Şamaxıda doqquz ayda 3 min tondan çox ət istehsal olunub
Şamaxı rayonunun heyvandarları cari ilin ötən doqquz ayını uğurlu göstəricilərlə başa vurublar.
Rayon statistika idarəsindən "Şirvan"az müxbirinə bildirilib ki, doqquz ayda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, diri çəkidə ət istehsalı 88,4 ton artaraq 3118,5 ton olub. Doqquz ayda süd istehsalı 2450 ton artıb və 24 min 422 tona, yumurta istehsalı 3 milyon 177 min ədəd artıb və 16 milyon 300 min ədədə, yun istehsalı isə 22,2 ton çoxalıb və 301 tona çatıb.
Rayonda bu müddətdə mal-qaranın və davarların, habelə quşların baş sayında da artım olub. Hazırda bölgədə 28 min 378 baş iribuynuzlu mal-qara, 138 min 925 baş qoyun-keçi, 226 min 125 baş quş bəslənilir. Müvafiq olaraq mal-qaranın sayı 56 baş, davarların sayı 46 baş, quşların sayı isə 8 min 674 baş artıb.