRaWAN texnologiyasıdır.
  “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
  Şamaxı “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı gündə - dekabrın 24-də “ASAN xidmət” və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə Şamaxı “ASAN Həyat” kompleksində konsert proqramı da təşkil olunub.
  Tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və ASAN Radionun 4 yaşına həsr olunub.
  Konsert proqramında Azərbaycanın Xalq artisti Aygün Kazımova, Aşıq Əli və Aşıq Samirə, Zenfira İbrahimova, Dj Roşka və digərləri səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa ediblər. Sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: KitabShop.az