Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu


Zəngin yeraltı və yerüstü ehtiyatlara malik olan ölkəmizdə təbii sərvətlərdən əldə edilən gəlirlər təyinatı üzrə xərclənir, əlavə vəsait isə fondlarda saxlanır, xüsusi qanunlarla tənzimlənən fəaliyyət üzrə idarə olunur. Məsələn, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti neft və qaz ehtiyatlarından əldə olunan gəlirlərin səmərəli şəkildə istifadə edilməsinə şərait yaradır. 

Onu da xüsusi qeyd edək ki, ARDNF “Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədilə uzunmüddətli neft strategiyası proqramı hazırlanmasında əsas məqsədi ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından gələn gəlirlərin Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsidir. 

ARDNF qlobal investordur. Fond öz investisiya strategiyasını risk gəlirlilik profili nəzərə alınmaqla vəsaitlərin strateji bölgüsü əsasında formalaşdırır və hazırki investisiya siyasəti ilə müəyyən edilən müvafiq alt portfellər üzrə bençmarklara uyğun olaraq müxtəlif investisiya aktivləri, regionlar, sektorlar və valyuta növləri üzrə bölgülər əsas olmaqla şaxələndirilmiş portfel qurub. Coğrafi bölgülər üzrə yatırımların həyata keçirilməsi qeyd olunan yanaşmanın təcəssümüdür və ARDNF bu kontekstdə də kiçik həcmdə Afrika da daxil olmaqla əsasən Şimali Amerika, Avropa və Asiya regionları üzrə yatırımları həyata keçirib. ARDNF tərəfindən Afrikaya ilk investisiya özəl səhm fond investisiyaları tərkibində 2010-cu ilə təsadüf edir və hal-hazırda Afrika regionuna investisiyalar ümumi portfelin 0.01 faizini təşkil edir.

Beynəlxalq təcrübədə Suveren Sərvət Fondları kimi bütün institusional investorlar bazarın qısamüddətli dəyişkənliyinə baxmayaraq müəyyən taktiki dəyişikliklər istisna olmaqla öz missiya və məqsədlərinə, uzunmüddətli investisiya siyasətinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər və investisiya fəaliyyətlərinin istiqamətlərini vəsaitlərin strateji bölgüsü əsasında formalaşdırırlar. Vəsaitlərin strateji bölgüsü prosesi daxili modellər əsasında dərin təhlillərə əsaslanan uzunmüddətli investisiya strategiyasının formalaşdırılması yanaşmasını özündə ehtiva edir. Bu çərçivədə ARDNF də məqsəd və vəzifələrinə uyğun balanslaşdırılmış portfel formalaşdırıb və investisiya portfelinin şaxələndirilməsi, gəlirliliyin artırılması, eləcə də, qiymət dəyişkənliyi riskinin azaldılması prinsipləri ARDNF-nin fəaliyyətində əldə rəhbər tutulur. Qlobal maliyyə bazarlarında və makroiqtisadi mühitdə qısamüddətli dalğalanmalar baş verə bilər ki, bu da insitusional investorların uzunmüddətli investisiya strategiyalarına kəskin şəkildə təsir etməsə də sözügedən investorlar tərəfindən həyata keçirilən taktiki addımlarda öz əksini tapır. ARDNF də həm makroiqtisadi və geosiyasi, həm də cari bazar konyukturasında baş verən prosesləri daima izləyir, mümkün iqtisadi dalğalanmaları təhlil edir və müvafiq taktiki addımlar vasitəsilə qlobal proseslərin təsiri nəticəsində baş verən qısamüddətli itkilərin minimallaşdırılması aktivlərin cari bölgüsündə nəzərə alınır.

ARDNF qlobal investor olmaqla həm müxtəlif regionlar, həm də müxtəlif maliyyə alətləri və valyuta növləri üzrə şaxələndirilmiş investisiya portfelinə malikdir. Bu çərçivədə, ARDNF-nin investisiya portfelinin təqribən 70 faizini inkişaf etmiş ölkələrə investisiyalar, o cümlədən sabit gəlirli qiymətli kağızlara və birjada kotirovka olunan səhmlərə (portfelin təxminən 80%-i) yatırımlar təşkil edir. ARDNF-nin investisiya portfelinin gəlirliyinə də böyük həcmdə töhfə verən məhz bu aktivlərdir və onların da gündəlik qiymətləri qlobal maliyyə bazarında cərəyan edən proseslərə olduqca həssas reaksiya göstərir.

Neft Fondu yalnız dünyada ciddi uğur əldə edən suveren fondlarla müqayisə edilə bilər. Xatırladaq ki, təbii ehtiyatlarla zəngin olan bir sıra dövlətlərdə də ARDNF-ə analoji fondlar fəaliyyət göstərir. Bu fondların bəziləri böhran dövründə və qlobal investisiyalar üçün vasitə kimi maliyyə sabitliyini təmin etmək üçün yaradılıb. 

ARDNF 2009-cu il aprelin 5-6-da Küveytin paytaxtında Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında yaradılmasına qərar verilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF-in) üzvüdür. 

ARDNF SFBF-nin yaradılmasının əsas təşəbbüskarlarından biri kimi qurumun fəaliyyətində aktiv rol oynayır.Təsadüfi deyil ki, SFBF-nin ilk rəsmi iclası da məhz 2009-cu ildə ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilib. ARDNF Forumun fəaliyyətinin əsasını təşkil edən Santyaqo prinsiplərinin tətbiqi ilə bağlı formalaşdırılan “Santyaqo prinsipləri: tətbiqi; mövcud təcrübə” Alt-komitəsinə rəhbərlik edib və 2016-ci ildə qeyd olunan prinsiplərin tətbiqi ilə bağlı Bakıda keçirilən ilk seminara ev sahibliyi edib.

Santyaqo prinsiplərinin əsas məqsədi suveren fondların şəffaf və əsaslandırılmış idarəetmə strukturunun yaradılmasını və onların investisiya fəaliyyətlərinin beynəlxalq qanun və tələblərə uyğunlaşdırılmasını təmin etməkdir. Bu çərçivədə, ARDNF Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı hesabatı ictimaiyyətə açıqlayan ilk suveren fondlardan biridir və hesabat illik olaraq nəzərdən keçirilir. 

Yaradıldığı gündən fəaliyyətdə şəffaflıq prinsipinə ciddi əməl edən  ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılması üşün gəlir və xərcləri haqqında rüblük, ARDNF-in fəaliyyəti barədə illik hesabatları mətbuatda, ARDNF-in internet səhifəsində və sosial media səhifələrində mütəmadi olaraq dərc etdirir. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri ARDNF-in tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları məbləğini (2019-cu ilin 31 mart tarixinə olan məlumat ARDNF-in aktivləri: 40273,3 milyon ABŞ dolları) keçib. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib. Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manata bərabər olub. Hesabat dövrü ərzində ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6,0 milyon manat təşkil edib. 

2023-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 7,1 faiz təşkil edib ki, bu da Fondun yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisidir. Bu dövrdə istiqraz və pul bazarı alətləri üzrə 3.1 faiz, səhmlər üzrə 4.3 faiz gəlirlilik, daşınmaz əmlak üzrə isə 0.3 faiz zərər qeydə alınıb. Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb. Qeyd edək ki, ARDNF-nun 2022-ci ildə investisiya portfeli 49 034 milyon dollar investisiya gəlirliliyi isə -5.2 faiz olub.

2024-cü ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirməyi nəzərdə tutub. Həmin il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dollarına bərabər götürülür. 

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun “GEMS Education” təhsil müəssisəsinə yatırdığı investisiya da diqqəti cəlb edir.   Fondun uzunmüddətli dövr ərzində optimal portfelin qurulması ilə gəlirliliyin artırılması, eləcə də baş verən makrotrendləri izləmək məqsədilə alternativ maliyyə alətlərinə investisiyalar həyata keçirir. “GEMS Education” təhsil müəssisəsinə 100 milyon dollar həcmində investisiya da alternativ alət olaraq infrastruktur investisiyası kimi həyata keçirilib. Hazırda BƏƏ-də yerləşən 40-dan çox GEMS məktəbində 135 000-dən çox şagird təhsil alır. Ümumilikdə, ARDNF-in investisiya fəaliyyətinin ana xəttini təşkil edən qlobal indekslər və müvafiq bençmarklara uyğun olaraq fondun portfelinin əhəmiyyətli hissəsini inkişaf etmiş ölkələrə olan yatırımlar təşkil edir. Bununla yanaşı, fond inkişaf kursu götürmüş və yüksək böyümə potensialına malik regionların və müvafiq sektorların da səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq müvafiq investisiyalar həyata keçirir. Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksəkkeyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir. “GEMS Education” kimi beynəlxalq səviyyədə tanınmış və geniş şəbəkəsi olan bir şirkətə investisiya nəhəngləri ilə eyni konsorsiumda müştərək investisiya qoyulması, ARDNF-in qlobal arenada nüfuzlu tərəfdaş və etibarlı investor kimi qəbul edilməsinin bariz göstəricisidir. 

Fondun “GEMS Education”a olan investisiya qoyuluşunun hansı müddəti əhatə edəcəyi ilə bağlı ARDNF-dən bildirilib ki, ümumilikdə qurumun yüksək gəlirlilik hədəflədiyi alternativ maliyyə alətlərinə investisiyaları uzunmüddətli (5-8 il) xarakter daşıyı. Sabit gəlirli qiymətli kağızlar və kotirovka olunan səhmlərdən fərqli olaraq, bu tip maliyyə alətlərinə investisiyalar qapalı şəkildə həyata keçirilir və qeyd edildiyi kimi uzunmüddətli dövrü əhatə edir. ARDNF-in alternativ maliyyə alətlərinə yatırımları yüksək böyümə perspektivi vəd edən aktivlərdir və ARDNF-in xüsusi fondlar vasitəsilə etdiyi investisiyaları idarə edən şirkətlər bir qayda olaraq müxtəlif idarəetmə üsullarından istifadə edirlər. Belə ki, onlar investisiya etdiyi şirkətlərin əlverişli böyümə imkanlarından faydalanaraq maliyyə göstəricilərini daha da yaxşılaşdırmağı, investisiyanın dəyərini artıraraq yüksək gəlirliliyin təmin edilməsi ilə uyğun bazar konyukturasında bu investisiyalardan çıxmağı hədəfləyir.


“ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az