Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 13-də Şamaxıdan bir qrup şagird cənub bölgəsinə yola salınıb.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda müasir Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova şagirdlərə uğurlu yol arzulayıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tur-aksiyanın iştirakçısı, Şamaxı Avropa liseyinin IX sinif şagirdi Zöhrə Hacıyeva ölkəmizdə yeniyetmə və gənclərə göstərilən qayğıdan danışıb, tur-aksiyanın ayrı-ayrı bölgələri daha yaxşı tanımaqda əhəmiyyətini vurğulayıb, bunun üçün bütün yoldaşları adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Yola salınan Şamaxı şəhər 6 saylı tam orta məktəbin şagirdi Murad Məmmədov isə deyib: “Cənub bölgəsində olmamışam. İndi Lənkərana gedirik. Oradan Masallıya, daha sonra Astaraya səfər edəcəyik. Bu rayonların müasir həyatı, tarixi yerləri ilə tanış olacaq, həmyaşıdlarımızla ünsiyyət quracağıq. Bütün bunlar bizə doğma Azərbaycanımızı daha yaxından tanımağa imkan verəcək. Bu imkanı bizə verdiyinə görə bütün yoldaşlarım adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Yolasalma mərasimində məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdiriblər. Rayon musiqiçilərinin ifasında konsert olub.
Sonda şagirdlər avtobusa əyləşərək yola düşüblər.