Zirvə görüşlərinin müntəzəm keçirilməsi üzv ölkələr arasındakı birliyi daha da möhkəmləndirir


Bu ilin 31 mart tarixində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü üzv ölkələr arasında birliyin, anlaşmanın qarşıdakı illərdə daha da artacağına, inkişafına təkan verəcəyinə ümidləri gücləndirdi. 2019-cu ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşündə də bu istiqamətdə atılan addımlar göstərmişdi ki, bu məqsədə doğru atılan hər bir addım gərəkli və faydalıdır.
Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmkarlarının diqqətinə ən əvvəl rəsmi İrəvanın ölkəmizə qarşı işğalçı siyasətinin ağrılı nəticələrini çatdırdı. 30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini zəbt etməsi, bir milyondan çox azərbaycanlını öz doğma torpağından didərgin salması, soydaşlarımıza qarşı saysız-hesabsız vəhşiliklər törətməsi, o cümlədən Xocalıda dinc sakinlərimizi- uşaqlı-böyüklü xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirməsi insanlıq tarixində bənzəri olmayan cinayət idi.
Təssüflər olsun ki, bu cinayət qarşısında dünyanın aparıcı dövlətləri də susqunluq nümayiş etdirdi. Məsələnin həlli ilə bağlı 1992-ci ildən fəaliyyətdə olan ATƏT-in Minsk qrupu da Azərbyacanın ərazi bütövlüyünün bərpası üçün heç bir əməli, effektiv addım atmadı və ya atmaq istəmədi.
Dövlətimizin başçısı Zirvə görüşündə həmkarlarına bildirdi ki, Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
30 illik işğal dövründə rəsmi İrəvanın münaqişənin həllində qeyri-konstruktiv mövqeyi bu məsələnin beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə həllini mümkünsüz etdi. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləsələr də, bu dəstəyin praktiki həyatda nəzərəçarpacaq əhəmiyyəti olmadı.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirlmədi. Halbuki 1993-cü ildə qəbul edilmiş həmin qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Amma eyni zamanda onu da qeyd edək ki, Prezidentimizin apardığı məqsədyönlü xarici siyasət sayəsində ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatların Azərbaycanın haqq işini müdafiə etməsi beynəlxalq siyasi müstəvidə mövqeyimizi bir qədər də gücləndirdi.
Münaqişənin sülh yolu ilə həll olunması üçün Azərbaycanın atdığı səylər, konstruktiv təkliflərə baxmayaraq işğalçı Ermənistanın təxribat xarakterli addımları ildən-ilə daha da artmaqda idi. Mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi, qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi kimi hərəkətlər xalqımızın heysiyyatına toxunmaya bilməzdi. 2020-ci il sentyabrın sonlarında düşmənin hərbi mövqelərimizi və yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması, bunun nəticəsində bir neçə hərbçimizin və mülki şəxsin həlak olması Azərbaycanın "səbr kasası"nı daşırdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-hücum əməliyyatı ilə 44 günlük müharibədə işğalçı qüvvələr məhv edildi, ərazi bütövlüyümüz bərpa olundu. Ermənistan məcburən kapitulyasiya aktına imza atdı.
Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin.
...Münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Bu istiqamətdə ən vacib olanı isə Azərbaycanın üzərində fəal çalışdığı Zəngəzur dəhlizi ilə bağlıdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur dəhlizi türk dünyası arasında birləşdirici rolu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bu nəqliyyat imkanlarından Ermənistanın özü də,
müttəfiqi Rusiya da yararlana bilər. Ermənistan, həmçinin qonşusu İranla Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsi yarada bilər.
Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında işğaldan azad olunmuş ərazilərin böyük geostrateji əhəmiyyətə malik olması da vurğulandı. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, bu layihələr digər ölkələr üçün də əlavə iqtisadi inkişaf baxımından olduqca əhəmiyyətli imkanlar deməkdir.
Azad edilmiş torpaqların minalardan təmizlənməsi, soydaşlarımızın öz əzəli yurdlarına qayıtması üçün o yerlərdə yaşam şərtlərini tam təmin olunması, sözsüz ki, xeyli vaxt aparacaq. Beynəlxalq və yerli media nümayəndələri üçün həmin yerlərə təşkil edilən səfərlərdə onların ilk yəqin etdikləri həqiqət bu olur ki, hər addımda erməni vandalizminin izlərivar- bu, adi iz deyil- işğalçı qüvvələrin evləri, mədəni və dini abidələri, qəbirstanlıqları vəhşilklə dağıtdıqları, bu vandallığı ifadə etməyə sözün belə aciz qaldığı qəddarlıq görüntüləridir. Bu mənzərələr vahiməlidir. Xarici jurnalistlərdən biri Ağdam şəhərinin xarabalıqlarını görəndə, əbəs yerə onu "Ruhlar şəhəri" adlandırmamışdı. Başqa birisi isə, bu qədim şəhərimizin indiki görkəmindən "Qafqazın Xirosiması" deyə söz açmış, gördüklərini ürək ağrısı ilə qələmə almışdı.
Prezident İlham Əliyevin Zirvə görüşündə həmkarlarına söylədikləri bu qəbildən olan dəhşətli həqiqətləri dinləmək olduqca çətin və ağrılı idi: "Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar."
Rəsmi İrəvanın cinayətkar əməlləri hələ də bitməyib. Onlar minaların xəritəsini Azərbaycana bu günə qədər təqdim etməyib. Halbuki bu cür hərəkət Beynəlxalq Konvensiyaya tam ziddir və hərbi cinayət sayılır.
Dövlətimizin başçısı dost ölkələrin rəhbərlərinə Qarabağla əlaqədar məsələnin mahiyyətini bütün təfərrüatı ilə çatdırdı və ümid etdi ki, növbəti canlı təmaslar əsnasında bu məsələ daha geniş formatda müzakirə olunacaq. Arzuladı ki, Türkiyədə keçiriləcək növbəti Zirvə görüşündə canlı olaraq iştirak etsinlər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az