Ötən ilin sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində ölən və yaralıların olduğu barədə bəyanat yaydı. Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirmişdir. Bildiyimiz kimi, cəbhədə döyüşlər başlandıqdan sonra Ermənistan tam, Azərbaycan isə qismən hərbi səfərbərlik elan etmişdir. Cəbhədə şiddətli döyüşlər getdiyi müddətdə Azərbaycan tərəfi oktyabrın 3-də ilk azad olunan əraziləri rəsmi elan etdi. Ali Baş Komandan Prezident İlham Əliyev Tərtər rayonu ərzisindəki Suqovuşan su anbarının və müxtəlif rayonların ərazisindən 7 kəndin azad olunduğunu açıqladı. Beləliklə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra N.Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək “kapitulyasiya aktı”na imza atmağa məcbur oldu. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.
Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxışında deyib. “10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Çünki mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq”.
Prezident bildirib ki, bizim növbəti əməliyyat istiqamətləri bəlli idi: “Ancaq itkilər çox olacaqdı: həm Ağdamda, həm də Kəlbəcər və Laçında. Çünki onlar Ağdamı elə bir istehkama çevirmişdilər ki, şərq tərəfdən ora girmək çox böyük təhlükə idi. Əlbəttə, Şuşa götürüləndən sonra, Hadrut, Füzuli bizim əlimizdə olandan sonra təbii ki, Ağdamda erməni hərbi qruplaşması mühasirəyə düşəcək və məhv olacaqdı. Amma biz də itkilər verəcəkdik. Kəlbəcər və Laçın rayonlarının təbii relyefi, iqlimi, hava şəraiti bizim işimizi çox çətinləşdirə bilərdi, xüsusilə nəzərə alsaq ki, qış gəlirdi. Qış orada çox sərt keçir. Dağlarda qar heç ərimir. Deyə bilərəm ki, biz o istiqamətdə Azərbaycan-Ermənistan sərhədinə ancaq may ayında çıxa bilmişik. Çünki yol yoxdur, necə deyərlər, heç cığır belə yoxdur. O bölgələrdə sovet dövründə yaşayış məntəqələri olmayıb. Biz oraya ancaq qar əriyəndən sonra çıxa bilmişik. Ona görə bizim müharibə dövründə apardığımız işlər tam dəqiqliyi ilə aparılmışdır. Hədəfə hesablanmış addımlar idi - vaxtında hər şeyi etdik, vaxtında dayandıq. Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik.
Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər”.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır. 11 Ölkə başçısı 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir. Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.
Paradda nümayiş etdirilən texnikalar dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunmuşdur. Aprelin 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi 12 Qənimətlər Parkının açılışı olmuşdur. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Bakı Metropoliteninin 29 may 2021-ci ildə istifadəyə verilən stansiyasına ölkə başçısı İlham Əliyevin xüsusi təşəbbüsü ilə Zəfər Günü münasibətilə “8 Noyabr” adı verilmişdir. Bu stansiya dövlətimizin keçdiyi keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəcəkdir. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz yumruğunu bayraq kimi yuxarı qaldıraraq həm döyüş meydanında, həm mediada qələbə qazandı. "Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı.”
Müharibə günlərində dünya birliyi Azərbaycan xalqının iradəsinin, ordumuzun sarsılmaz qüdrətinin, dövlət başçımızın müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu. Biz həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır.
Yumruğ sahibi dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqladı: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”
Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.
Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər. Zəfər Paradında müzəffər Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə ələ keçirilən hərbi qənimətlərin bir qismi və Şuşaya sancılmış Qələbə Bayrağı nümayiş etdirildi.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi.
Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı.
44 günlük Vətən Müharibəsində Şamaxının cəsur övladları da iştirak ediblər. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralanan qazilərimizə şəfalar diləyirik. Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.
Şəhidlərimizin xatirəsi hər zaman yad edilir, silsilə tədbirlər keçirilərək döyüş yolları gələcək nəsillər üçün vətənpərvərlik məktəbi kimi təbliğ olunur. Dövlətimiz tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində mühüm addmlar atılır.
Şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin vətəndaşlıq borcudur.
Azərbaycan bölgədə yaradılan yeni reallıqlarla regionun sarsılmaz güc mərkəzinə çevrilir. Bu uğurlar dostlar üçün fərəh, düşmənlər üçün gözdağıdır. Türkiyə Prezidentini gətirən təyyarənin Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına enməsi, Azərbaycan və Türkiyə liderlərinə Qarabağın simvolik açarlarının təqdim edilməsi, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin təməlini qoyması çox böyük tarixi hadisədir. Qarabağdan izlədiyimiz bu tarixi görüntülər bütün türk dünyası üçün şərəfli, qürurlu anlar yaşadır. Bu, uzun illər həsrətlə gözlədiyimiz, xəyallarımızda canlandırdığımız inanılmaz tarixi hadisədir.
Təməli qoyulan Zəngəzur dəhlizi, Qarabağdakı digər nəhəng layihələr nəinki bütün türk dünyası, ümumilikdə planetin gələcəyi üçün əvəzsiz önəmə malikdir. İki böyük türk liderinin bu misilsiz xidmətləri - Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhlizin açılmasını təmin etmək ölkələrimiz və xalqlarımız üçün yenilməz güc, dayanıqlı iqtisadiyyat, sosial rifah, layiqli gələcəyi şərtləndirir. Əliyev və Ərdoğan bu baxımdan da şanslı lider, xoşbəxt dövlət başçılarıdır. Onlar üzərlərinə düşən bu tarixi missiyanı xüsusi əzmkarlıq və qətiyyətlə yerinə yetirirlər.