Prezident İlham Əliyev: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir


İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk dünyasının inteqrasiyası və  inkişafında fəaliyyəti yüksək qiymətləndirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr və onların rəhbərləri dövlət başçımızın birlik və həmrəylik təşəbbüslərinə, sülh və təhlükəsizlik sahəsində əməkdaşlıq çağırışlarını nəinki bölüşür, həmçinin təşkilatın daha da inkişafı və nüfüzlü beynəlxalq  aktora çevrilməsi üçün səy göstərirlər.
Şuşada Prezident İlham Əliyevin gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər, Türk dünyasına ünvanladığı konkret mesajlar, təşkilatın gələcək inkişaf troyektoriyasının müəyyən edilməsində özünəməxsus  “yol xəritəsi” rolunu oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

“XXI ƏSR TÜRK DÜNYASININ İNKİŞAFI ƏSRİ OLMALIDIR”
Prezident İlham Əliyev  Şuşada keçirilən sammit barədə öz fikirlərini bildirib və  əsrimizin türk dünyası üçün tərəqqi əsrinə çevrilməli olduğunu vurğulayıb. “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir ” , deyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada qeyri-rəsmi sammitinin açılış mərasimində bildirib.
Türk Dövlətləri Təşkilatı ölkələrinin birlikdə Ümumi Daxili Məhsulu 1,5 trilyon dolları ötür, əhalisi isə 160 milyon nəfəri keçib və bu say çox dinamik şəkildə artmaqdadır. Nisbətən ucuz və ixtisaslı əmək bazarının mövcudluğu, əlverişli biznes və investisiya mühiti türk ölkələri istehsal klasterlərinin lokallaşdırılması üçün olduqca cəlbedicidir. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan, Türkmənistan və dənizə çıxışı olmayan Özbəkistan və Qırğızıstan Azərbaycan və Türkiyə ilə birlikdə Orta Dəhlizin üç əsas vektoru - Avropa-Qafqaz-Asiya (TRASEKA) çərçivəsində əməkdaşlığı dərinləşdirirlər. Xəzər regionunun liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi də təsadüfi deyil və üzv ölkələrin Çinlə tərəfdaşlıqda səyləri vasitəsilə yükdaşımaların çoxalmasına yönəlib.

“QARABAĞIN TACI ŞUŞA ŞƏHƏRİ HƏMİŞƏ AZƏRBAYCANIN VƏ REGİONUN MƏDƏNİ, İCTİMAİ-SİYASİ HƏYATININ MÜHÜM MƏRKƏZLƏRİNDƏN BİRİ OLMUŞDUR”
Şuşanın beynəlxalq statusundan söz açan ölkə rəhbəri söylədi ki, Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Əlamətdar hadisələrdən söz açan ölkə başçısı qeyd etdi ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.

“QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA “BÖYÜK QAYIDIŞ” PROQRAMI İCRA OLUNUR”
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır.
“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.
Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.
Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm, deyə söyləyib.
Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını vurğulayan Prezident İlham Əliyev  qeyd edib ki,  Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.

“ŞƏRQ-QƏRB NƏQLİYYAT DƏHLİZİNİN GENİŞLƏNDİRİLMƏSİ QARŞIMIZDA DURAN PRİORİTET MƏSƏLƏLƏRDƏN BİRİDİR”
“Azərbaycandan əlavə sərmayələr hesabına Orta Dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb, Ələt beynəlxalq ticarət limanının gücü isə 15 milyon tondan 25 milyon tona qədər genişlənib. Azərbaycan Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olmaqla, türk dövlətlərinə mühüm tranzit xidmətləri göstərir. Yükdaşımaların artımını nəzərə alaraq, hazırda Bakı Gəmiqayırma Zavodunda daha altı gəmi inşa edilir. Gələn il Laçında ölkənin 9-cu beynəlxalq hava limanı istifadəyə veriləcək”, deyə bəyan edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunun üstünlüklərini xüsusilə vurğulayıb. Ölkə rəhbərimizin, dövlətimizin başçısının qeyd etdiklərini onsuz da üzv ölkələrin liderləri, ölkə rəhbərləri çox yaxşı bilirlər və reallıqlar qəbul da edirlər.
Heç şübhəsiz ki, təşkilata üz ölkələrin imkanları və potensialı öz bəhrəsini verməkdədir. Daha dəqiq desək, həmin potensial yeni-yeni imkanlar üçün əvəzsizdir. Faktiki olaraq görünən də odur ki, türk dövlətlərinin ildən-ilə artan nəqliyyat və logistika imkanları üzv ölkələrlə onların Avropadakı tərəfdaşları arasında ticarət əlaqələrinin dinamikasının artmasına öz töhfəsini verməkdədir. Beləliklə, əbəs yerə deyil ki, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri, eləcə də təşkilatla fəal əməkdaşlıq edən Macarıstan qeyri-neft ticarətinin həcmini artırmaq üçün yeni mexanizmlər qurur. Xatırlatma üçün qeyd edək ki, 2023-cü ildə türk ölkələri arasında ticarət dövriyyəsi 42,3 milyard dollar olub və bu, dəyər ifadəsində əvvəlki illə müqayisədə 27,3 faiz artım deməkdir. Eyni zamanda türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi təxminən 1,3 trilyon dollar təşkil edib. Onu da unutmaq lazım deyil ki, üzv ölkələr arasında ümumi ticarət dövriyyəsinin demək olar ki, dörddə biri Azərbaycanın payına düşür və ötən il onun həcmi təxminən 9 milyard dollar təşkil edib.

“ENERJİ SAHƏSİNDƏ STRATEJİ TƏRƏFDAŞLIĞIMIZ, O CÜMLƏDƏN BƏRPAOLUNAN ENERJİ VƏ ENERJİ SƏMƏRƏLİLİYİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIMIZ ÇOX ƏHƏMİYYƏTLİDİR”
Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək” ,  deyə cənab Prezident İlham Əliyev türk dövlətləri arasında uzunmüddətli əməkdaşlığın daha bir mühüm prioritetini qeyd edib.
 Artıq təşkilata üzv ölkələr görürlər ki, həqiqətən də enerji sektorunda strateji tərəfdaşlığımız, olduqca əhəmiyyətlidir. Hər halda üzv ölkələrin rəhbərlərinin əməkdaşlıqda maraqlı olduqları bunu təsdiq edir  ki, həqiqətən də Türk Dövlətləri Təşkilatına üz ölkələrin strateji tərəfdarlığı son dərəcə vacibdir, faydalıdır və məhz bu məqam, Türk dünyasının inkişaf potensialı nikbinlik doğurur.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az