booked.net
SON DƏQİQƏ Zəfər Ordusu...

Dünyanın nüfuzlu siyasətçisi və Dövlət başçısı, tanınmış diplomat və müzəffər Ali Baş komandan zirvəsinə aparan yol


Bu gün hər bir azərbaycanlı respublikamızın ictimai həyatının bütün sahələrində- istər siyasi, iqtisadi, mədəni, istərsə hərbi sahələrində nəinki bölgədə, hətta dünyada söz sahibi olmasından qürur duyur və bununla fəxr edir. Ölkəmizin vətəndaşları onun da fərqindədir ki, bu uğurlu nəticəyə ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhməti, uzaqgörən xarici və daxili siyasəti sayəsində nail olunub.

1961-ci il dekabrın 24-də Bakı şəhərində ümummilli lider, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində dünyaya göz açan İlham Heydər oğlu Əliyevin təhsil illərində, xüsusən də dünyanın ən nüfuzlu ali məktəblərindən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığı dərin bilik və bacarıq, zəngin təcrübə onun gələcək həyatında mühüm rol oynamışdır. Amma danılmaz bir fakt da var ki, İlham Əlievin keçdiyi ən böyük məktəb, "Heydər Əliyev məktəbi" olmuşdur.

Çalışdığı bütün sahələrdə bu məktəbdə qazandığı təcrübə hər zaman köməyinə çatmış, düzgün qərarlar qəbul etməkdə onun həyatında müstəsna rol oynamışdır. Bütün bunlarsa xalqın gözləri önündə baş verirdi. Gələcəkdə xalqın taleyinə, dövlətin qorunması və ölkənin inkişafına məsul olacaq şəxsiyyətin yetişməsi cəmiyyətdəki sağlam qüvvələrdə tam əminlik yaranmışdı.

İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçicilərin 76 faizindən çoxunu toplaması da bir daha təsdiq etdi ki, xalq ona inanır və taleyini ona etibar edir. Sonrakı Prezident seçkilərində də seçicilərin böyük əksəriyyətinin səsini qazanmaqla lider kimi ona olan etibarı daha da möhkəmləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar ildən-ilə ölkəmizin bütün sahələrində sürətli inkişafı şərtləndirdi. Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanındı. Sıralamaqla saya gəlmiyən ən yüksək təltiflər dövlətimizin başçısının fenomen rəhbərlik bacarığından, diplomat kimi nadir itedadından, qolballaşan dünyada çevik siyasi mövqe nümayiş etdirməsindən və güclü iradəsindən, beynəlxalq nüfuzundan xəbər verir.

Cənab İlham Əliyev fəaliyyətinin bütün dövrlərində məhsuldar, effektiv fəaliyyəti ilə şəxsiyyətinə ümumxalq maraq və inamı oyatmağı bacardı. Möhtərəm Prezidentimiz siyasətə və vəzifəyə bir vasitə- xalqına, millətinə, torpağına, dövlətinə namuslu bir vətəndaş kimi xidmət etməyə geniş imkanlar açan vasitə kimi yanaşdı. Bunu real işlərilə həyatda doğrultdu. "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir”- Dövlətimizin başçısının dediyi bu fikiri onun həyat amalının ifadəsi kimi də adlandırmaq olar.

Ölkəmizdə keçirilən demokratik islahatların davamlı olması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, həm də Azərbaycanın dayanaqlı inkişafını şərtləndirmiş oldu.

Prezident İlham Əliyev ölkəmizdə birlik və həmrəyliyə nail olmaqla hər bir ölkə vətəndaşını birliyimizin gücünə, qüdrətinə inandırdı. Xalqı dəmir yumruq kimi birləşdirdi. Nəticədə Vətən müharibəsi qələbəmizlə başa çatdı- tariximizin ən şanlı səhifəsi- "Böyük Zəfər" qazanıldı.
44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrəti ilə bərabər xalqımızın milli birliyini və sarsılmaz iradəsini də bütün dünyaya nümayiş etdirmiş oldu.

Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı da Prezident İlham Əliyev oldu. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən birinə çevrildi.

Son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyalarının rəhbərləri Ali Baş Komandan, Prezident İlham Əliyevə dəstək göstərməsi və bununla əlaqədar birgə bəyanatların (müraciətlərin) imzalanması təcrübəsi ümumxalq birliyinin təcəssümüdür.Bununla da ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün yeni perspektivlər açdı.

Siyasi münasibətlərdə iştirak edən tərəflər arasında etibarlı münasibətlərin yaranması üçün təşviq olunan siyasi dialoq prosesinə cəmiyyətin bütün potensialı cəlb olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq prosesində siyasilər ilə yanaşı, ölkənin elmi dairələri, vətəndaş cəmiyyətinin fəal üzvləri, gənclər hərəkatı, mətbuat və digər sahələrin nümayəndələri iştirak etdilər. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərdi.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlar partiyanın ölkəmizin siyasi sisteminin təkmilləşməsindəki əhəmiyyətli roluna yeni təkan verdi.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət ölkəmizi beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir.

Dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.

2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb. QH-nin bu ilin iyulunda virtual formatda keçirilmiş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il - 2023-cü ilə qədər uzadılması haqqında qərar verib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qlobal Bakı Forumu təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından dünyada aparıcı siyasi platformalardan birinə çevrilməsi də diqqətçəkən məqamdır. 2013-2021-ci illərdə 7 Qlobal forumun keçirilməsi faktı da bunu sübut edir.

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qalxması iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyətlə uğurla davam etdirilir.

Şuşa Bəyannaməsində yazılıb ki, Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.- Bu cür tərəfdaşlıq yeni geosiyasi reallıqda Azərbaycanın güvənini daha artırmış oldu.

2021-ci il 12 noyabr tarixində Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi dövlətimizin başçısının türk dünyasında qazandığı siyasi nüfuzunun təsdiqidir.

Konstruktiv əməkdaşlığa açıq olan Prezident İlham Əliyev bütün beynəlxalq təşəbbüslərə öz dəstəyini nümayiş etdirir. Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində çox fəal rol oynayır.

Regionun statusunu və siyasi aktuallığını artıran Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyası region ölkələri üçün yeni iqtisadi perspektivləri yaradır. Nəqliyyat, enerji, regional təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir.

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzu sayəsində mümkün olub.

Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı olması da Prezident İlham Əliyevin rəhbərlyi sayəsin mümkün olub.

Məsələn, Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu artıran “Cənub Qaz Dəhlizi”, habelə Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib.

Ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilməsi, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilməsi də Azərbaycanın artan beynəlxalq nüfuzunu təsdiq edir.

2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılmaqla ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına dəstək, sosial-iqtisadi inkişafa töhfə verildi, kommersiya fəaliyyəti genişləndirildi.

Bu, həm də Azərbaycana dünya kosmos ailəsinin üzvü kimi beynəlxalq kosmik təşəbbüslərdə iştirak etməyə imkan yaratdı, ölkənin beynəlxalq imicinin yüksəldilməsində əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük uğurla davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında böyük işlər görülüb.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənməsi hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsinə imkan verəcək.

Son dövrlərin ən aktual problemlərindən biri də COVID-19 pandemiyası və onun yaratdığı çətinliklərdir. Bütün dünyanı çətin sınaq qarşısında qoyan, bəşəriyyəti “görünməz düşmən”lə mübarizəyə sövq edən pandemiya çox təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi.

Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilməsi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılması bu problemə qarşı mübarizədə öz müsbət təsirini göstərdi.

Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir ki, bu da Pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə dövlətimizin başçısına beynəlxalq ictimaiyyətin rəğbətini qazandırmışdır.

Prezidentliyə başladığı ilk gündən ermənilər və onları himayə edən qüvvələrin işğal etdikləri torpaqlarımızın bir qarışı belə heç kimə güzəştə getməyəcək qətiyyətini ortalığa qoyan İlham Əliyev zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin sonuna qədər prinsipial mövqeyinə sadiq qaldı.

Yaratdığı ən müasir, modern, vətənpərvər və döyüşkən ordu ilə, formalaşdırdığı uğurlu xarici siyasətlə xalqımızı Zəfərə çatdırmağı bacardı. İlham Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq Müzəffər, Qəhrəman, Xilaskar, Qalib Sərkərdə, mahir diplomat kimi möhürünü vurdu.

2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunandan sonra planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yeniləndi, müasir infrastrukturun yaradıldı, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirildi.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Cənab Prezident İlham Əliyev tərəfindən orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanlarla yaradılmış "Yaşat" Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, “Qarabağ Dirçəliş” Fondu isə işğaldan azad olunmuş ərazilərin bərpası və ümummilli həmrəyliyi baxımından çox əhəmiyyətlidir.

Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafı ilə bərabər, bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır.

Tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır.

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Bunu isə qələbənin Zəngəzur zirvəsi adlandırmaq olar. Qarşıdakı yaxın illərdə biz Zəngəzur dəhlizinin reallığa çevrildiyinin şahidi olacağıq.
Artıq Böyük qayıdışa hazırlıq gedir. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir.

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

  • 25.06.2022, 09:28 Zəfər Ordusu
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az