Mart ayının 3-də Şamaxı rayon Mədəniyyət Mərkəzində rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra konfrans işə başlayıb.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edərək ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib.
Sonra rayon Ağsaqqallar Şurasının sədri, İdarə Heyəti, Təftiş komissiyasının tərkibi və üzvlərinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Şurasının sədrliyinə yenidən ADPU-nun Şamaxı filialının kafedra müdiri Mayıl Alıcanovun namizədliyi irəli sürülüb və o, yekdilliklə sədr seçilib.
İlk dəfə olaraq rayon Ağsaqqallar Şuranın tərkibi genişləndirilib, Respublika Ağsaqqallar Şurasının tərkibinə uyğun olaraq rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar da Şuraya üzv olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Birinci prorektoru, professor Əlikram Abdullayev, Akademiyanın Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, dünya şöhrətli incəsənət xadimləri, Xalq artistləri Alim Qasımov və İlham Namiq Kamal Şuranın fəxri üzvləri seçiliblər.
Şuraya yenidən sədr seçilən Mayıl Alıcanov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, ötən dövrdə görülən işlərdən danışıb, bundan sonra da ölkəmizdə aparılan inkişaf proseslərinin, görülən işlərin təbliğində öndə gedəcəklərini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizdə ağsaqqal və ağbirçəklərə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayıb.
Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ağsaqqallar Şurasının sədrini, yeni seçilmiş İdarə Heyəti, Təftiş Komissiyası və üzvlərini təbrik edərək onlara möhkəm cansağlığı arzulayıb. Rayon rəhbəri ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən bəhs edərək dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu qeyd edib.
Sonda rayon Ağsaqqallar Şurasının üzvləri üçün çay süfrəsi açılıb, xatirə şəkli çəkilib.