O gündən bizi bir il ayırır. Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini işğaldan azad etdi. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də azadlığına qovuşdu.
Prezident İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrutun azad edilməsini Azərbaycan Ordusunun Vətən Müharibəsində qazandığı çox uğurlu hərbi əməliyyatlardan biri kimi dəyərləndirdi: "Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar."
Hadrutun azad edilməsinin əsas siyasi-hərbi əhəmiyyəti aşağıdakılardan ibarət oldu:
Ermənilərin qeyd şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə daxil olan ərazinin Azərbaycanın nəzarətinə keçməsi ilə “Artsax” və “Böyük Ermənistan” layihələrinin birgə “dəfninə” hazırlıq başladı;
Füzuli və Cəbrayıl istiqamətində yerləşən düşmən qüvvələrinin həm idarəetməsinin, həm də təchizatının həyata keçirilməsinin qarşısı alındı. Cənub istiqamətində yerləşən Ermənistan qoşunlarının ehtiyat silah-sursat anbarı Hadrutda yerləşirdi;
Hadrutun düşməndən təmizlənməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə və digər ərazilərin həm daha az itki ilə, həm də daha yüksək hücum tempi ilə işğaldan azad edilməsinə şərait yaratdı.
Tanınmış ekspertlər isə Hadrut əməliyyatının önəmini bu cür də ümumiləşdirir:
“-Hadrutun işğaldan azad edilməsi qondarma qurumun “sərhədlərini” dağıtdı, Ermənistanın dilinə gətirdiyi və sırımağa çalışdığı “status arqumentini” çökdürdü;
-Son 30 ildə ilk dəfə idi ki, Azərbaycan Ordusu qondarma qurumun “ərazisi” kimi elan etdiyi torpaqlarımıza daxil oldu;
-Hadrutun işğaldan azad edilməsi və hərbi qələbə Ermənistan ordusunun dirəncini qırdı, “soyuq duş” effekti yaratdı, 44 günlük hərbi qələbəmizin əsas hadisələrindən birinə çevrildi;
-Hadrutun strateji coğrafi mövqeyini nəzərə alaraq işğaldan azad edilməsi digər əməliyyatların uğuru üçün qapı açdı;
-Hadrut əməliyyatı unikal hərbi əməliyyat idi, igid Azərbaycan əsgərinin hərbi hazırlığının yüksək səviyyədə olduğu göstərdi;
-Hadrut əməliyyatı Şuşanın işğaldan azad ediləcəyinin ilk və ən böyük xəbərçisi idi.
"Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub" deyən Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə düşmənin tarix boyu uydurduqları yalanlarla, saxtakarlıqlarla yaşadıqlarını, bunu onların həyat tərzinə
çevrildiyini belə qeyd etdi: "Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı."
Dövlət başçısı Xocavənd ictimaiyyətinin nümayəndələri ilə görüşündə diqqəti daha bir məsələyə çəkdi- erməni cinayətlərinə göz yuman beynəlxalq ictimaiyyəti, bu məsələ ilə məşğul olanları sərt şəkildə qınadı. Erməni vandallarının Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv etməsi onların xislətinin iç üzü, Azərbaycana qarşı törətdikləri ekoloji terrordur.
Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharəti, siyasi iradəsi, əsgər və zabitlərimizin böyük şücaəti və qəhrəmanlığlı,hərbi həkimlərimizin fədakarlığı, xalqımızın həmrəyliyi və birliyi sayəsində mənfur düşməni əzib, "keçilməz sədlər"ni, istehkam və müdafiə mövqelərini yarıb keçdik. Silahlı qüvvələrini darmadağın etdik. Vətən tarixinə şanlı Zəfər Gününü yazdıq.
Ölkə başçısı Hadrutun inkişaf perspektivlərindən danışarkən işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacağını söylədi: "Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək.