27 Sentyabr – Anım Günüdür


“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev

MÜHARİBƏNİN QAÇILMAZLIĞI
Rusiya və İran imperiyaları arasında Azərbaycana sahib olmaq uğrunda XIX əsrin birinci rübündə amansız və uzun sürən işğalçılıq müharıbələrinin nəticəsi olaraq Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan iki imperiya arasında bölündü. Həmin dövrdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının bir formasına çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.
1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qaldı. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi.
Ötən əsrin 30-cu illərin ağir represiyaları ilə müşayət olunaraq Azərbaycanin ziyalı genofondunun məhvinə nail olundu, bunun ardınca 1948-53-cü illər azərbaycanlıların kütləvi deportasiyası həyata keçirildi.
1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrildi.
Ötən əsrin 80-ci illərindən başlayaraq Dağlıq Qarabağ probleminin yenidən süni şəkildə qızışdırılması, 1990-cı il 20 yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı demək olar ki, bu faciələrin pik nöqtəsi oldu.

İŞĞALIN ACI FƏSADLARI
Azərbaycan son 30 il ərzində yenidən erməni faşizmi və bəzi dünya güclərinin riyakarlığıilə üz-üzə qaldı. Erməni təcavüzkarları öz himayədarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal etdi. Evlərimiz, yurdlarımız talan edildi, odlara qalandı, tarixi abidələrimizin əksəriyyəti yer üzündən silindi. Minlərlə insanımız dəhşətli işgəncələrə məruz qaldı, qətlə yetirildilər. Bir milyondan çox soydaşımız doğma elindən, obasından uzaq düşmüş, məcburi köçkünə döndü.
Beynəlxalq aləm isə susurdu, erməni zülmünün, erməni faşizminin qarşısında səslərini, demək olar ki, çıxarmadı. Uzun illər BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrasının təmin olunmadı. Bu isə onu göstərdi ki, Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etməkdən başqa yolu qalmayıb.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edildi. Dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində, ilk növbədə, daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda, həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Sonda Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında “Dəmir yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Bununla yanaşı, 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.
Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzaladı. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir. Ulu öndər deyirdi: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib.
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.
İşğal dövründə Azərbaycan dəfələrlə Ermənistanın əməlləri haqqında beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırsa da, həmişəki kimi Ermənistana yetərli təzyiq olmayıb. BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Həmçinin, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qaldı.
Uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.
Bütün bunlara baxmayaraq Azərbaycan öz torpağını erməni işağlından azad etməyə qərarlı idi və dövlətimiziin başçısı torpaqlarımızın bir qarışı belə düşmənə güzəşt etdilməyəcəyini ən yüksək tribunalardan bəyan edirdi.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.
Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdilər. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ürəyi 44 gün ərzində tarixi Vətəni ilə bir döyünürdü.

44 GÜN DAVAM EDƏN VƏTƏN MÜHARİBƏSİNİN NƏTİCƏSİ OLARAQ AZƏRBAYCAN ORDUSU MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN RƏHBƏRLİYİ İLƏ ÖLKƏNİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ, TARİXİ ƏDALƏTİ, BEYNƏLXALQ HÜQUQU BƏRPA ETMİŞ OLDU
 Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Tarix göstərir ki, bu münaqişənin artıq heç bir alternativ həlli yolu qalmamışdı. Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla geri ala bilərdi və bunu da etdi.
2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
44 günlük Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.
Bu gün artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. Münaqişə başa çatdıqdan sonra bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb.
Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.
Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Azərbaycan xalqının qan yaddaşına şərəfli tariximizin ən önəmli və əlamətdar günlərindən biri kimi əbədi həkk olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məhz bu günün respublikamızda Anım Günü kimi qeyd olunması da Vətən müharibəsində şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhlarına, şəhidlərin doğmalarına göstərilən ən yüksək ehtiramın bariz təzahürüdür. Eyni zamanda da Vətən müharibəsində ələdə olunmuş tarixi Zəfər münasibətilə medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.” -                                                                                   
Azərbaycan Respublikasının Prezidenti
Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Böyük Zəfərin qazanılmasında göstərdikləri igidliyin nişanəsi olan təltiflər onların adları ilə qoşa çəkilir. Elimizin qəhrəman oğulları da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medalları ilə təltif olunublar. Orden və medallar şəhidlərimizin ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına təqdim olunub.
Dövlətimizin başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar ailələrə böyük sevinc bəxş edib. Azərbaycan dövləti şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirləri görür və bundan sonra da həmin istiqamətdə gərəkli addımlar atır.
Qəhrəmanlarımızın şücaəti, Vətən sevgisi bütün gənclərimizə örnəkdir. Rayonda keçirilən tədbirlərdə şəhidlərin əziz xatirəsi böyük ehtiram və minnətdarlıq hissilə yad edilir. Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər gənclərimizin yaddaşında unudulmaz xatirəyə dönür.
İgidlərimizin xatirəsinə açılan bulaq abidə kompleksləri sakinlər, eləcə də şəhid ailələri tərəfindən rəğbətlə qarşılanır. Həmin tədbirlərdə bildirilir ki, Şirvan elinin övladları da müqəddəs Vətən sevgisini əməllərilə doğrultdular. Onlar torpaqlarımızın azadlığı uğrunda düşmənə qarşı mərdliklə döyüşdülər, el-obanın adını ucaltdılar.
Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında deyib: “Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün ad­dımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi- bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur...”.

VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏMİZİ ŞƏRTLƏNDİRƏN ƏSAS AMİLLƏR SIRASINDA QƏHRƏMAN DÖYÜŞÇÜLƏRİMİZİN VƏTƏN SEVGİSİ, VƏTƏN MƏHƏBBƏTİ, ONLARIN TORPAĞA, YURDA BAĞLILIĞI ÖNƏMLİ ROL OYNADI
Ona görə də Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Qələbəni təmin olunmasında, əlbəttə, effektiv Ordu quruculuğu da ön sırada dayanır. Hər kəs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərini yaxşı xatırlayır:“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızdadalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması-  bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
Azərbaycan hərbçiləri peşəkarlıq və döyüş hazırlığını artırmaq üçün  birgə hərbi təlimlərdə fəal iştirak edirlər. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır.Məsələn, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə “Avrasiya Tərəfdaşlığı” proqramı çərçivəsində 01-05 avqust 2022-ci il tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən “Minalara qarşı tədbir və dalğıc hazırlığı təlimi”ndə iştirak ediblər.Hər il keçirilən bu təlimin əsas məqsədi minalara qarşı mübarizə üsulları, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında tərəfdaşlarla müzakirə və təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar münasibətlərin qurulmasından ibarətdir.
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində də uğurla iştirak ediblər.
Türkiyə və Azərbaycan hərbçilərinin “Sualtı hücum” birgə hərbi təlimləri də bu il davam etdirilib. Hərbçilər tərəfindən sualtı hücum ilə axtarış-xilasetmə, yaşayış məhəllələrində döyüş, ipdən sürüşmə və sahilə hücum təlimləri icra olunub.
Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (NationalWarCollege) və SetonHall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Vətən müharibəsi xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.
Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Rəsmi İrəvanın hərbi cinayətləri və siyasi təxribatları göz önündədir. Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışında qəti surətdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana beynəlxalq hüququ kobud şəkildə pozmasına görə heç bir təzyiq göstərilmədisə, cəzalandırılmadısa, əksinə təcavüzkar onu dəstəkləyən ölkələrdən hər cür maddi, hərbi yardımla təmin olundusa, bu halda beynəlxalq hüququn işlək vəziyyətdə olmasını dilə gətirmək mümkünsüz idi. Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli xarakterli hərbi təxribatlar törədirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə- iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bütün bunları əsla unutmaq olmaz, həmin qeyri-insani faktları bundan sonra da nəzərdə saxlamaq gərəkdir. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib.
Üçtərəfli Bəyanat imzalanandan iki həftədəsonra 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz. Prezident minalanmış ərazilər məsələsindən xüsusi olaraq bəhs edib O, deyib ki, ermənilər yüz minlərlə mina basdırıb, basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Müharibə başa çatandan sonra- 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparır. Ermənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar.
Bu il sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərrhəddində ermənilər tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat rəsmi İrəvanın əsl mahiyyətini, ikiüzlü, riyakar, revanşist siyasət yeritdiyini bir daha sübut etdi. Rəşadətli ordumuzun bölmələri bu dəfə də düşmənə sarsıdıcı zərbə endirdi, bir neşə strateji yüksəkliyi ələ keçirdi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.
Qarabağ qazilərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Dövlət başçısının 2022-ci ilin yanvarında imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin avtomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.
Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək   80 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi daim ehtiramla yad etməli, sağlamlığını itirmiş qazilərimizi, ümumiyyətlə müharibə iştirakçılarına böyük hörmət, diqqət  göstərməlidirlər. Bu, hər birimiziin borcudur.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Dövlətimizin başçısı xalqın iradəsini və ölkəsinin maraqlarını hər zaman uca tutur. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur- beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.
 Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLIYEV QARŞIYA QOYDUĞU MƏQSƏDƏ MÜTLƏQ NAİL OLUR!
Dövlətimizin başçısı möhkəm və sarsılmaz iradəyə sahibdir. Dövlət başçısının hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az