Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə 2023-cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Füzuli rayonunun 2020-ci ildə erməni işğalından azad olunduğu gün kimi 17 oktyabr tarixi ölkəmizdə hər il Füzuli Şəhəri Günü kimi qeyd ediləcəkdir. Məhz 17 oktyabr 2020-ci il tarixində Prezident cənab İlham Əliyev xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdir. Həmin vaxt çıxışında Prezident cənab İlham Əliyev bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.
ACI TARİX
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Ərazisi 1386 km² olan Füzuli rayonu işğaldan öncə 140 min nəfərdən çox əhalisi ilə ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri idi. Bu rayonumuz əvvəllər Qaryagin adlandırılmış, 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili olmuş, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
1994-cü ilin yanvar ayında, atəşkəsə dair Bişkek protokolu imzalanmamışdan əvvəl, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuş, o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt düşməndən azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan və Şanlı Ordumuzun zəfəri ilə bitən Vətən müharibəsi nəticəsində Füzuli şəhəri də düşmən işğalından azad edildi. Vətən Müharibəsi zamanı Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli və müharibənin ən ağır döyüşlərindən döyüşlərdən biri olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdu və normal şəraitdə həmin müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazım idi. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırdı.
“FÜZULİNİN AZAD OLUNMASINA GÖRƏ” TƏSİS OLUNMUŞ MEDAL
Torpaqlarımızın azadlığı qəhrəman oğullarımızın canı, qanı bahasına başa gəldi, şəhidlərimiz, əlillərimiz oldu. Şəhidlərimizin xatirələrini böyük ehtiramla anırıq. Şəhidlərimizə və müharibə əlillərimizə göstərilmiş ən böyük diqqət onların dövlət səviyyəsində təltif edilməsidir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ötən il isə 27 Sentyabr - Anım Günündə cənab Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucadılmış xatirə lövhəsinin açılışını etmişdir.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.
BÖYÜK QAYIDIŞ PROQRAMI
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.
Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
İşğaldan azad olunduqdan sonra Füzuli rayonunda bərpa və yenidənqurma işlərinə sürətlə başlanılmış və cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilmişdir. Hava Limanının açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Bundan əlavə, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Füzuliyə səfər edib, yeni-yeni infrastruktur obyektinin əsasını qoyub, açılışını ediblər.
Digər işğaldan azad olunmuş rayonlarımıza olduğu kimi, Prezident cənab İlham Əliyev Füzulinin bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident rayona səfər etmiş, şəhərin Baş planı təsdiq olunmuş, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulmuşdur. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır.
2023-cü il avqust ayının 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuliyə səfər edərək şəxsi təşəbbüsü ilə dostluq rəmzi kimi inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə, Füzuli şəhərinin Baş planı ilə tanış olub.
Füzuli şəhərində, həmçinin Qazaxıstan Prezidentinin təşəbbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılıb, bu da xalqlarımız arasında dostluğun rəmzidir.
Füzuli rayonunun yeni inkişaf dövrü xalqımızın yaddaşına əbədi həkk olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri Azərbaycan xalqına unudulmaz anlar bəxş edir.
16 noyabr 2020-ci il tarixli səfərində Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimində iştirak etdi.
14 yanvar 2021-ci il tarixli səfəri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin, Füzuli rayonunda hava limanının təməllərinin qoyulması ilə yadda qaldı.
14 fevral 2021-ci il tarixli səfəri Füzuli şəhərinin Baş planın təsdiqlənməsi, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi ilə yaddaşlara yazıldı.
15 mart 2021-ci il tarixdə olan səfəri zamanı Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi oldu.
14 iyun 2021-ci il tarixli səfərində Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq oldu. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması ilə yadda qaldı.
29 avqust 2021-ci ildə olan səfərində Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıq oldu.
17 oktyabr 2021-ci ildə edilən səfəri zamanı Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə olan görüş, Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimləri ilə yaddaşlara əbədi həkk olundu.
26 oktyabr 2021-ci ildə olan səfəri cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi ilə xalqımıza qürur dolu anlar yaşatdı.
10 may 2022-ci il tarixli səfəri Peşə Liseyinin təməlqoyma mərasimi ilə yadda qaldı.
26 may 2022-ci il tarixdə olan səfərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq oldu.
27 sentyabr 2022-ci ildə edilən səfərində Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi xalqımıza qürur dolu anlar yaşatdı.
7 noyabr 2022-ci ildə olan səfəri zamanı Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq oldu.
5 may 2023-cü ildə edilən səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Səfər zamanı Füzuli rayonunun Pirəhmədli kəndinin təməli qoyuldu. Füzuli-Hadrut avtomobil yolunun açılışı oldu. Füzuli rayonunun Dədəli kəndinin təməli atıldı. Füzuli yaşayış kompleksinin tikintisinin gedişi ilə tanışlıq oldu. Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməli qoyuldu. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı oldu. Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu. Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyuldu.
23 avqust 2023-cü il tarixli səfəri də xalqımıza unudulmaz anlar bəxş etdi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə, Füzuli şəhərinin Baş planı ilə tanışlıqla yadda qaldı.
16 oktyabr 2023-cü il tarixli səfərində Cuvarlı kəndinin, Qoçəhmədli kəndinin, Füzuli şəhərində idman kompleksinin, Füzuli şəhərində ikinci yaşayış kompleksinin, Füzuli şəhərində 240 yerlik uşaq bağçasının, Füzuli şəhərində üçüncü yaşayış kompleksinin və Füzuli şəhərində inzibati binasının təməlqoyma mərasimi ilə yaddaşlara yazıldı.
17 oktyabr 2023-cü il tarixli səfərində “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi.
8 noyabr 2023-cü il tarixli səfərində Qarğabazar kəndinin təməlqoyma mərasimi qoyuldu.
2024-cü il mart ayının 12-də Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Füzuli rayonuna birgə səfəri oldu. Həmin gün Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi və Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq xalqımıza qürur dolu anlar yaşatdı.
2024-cü il aprel ayının 25-də Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olmuş Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Füzuli rayonuna birgə səfəri oldu və Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq oldu.
11 may 2024-cü il tarixli səfərində Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanışlıq, birinci tunelin açılışı olub.
2024-cü il may ayının 17-də Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun birgə səfəri olub.