Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli siyasi dialoq və əməkdaşlıq əlaqələrinin, qarşılıqlı etimadın olduğunu vurğulaya bilərik. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. İki ölkə arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılıb. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji səviyyəsinə çıxarılması olub.Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bildirib ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.Dövlətimizin başçısı müzakirələr zamanı ölkələrimizin gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdiklərini söyləyib: “Razılığa gəldik ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək”.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etdiyini deyən dövlətimizin başçısı müzakirə edilən məsələlərdən söz açıb: “Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu”.
Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıda olduqlarını və azərbaycanlı həmkarları ilə danışıqlar apardıqlarını xatırladan Prezident İlham Əliyev vurğulayıb: “ Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Beləliklə, əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”.
Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi olduğunu bilirən Prezident İlham Əliyev birinci dərəcəli vəzifəmizin keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq olduğunu bəyan edib.
Görüşlər zamanı regionumuzda MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə etdildiyini bildirən dövlətimizin başçısı dünya siyasətinin aktual məsələləri üzrə də mübadiləsinin apardıqlarınıda diqqətə çatdırıb: “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla”.
Son 20 ildə Belarus Prezidenti ilə fəal işlədiklərini söyləyən Prezident İlham Əliyev bildirib ki, bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq: “Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.
Aleksandr Qriqoryeviç, bir daha minnətdarlıq hissi ilə demək istəyirəm ki, Sizin səfərinizi dostluq və hörmət əlaməti kimi qəbul edirəm. Ötən illərdə biz bir neçə qarşılıqlı – rəsmi və işgüzar səfərlər etmişik. Amma dövlət səfəri həm forma, həm də məzmun etibarilə həmişə fərqlidir. Sizi salamlamağıma şadam. Sizə və dost, qardaş Belarus xalqına yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun”
Mayın 16-da tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevlə əlaqədar qeyd etdiyi sözlər dost ölkənin rəhbərinin ölkə başçımıza verdiyi dəyərin bariz nümunəsi oldu.
Aleksandr Lukaşenko bildirdi ki, “Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib”. Vurğuladı ki, “Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq”. “Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”, “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”, “Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir”.