Bu gün Azərbaycanda media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycan mediası bölgənin ən qabaqcıl nümunələrindən biridir.
“ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜN VƏ SUVERENLİYİMİZİN TAM BƏRPASI, - BU, ÖTƏN İLİN SENTYABRINDA BAŞ VERDİ”
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar bu günün reallıqlarını tam əks etdirir. ” Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona ünvanlanan sualı cavablandırarkən bildirib.
“Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.
Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir”.
“BİZ ETNİK TƏMİZLƏMƏNİN QURBANI OLMUŞUQ, İŞĞALIN QURBANI OLMUŞUQ”
“Biz istərdik ki, Azərbaycanda və regionda baş verənlər obyektiv şəkildə işıqlandırılsın” deyən ölkə rəhbəri diqqətə çatdırıb. “Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
Prezident İlham Əliyevin Forumda bir çox məsələlər, o cümlədən regionda baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlər dünyaya bir mesaj oldu. “Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq.
Dövlət başçısı vurğuladı ki, ki, Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır.
Prezident İlham Əliyev söylədi ki, bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olur. Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər.
“SON VAXTLAR ZIRVƏ GÖRÜŞLƏRININ INTENSIVLIYI ARTIB VƏ BUNA BÖYÜK EHTIYAC VAR”
Bu gün Rusiya yükgöndərənləri üçün həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Biz bu dəhlizin buraxılış imkanlarının genişləndirilməsi barədə danışıqlar aparırıq. Lakin bir çox başqa mövzular da var.
Əlbəttə ki, bizə xüsusilə yaxın olan məsələlər müzakirə olunmadan heç bir Zirvə görüşü keçirilmir. Bu, humanitar əməkdaşlıqdır, insanlar arasında təmasdır, mədəni əməkdaşlıqdır, təhsildir. Yəni bu, hamımızın yaxşı bildiyimiz böyük bir sahəni əhatə edir. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı davam edəcək. Bu, həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir.
Prezident İlham Əliyev bildirdi ki, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq. Əlbəttə ki, daxili potensialımıza söykənirdik. Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələr qurduq. Bu, bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək və biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatına məhəl qoymadıq, fikir vermədik. Biz onlara tamamilə biganə yanaşırıq.
“BİZ HEÇ BİR ZAMAN NƏ İŞĞALI, NƏ FƏSADLARI, NƏ VERDİYİMİZ QURBANLARI, NƏ BÖYÜK QƏLƏBƏMİZİ UNUTMAYACAĞIQ”
Ölkə başçısının vurğuladığı kimi, sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Yeni milli ideyanın, yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil.
Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar.
Ölkə rəhbərinin söylədiyi kimi, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz.
Ədalətli yanaşmadan söz açan ölkə rəhbəri bildirdi ki, qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər. İnkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittiham var. Hansı ölkə planetimizə daha çox ziyan vurubdur, məsuliyyətli ölkə kimdir və onları bir növ məsuliyyətə cəlb etmək və cəzalandırmaq cəhdləri var. Biz bunu geridə qoymalıyıq. Bu, bizə heç bir nəticə verməyəcəkdir.
Prezident İlham Əliyev söylədi ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq. Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq.
“AZƏRBAYCANIN REGİON KONTEKSTİNDƏN YANAŞSAQ, BU, ƏHALİSİNİN SAYINA GÖRƏ ÖLKƏMİZİN ƏN BÖYÜK REGİONUDUR”
Azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və müharibədən dərhal sonra, Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Proseslər 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Həqiqətlər Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı. Ermənistan hökuməti tərəfindən açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur.
Dövlət başçısının söylədiyi kimi, münaqişəyə və işğala Azərbaycan özü son qoydu və 20 il ərzində razılaşdırılmış bütün prinsiplər tərəfimizdən təmin edildi. Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni, praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir. Sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir.
“AZƏRBAYCAN BƏRPAOLUNAN ENERJİ SAHƏSİNDƏ BÖYÜK NAİLIYYƏTLƏRƏ İMZA ATIB”
Dövlət başçısı vurğuladı ki, Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür.
Prezident Trampın prezidentliyi dövründə çox səmərəli əməkdaşlıq əlaqələri olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. ABŞ-la münasibətlərin tarixində müəyyən enişli-yoxuşlu dövrlər olub. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub.
Ölkə rəhbəri qeyd etdi ki, Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq.
Azərbaycan uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərib. Biz onların müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləmişik. Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır.
Azərbaycan bu günədək Ukrayna xalqına humanitar və maliyyə dəstəyi göstərib. Qırx milyon avroya yaxın yardım edilibdir və bu yardım davam edir, tamamilə şəffaf yardımdır. Ukraynalı uşaqlar Azərbaycana gəlir, burada reabilitasiya keçirlər. Biz kömək üçün əlimizdən gələni edəcəyik.
Ölkə rəhbəri vurğuladı ki, 2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra - bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər.
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir.
2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyduq. Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, bizim hədəfimizdir. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Ukrayna ilə Rusiya arasında müqaviləyə xitam verilməsi məsələsinə gəldikdə, Ukrayna və Avropa İttifaqı bizə müraciət edib ki, biz bu müqavilənin uzadılmasında yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Düzgün qeyd etdiniz, Avstriya, Slovakiya kimi ölkələr də çox ciddi çətinliklə üzləşəcəklər. Onlar ya, - dəqiq rəqəm demək istəmirəm, - digər mənbələrdən qaz almaq üçün yüzlərlə milyon dollar və ya avro həcmində əlavə pul verməli olacaqlar və fiziki olaraq da onların əlavə qaz həcmlərinə çıxışı olmayacaq. Çünki digər Avropa ölkələri kimi, bu iki ölkə də ən çətin vəziyyətdədir.
Süni intellekt mövzusu hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır. Nüvə silahına malik ölkələr süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilər. Hətta məişət səviyyəsində bir çox hadisələr var ki, bir çoxlarına - insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər.
“1994-CÜ İLDƏ ULU ÖNDƏR TƏRƏFİNDƏN TARİXİ QƏRAR QƏBUL EDİLDİ”
“Əsrin müqaviləsi” imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir. Təsəvvür edin, əgər o vaxt bu müqavilə imzalanmasaydı, yaxud ondan iki il keçməmiş “Şahdəniz” üzrə müqavilə imzalanmasaydı, bu gün həm biz, həm də bizim qazımızdan bəhrələnən, ondan öz enerji təhlükəsizliyində istifadə edən ölkələr hansı çətinliklərlə üzləşəcəkdilər? Yəni, o, qlobal təfəkkürün və müdrikliyin təzahürü idi.
İnkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün biz xüsusi fond təsis edirik və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyacağıq. Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə çevriləcə və mən digər ölkələri sadalamıram. Biz bu addımları atmaqla ölkəmizi böyük dərəcədə gücləndiririk və bu gün burada bizim COP nümayəndələri, komandamız iştirak edir. Onlar da çox fəal işləyir və mən demişəm, siz xarici ölkələrdə işləməlisiniz, bütün dünyanı dolaşmalısınız ki, Azərbaycanın mövqeyini, Azərbaycanın gündəliyini bütün tərəf-müqabillərinə çatdırasınız.
“AFRİKA İTTIFAQININ BİR ÇOX ÜZVLƏRİ İLƏ BİZİM FƏAL TƏMASLARIMIZ VAR”
Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Afrika İttifaqında - Efiopiyada öz səfirliyimizi təsis etmişik ki, orada əməkdaşlıq üçün zəmin yarada bilək. əmin qitədə Afrika İttifaqının bir çox üzvləri ilə bizim fəal təmaslarımız var. Əlbəttə ki, Qoşulmama Hərəkatına sədrliyimiz bizə Afrika qitəsindən olan ölkələrlə praktiki təmaslar qurmağa kömək etmişdir. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edir və mən COP29-la bağlı dəvətlər göndərmişəm. Bir çox Afrika ölkələrinin prezidentləri öz iştiraklarını təsdiq ediblər. Bu da yaxşı fürsət olacaq ki, təmaslar qurulsun. Yəni, hazırda deyə biləcəyim odur ki, Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında rəsmi əməkdaşlıq kanalları yoxdur. Mən şübhə etmirəm, bu, olacaqdır. Ancaq milli səviyyədə Azərbaycan və Afrikanın müxtəlif ölkələri arasında yaxşı əməkdaşlıq var. Hər hansı fikir ayrılığı yoxdur. Əksinə, biz Afrika İttifaqından olan bir çox ölkələri COVID dövründə dəstəkləmişik. Biz 80-dən artıq ölkəyə COVID dövründə humanitar və maliyyə yardımı göstərmişik və onların bir çoxu Afrika İttifaqının üzvləridir.
Dövlət başçısı vurğuladı ki, çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir - düzgün siyasət, təhsil, tərbiyə, nümunə, davranış nümunəsi. Vətən müharibəsi zamanı dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş öz həyatını qurban verib, sağlamlığından məhrum olub.
“Troyka”nın təsis edilməsinin təşəbbüskarı Azərbaycandır. Bu, ötən, hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. “Troyka” mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək.
Biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal edən və ətraf mühiti çirkləndirən böyük ölkələr hansılardır. Ancaq elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin. “OPEC+” formatının üzvü olaraq biz neft istehsalçısı olan ölkələrlə öz işimizi gördük. Əlbəttə, daha çox gəlir əldə edən ölkələr daha çox maliyyə töhfəsi verməlidir. O ölkələr ki, atmosferə daha çox tullantı buraxır və pulları var, onlar da maliyyə baxımından töhfə verməlidir.
“TÜRK DÖVLƏTLƏRİ TƏŞKILATININ ÇOX BÖYÜK GƏLƏCƏYİ VAR”
Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edib. Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik. Biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. Hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. Ancaq sizin də qeyd etdiyiniz kimi, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.