Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masa keçirilib.
Dekabr ayının 18-də keçirilən Tədbirdə Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd ölkəmizdə kənd turizminin inkişaf istiqamətlərini müzakirə etmək, şəhər əhalisi və xarici turistlər üçün alternativ səyahət imkanı yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsində pay sahibi olmaq və “Şəhərdən Kəndə” layihəsinin ölkə üzrə əhatə dairəsini genişləndirməkdir.
"Aqrar Tədarük və Təchizat" ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova "Şəhərdən Kəndə" layihəsi barədə məlumat verib. O, layihə çərçivəsində artıq bir neçə turizm şirkəti ilə əməkdaşlıq edildiyini bildirib: "Biz istəyirik ki, bu layihə təkcə dövlət qurumları tərəfindən deyil, eyni zamanda, özəl şirkətlər tərəfindən də dəstəklənsin, inkişaf etdirilsin. Bizim çağırışımıza artıq bir neçə turizm şirkəti səs verib, bir neçə şirkətlə əməkdaşlıq etmişik və bu əməkdaşlığımız hələ də davam edir. Məqsədimiz ölkəmizdə kənd turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə daha da sıx əməkdaşlıq etməliyik. Bu günə qədər bir neçə regionda fermer təsərrüfatlarına əlavə gəlir imkanı yaratmışıq, onlarda yenidənqurma işləri aparmışıq. Artıq həmin fermer təsərrüfatları 100-dən çox turisti qəbul edib. Turizm şirkətləri ilə birgə işləyərək bu sayı daha da artırmaq istəyirik. 2021-ci ilədək layihə çərçivəsində 500-dək fermerlə əməkdaşlıq etməyi qarşımıza məqsəq qoymuşuq. Biz layihəyə qoşulan fermerlərə təlimlər keçirik və bu təlimlər gələcəkdə də davam edəcək".
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Bu işi biz turizm şirkətləri ilə birgə həyata keçiririk. Biz təkcə Bakı ilə yekunlaşmaq istəmirik, kənd yerlərində də turizm üçün infrastruktur yaratmağa çalışırıq. Hazırda bütün dünyada kənd turizmi trendə çevrilib. "Şəhərdən Kəndə" layihəsi bu mənada ölkəmizin nümunəsidir. Bu layihə sayəsində fermerlər və kəndlər ictimaiyyətə təqdim olunur. Biz turizm şirkətlərini və yerli fermer təsərrüfatlarını inkişaf etdirmək istəyirik. Düşünürük ki, bir-birimizə dəstək olaraq inkişaf etsək, inkişafımız o qədər də dayanıqlı olacaq".
Tədbirdə, həmçinin İsmayıllı rayonundan olan fermer Ramtiq Əlizadə və Şamaxı rayonunun Qonaqkənd kənd sakini, fermer Ceyhun Nuriyev də çıxış edərək "Şəhərdən Kəndə" layihəsi ilə əməkdaşlıqlarından, layihə çərçivəsində təsərrüfatlarında görülən işlərdən və onlara verilən təlimlərdən danışıblar.
Çıxışlardan sonra isə tədbir müzakirələrlə davam edib. Turizm şirkətlərinin “Şəhərdən Kəndə” layihəsinə cəlb edilməsi, turizm fəaliyyətinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərrüfatlarının tapılması, fermerlərə təlimlərin verilməsi və digər sahələrdə əməkdaşlığın qurulması əsas müzakirə mövzuları olub.